Vüsal Əfqan oğlu Hüseynov

12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 
Təhsili 
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat üzrə bakalavr pilləsini bitirmişdir.2002-2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər üzrə magistr təhsili almışdır. 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmiş və hüquqşünas ixtisası almışdır. 2010-cu ildə Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin magistr proqramına qəbul olmuş və 2011-ci ildə dövlət idarəçiliyi üzrə magistr dərəcəsi almışdır. 
Əmək fəaliyyəti 
2005-2010-cu illərdə Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibliyində aparıcı məsləhətçi və böyük məsləhətçi olmuşdur. 2007-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2011-2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin “Miqrasiya və vətəndaşlıq məsələləri” sektorunda məsləhətçi və böyük məsləhətçi vəzifələrində çalışmışdır. 2012-2015-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi olmuşdur. 2015-ci ildə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 91 saylı Ucar seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli Sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurası üzvü təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1051 nömrəli sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 mart 2021-ci il tarixli 2537 nömrəli sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

Beynəlxalq təcrübə 
2012-ci ildən Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 2012-2017-ci illərdə Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşəbbüsünün Azərbaycan üzrə Milli koordinatoru olmuşdur. 2015-ci ildən Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinin üzvüdür. 2015-2018-ci illər arasında Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədr müavini olmuşdur. 2018-ci ildə Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri və insan hüquqları komitəsinin sədr müavini, Hakimlərin seçki komitəsinin üzvü seçilmişdir. 
İngilis və rus dillərini bilir. 
Evlidir, iki övladı var.

Səhifənin son yenilənmə tarixi: 06.12.2020


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti