AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində 20 Yanvar hadisələrinin 23-cü ildönümü ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir

19 yanvar 2013-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 20 Yanvar hadisələrinin 23-cü ildönümü ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.

 

Öncə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr edilmiş sərgi ilə tanış olmuşlar.

Daha sonra tədbir Xidmətin akt zalında davam etdirilmişdir. Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlanan anma mərasimində qeyd edilmişdir ki, 1990-cı ilin 20 Yanvarı xalqımızın tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş və yaddaşlarda tariximizin ən faciəli hadisələrindən biri kimi qalmışdır.

Vurğulanmışdır ki, xalqımızın milli azadlıq hərəkatını yerindəcə boğmaq üçün bəhanə axtaran keçmiş SSRİ-nin mərkəzi hakimiyyəti Azərbaycandakı hadisələrə nəzarəti itirmək təhlükəsi ilə heç cür barışmaq istəmirdi. Xalq hərəkatını boğmaq məqsədi ilə 1990-cı ilin yanvar ayının əvvəllərində ölkəmizdə müxtəif qoşun hissələri, cəza dəstələri yerləşdirildi və yanvarın 19-dan 20-nə keçən gecə torpaqlarımız şəhid qanına bələndi. O gün, yeni tariximizin kədərli, eyni zamanda qəhrəmanlıq səhifəsini təşkil etməklə bərabər, milli azadlıq mübarizəmizdə dönüş nöqtəsinə çevrildi. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət olunmuşdur. Bu ssenari respublikanın digər rayonlarında da təkrarlandı. Ölkəmizin ərazisinə qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdir.

Daha sonra qeyd edilmişdir, ki dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyev ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransında hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadim olmuşdur. Heydər Əliyev çıxışında kommunist rejiminin gerçək simasını açmış, xalqın suveren hüquqlarına qəsd olunduğunu bildirmiş, törədilən vəhşiliklərə və Sovet rəhbərliyinin siyasətinə öz qəti etirazını ifadə etmişdir. Bununla da Ulu Öndər öz cəsarəti və yenilməzliyi ilə bir daha doğma Azərbaycana sədaqətini göstərmişdir. Və yalnız Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli iclasında 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr müzakirə edilmiş və bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.

Çıxış edənlər bildirmişdilər ki, bu gün Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən qenişmiqyaslı quruculuq siyasəti uğrunda şəhidlərin qanı tökülmüş ölkəmizin azadlığını və müstəgilliyini əbədi, dönməz və sarsılmaz etmişdir. Dövlətimiz günü-gündən bütün sferalarda qüdrətlənir, Cənubi Qafqazda hərbi-siyasi-iqtisadi güc mərkəzinə çevirilir. Regionda qlobal əhəmiyyətli layihələrin reallaşması yalnız Azərbaycanın iştirakı və dəstəyi ilə mümkün olur. Möhtərəm prezidentimizin həmişə qürurla qeyd etdiyi kimi Azərbaycan söz sahibinə çevirilir, onunla hesablaşırlar.

Bildirilmişdir ki, Dövlət Miqrasiya Xidməti bundan sonra da ölkəmizin milli təhlükəsizliyinin qorunmasına öz layiqli tövhəsini verməklə qəhrəman şəhidlərimizin vətənpərvərlik ideyalarına daim sadiq olacağını nümayiş etdirəcək.

Mərasimin sonunda 1990-cı ilin 20 Yanvar hadisələrinə həsr edilmiş “Qanlı Bakı” adlı sənədli film nümayiş etdirilmişdir.

Regional miqrasiya idarələri
Elanlar