Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının üzvləri ilə görüş keçirilib (06.06.2024)
Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının üzvləri ilə mövcud tərkibdə sonuncu görüş keçirilib.
Görüş iştirakçıları əvvəlcə Miqrant Şurasının sabiq sədri Gökhan Çobanın vaxtsız ölümündən kədərləndiklərini, ailəsinə və yaxınlarına bir daha dərin hüznlə baş sağlığı verdiklərini bildiriblər.
Sonra şuranın yaradılmasının ölkəmizdə yaşayan miqrantların cəmiyyətimizə tam sosial inteqrasiyasının təmin edilməsi, miqrantlarla əməkdaşlığın gücləndirilməsi və miqrasiya ilə bağlı məsələlərin bütün aspektlərinin həllində ümumcəmiyyət yanaşmasının tamamlanmasında əhəmiyyətli olduğu qeyd edilib.
Tədbirdə həmçinin miqrasiya qanunvericiliyi, miqrasiya prosedurlarının həyata keçirilməsi və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Miqrant Şurasının yaradılmasında məqsəd ölkəmizdə yaşayan miqrantların Azərbaycan Respublikasının miqrasiya idarəçiliyinə daha aktiv cəlb edilməsi, onların hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, habelə miqrasiya sahəsində qəbul edilmiş qərarların əcnəbilərin gündəlik həyatına təsirinin qiymətləndirilməsidir.