Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın məlumat sessiyası keçirilib  (20.04.2016)


 

Aprelin 14-də Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın bir illik fəaliyyətinə həsr edilən məlumat sessiyası keçirilib.

Məlumat sessiyasında 2015-ci ilin mayında yaradılmış DMX yanında İctimai Şuranın miqrasiya sahəsinin müxtəlif istiqamətləri üzrə həyata keçilən fəaliyyətlərinə nəzər salınıb, əldə olunmuş nəticələr qeyd olunub və gələcək perspektivlər müzakirə edilib.

Tədbirdə çıxış edən DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov bildirib ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na və “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 2015-ci il iyunun 8-də yaradılmış DMX yanında İctimai Şura təşkilati-struktur (institusional), nəzəri-konseptual və operativ-taktiki müstəvilər üzrə icra olunan vəzifələri əhatə edən strategiya əsasında fəaliyyət göstərir. Təşkilatı-struktur müstəvidə həyata keçirilən fəaliyyətlər İctimai Şuranın reqlamentinin təsdiq olunması, dövlət qurumları, beynəlxalq və yerli ictimai təşkilatlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi, Şuranın işçi orqanlarının yaradılması istiqamətlərini əhatə edir. Müvafiq icra qurumları ilə effektiv əlaqələrin qurulmasına və bu əsasda məlumat mübadiləsinin aparılmasına xüsusi diqqət yetirilir.

Nəzəri-konseptual müstəvidə həyata keçirilən fəaliyyətlər miqrasiya siyasətinin gücləndirilməsi, o cümlədən əcnəbiləri və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının genişləndirilməsi, onların qanuni mənafelərinin qorunması, miqrasiya proseslərinin tənzimlənməsi və miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması və bu səpkidə digər vəzifələri əhatə edir. Xüsusilə qeyd olunub ki, miqrasiya sahəsində həyata keçirilən siyasətin gücləndirilməsi və bu prosesdə ictimai iştirakçılığın geniş şəkildə təmin olunması məqsədilə 2015-ci ilin noyabrında 27 bənddən ibarət təkliflər hazırlanıb və vahid sistemə salınıb. Həmin təkliflər miqrasiya sahəsində həyata keçirilən strategiyanın inkişaf etdirilməsi, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycanda qaçqın və sığınacaq axtaran şəxslərin statusunun hüquqi çərçivələri və gələn miqrantların qeydiyyat prosedurları ilə bağlı yeni elementlərin müəyyənləşdirilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq imkanlarının artırılması və İctimai Şuranın fəaliyyətinin təkmil şəkildə qurulması istiqamətlərini əhatə edib. 27 təklifdən 22-si nəzərə alınıb və qəbul olunub. Digər 5 təklif üzrə vəzifələrin icrası ilə bağlı hazırlıq işləri gedir.

Operativ-taktiki müstəvidə həyata keçirilən fəaliyyətlər bilavasitə miqrantlarla bağlı olan vəzifələri əhatə edir və əsasən onların problemlərinin həllinə yönəlib. 94 qaçqın və sığınacaq axtaran şəxsə DMX yanında İctimai Şuranın xətti ilə Azərbaycan dili kursları təşkil edilib, 300 qaçqın ailəsinə humanitar və 68 qaçqına tibbi yardımlar göstərilib. Bununla yanaşı, 200-ə yaxın miqranta miqrasiyanın müxtəlif aspektlərinə (o cümlədən, vətəndaşlıq, müvəqqəti qeydiyyat, viza təminatı və digər məsələlərə) aid edilən mövzularla bağlı məlumat verilib və həmin kateqoriyadan olan insanların DMX-yə yönləndirilməsi ilə bağlı zəruri addımlar atılıb. DMX yanında İctimai Şura ictimaiyyətlə əlaqələr məsələsinə xüsusi diqqət yetirir. Şuranın xətti ilə 2 məlumat sessiyası və ictimai nəzarətlə bağlı 1 “dəyirmi masa” təşkil olunub, Şura üzvlərinə istinadən 100-ə yaxın qəzetdə material çap olunub, facebook-da DMX yanından İctimai Şuranın rəsmi səhifəsi açılıb.

DMX yanında İctimai Şuranın katibi Məmməd Kətanov, həmçinin tədbirdə müşahidəçi statusu ilə iştirak edən BMTQAK-ın hüquq departamentinin nümayəndəsi Sənan Hacıyev və digər qonaqlar məlumat sessiyasında qaldırılan məsələlərə münasibət bildirib və təkliflərini irəli sürüblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur