AZ EN RU
logo Aliyev
BMT QAK-ın Azərbaycan Respublikasındakı nümayəndəsi Daq Siqurdson Dövlət Miqrasiya Xidmətində olmuşdur

 

16 yanvar 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı nümayəndəsi Daq Siqurdsonu və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimi salamlayan Firudin Nəbiyev rəhbəri olduğu qurumla nümayəndəlik arasında qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu bildirmiş, cari ildə tətbiqi nəzərdə tutulan Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” adlı layihənin əhəmiyyətindən söhbət açmışdır. Bir sıra qabaqcıl Avropa ölkələrinin bu sahədə təcrübəsinin öyrənilməsinin Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün faydalı olacağını qeyd edən F.Nəbiyev layihənin icrası istiqamətində qarşıya qoyulan öhdəliklərin layiqincə yerinə yetirilməsi üçün birgə əməkdaşlıq şəraitində işləyəcəklərinə əminliyini bildirmişdir. Xidmət rəisi həmçinin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 1-5 oktyabr 2012-ci il tarixlərdə Cenevrədə keçirilən 63-cü sessiyası zamanı BMT-nin qaçqınlar üzrə Ali komissarı Antonio Quterreşlə keçirilən görüşü xatırlatmış və Azərbaycan Respublikasının nümayəndə heyətinə göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.

Səmimi qəbula və ikitərəfli əməkdaşlığa, o cümlədən yuxarıda adıçəkilən  layihənin tətbiqi istiqamətində verdiyi dəstəyə görə Xidmət rəisi Firudin Nəbiyevə təşəkkürünü bildirən BMT QAK-ın Azərbaycan Respublikasındakı nümayəndəsi Daq Siqurdson respublikamızda həyata keçirilən islahatlardan və müsbət nəticələrdən məmnunluğunu bildirmişdir. Hazırda bir sıra dünya ölkələrində qaçqınlarla bağlı mövcud durumdan narahatlığını bildirən qonaq, eyni zamanda, Prezident cənab İlham Əliyevin ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğını dilə gətirmiş, yeni 2013-cü il ərəfəsində bu qəbildən olan bir çox insanın  dövlət tərəfindən mənzillə təmin edilməsini yüksək qiymətləndirmişdir. Daq Siqurdson daha sonra qarşılıqlı əməkdaşlıq şəraitində birgə uğurlara nail olunacağına əminliyini ifadə etmişdir.

Görüşün sonunda ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

 

Regional miqrasiya idarələri
Elanlar