AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təklifləri  Xidmət rəhbərliyinin iştirakı ilə müzakirə olunub  

Görüşdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev DMX yanında İctimai Şuranın fəaliyyətinə verilən önəmə diqqət çəkib. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi ictimai nəzarətin xidmətin keyfiyyətinin artırılmasında mühüm roluna toxunub.

Xidmət rəisi 2007-ci ildə dünyada miqrasiya məsələsinin indiki qədər mürəkkəbləşmədiyi vaxtda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə miqrasiya siyasətinin həyata keçirilməsinin, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsinin təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətini yaratmasının əhəmiyyətindən danışıb. Miqrasiya sahəsində təkmil qanunvericiliyin formalaşdırıldığını, Miqrasiya Məcəlləsinin qəbulunu, lakin cəmiyyətin inkişafına uyğun olaraq normativ hüquqi aktların hər zaman təkmilləşdirilməsi zərurətinin olduğunu və bu baxımdan vətəndaş cəmiyyəti institutlarından təşkil olunmuş İctimai Şuranın yeni-yeni təkliflərlə çıxış etməsinin vacibliyini konkret faktlarla əsaslandırıb.

Xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində, vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülmüş işlər barədə geniş söhbət açılan görüşdə, aparılan maarifləndirmə tədbirlərinin, xüsusən regionlarda keçirilmiş  “Açıq qapı günü” - vətəndaş forumlarının cəmiyyətdə rəğbətlə qarşılandığı bildirilib.

Görüşdə həmçinin, müxtəlif siyasi dairələrin kəsişən maraqlarının nəticəsində Yaxın Şərqdə baş verən proseslərin nəticəsində qaçqın axını və insan hüquqlarından gen-bol dəm vuran Avropanın miqrantlara qarşı qeyri-insani rəftarı və miqrant problemi qarşısında acizliyi fonunda miqrasiya sahəsində idarəetmənin mütərəqqi Azərbaycan modelindən bəhs olunub.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov şuranın təklifləri barədə məlumat verib.

Sonra Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura tərəfindən respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının genişləndirilməsi, onların qanuni mənafelərinin daha mükəmməl qorunması, miqrasiya proseslərinin tənzimlənməsi və miqrasiya proseslərinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış təkliflər  geniş müzakirə olunub. Miqrasiya sahəsində həyata keçirilən strategiyaya, mövcud qanunvericiliyin təkmilləşdirilməsinə, qaçqın və sığınacaq axtaran şəxslərin statusuna, ölkəyə gələn miqrantların qeydiyyat qaydalarına, miqrasiya sahəsində əməkdaşlıq imkanlarının artırılmasına, İctimai Şuranın fəaliyyətinin təkmil şəkildə qurulmasına dair 6 bölmədən və 27 bənddən ibarət təklifin Xidmətin müvafiq struktur bölmələri tərəfindən ümumiləşdirilərək normativ hüquqi aktlarda əksini tapmasının təmin edilməsi qərara alınıb.

Regional miqrasiya idarələri