Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının ilk iclası keçirilib (15.03.2022)


Ölkəmizdə yaşayan miqrantların Azərbaycan Respublikasının miqrasiya idarəçiliyinə daha aktiv cəlb edilməsi, onların hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, habelə miqrasiya sahəsində qəbul edilmiş qərarların əcnəbilərin gündəlik həyatına təsirinin qiymətləndirilməsi məqsədilə fəaliyyətə başlayan Dövlət Miqrasiya Xidməti (DMX) yanında 8 nəfər üzvdən ibarət Miqrant Şurasının ilk iclası keçirilib.

İclası giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Miqrant Şurasına seçilmiş üzvləri təbrik edərək bu platformanın ölkəmizdə yaşayan miqrantların cəmiyyətimizə tam sosial inteqrasiyasının təmin edilməsinə öz layiqli töhfəsini verəcəyinə inamını ifadə edib.

Xidmət rəisi bildirib ki, Miqrant Şurasının yaradılması miqrantlarla əməkdaşlığın gücləndirilməsi və miqrasiya ilə bağlı məsələlərin bütün aspektlərinin həllində ümumcəmiyyət yanaşmasının tamamlanmasına böyük töhfə verəcək.

Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının üzvləri səmimi qəbula görə məmnunluqlarını ifadə ediblər. Şura üzvləri ilə gələcək perspektivlər müzakirə olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur