AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir

26 Dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın bütün sahələrində əldə olunmuş yüksək nailiyyətlər, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, tikinti-quruculuq, abadlıq işlərinin geniş vüsət alması əcnəbilərin ölkəmizə marağını gücləndirmiş, xarici miqrasiya proseslərini intensivləşdirmişdir. Dünya iqtisadiyyatında qloballaşma proseslərinin sürətlənməsi Azərbaycan Respublikasından da yan keçməmişdir. Bu məqsədlə ölkə Prezidenti cənab İlham Əliyev miqrasiya proseslərinin idarə edilməsi sahəsində nəzarətin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrasiya proseslərinin təhlili, tənzimlənməsi və bu sahədə ciddi nəzarət mexanizminin yaradılması istiqamətində Dövlət Miqrasiya Xidmətinin qarşısında mühüm tapşırıqlar qoymuşdur.

Hesabat dövrü ərzində Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının milli təhlükəsizliyini və milli maraqlarını qorumaqla miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrantların öz hüquqlarını həyata keçirmələri üçün şəraitin yaradılması məqsədilə bu sahədə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələri icra etmiş və illik fəaliyyətində “2012-ci il üzrə Perspektiv iş Planı”nda nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq səmərəli və məqsədyönlü fəaliyyət istiqamətini əsas götürmüşdür. Miqrasiya sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, bu sahədə vahid qanunvericilik bazasının formalaşdırılması məqsədilə beynəlxalq təcrübə, o cümlədən Avropa İttifaqı qanunvericiliyi  nəzərə alınmaqla Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış “Miqrasiya Məcəlləsi”nin yekun layihəsi Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim edilmişdir.

Cari il ərzində Azərbaycan Respublikasının milli təhlükəsizliyini və maraqlarını, həmçinin sosial-iqtisadi inkişafını qorumaqla miqrasiya proseslərinin günün tələbləri səviyyəsində tənzimlənməsi, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, əmək ehtiyatlarından səmərəli istifadə olunması, miqrantların mövcud sosial-iqtisadi vəziyyətə uyğunlaşmasını sürətləndirən şəraitin yaradılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanları ilə qarşılıqlı əlaqələrin yaradılması, ölkə daxilində miqrasiya qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılması, beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin genişləndirilməsi və xarici ölkələrin müvafiq qurumları ilə təcrübə mübadiləsinin aparılması, kadr hazırlığı siyasətinin təkmilləşdirilməsi, aparatın, regional idarələrin yeni heyətlə komplektləşdirilməsi və əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, Xidmətin infrastruktrunun inkişaf etdirilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi, Regional Miqrasiya İdarələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi və Şimal-Qərb zonasında regional idarələrin təşkili istiqamətində  bir sıra tədbirlər həyata keçirilmişdir.

Hesabat dövrü ərzində miqrasiya sahəsində ölkə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə işlərin gücləndirildiyini, 30 yeni hüquqi aktın qəbul olunduğunu nəzərə çatdıran Xidmət rəisi F.Nəbiyev “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında”, Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurum kimi fəaliyyət göstərməsi barədə, miqrasiya orqanlarının işçilərinə bu orqanlarda fasiləsiz qulluq illərinə görə Azərbaycan Respublikası daxili işlər orqanlarının polis əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğinə bərabər əlavə haqq ödənilməsi barədə, Xidmətdə daxili nəzarəti həyata keçirmək məqsədilə Təşkilat-Nəzarət Baş İdarəsinin, o cümlədən, əvvəllər digər struktur bölmələrin tərkibində fəaliyyət göstərən bəzi idarələrin fəaliyyətini genişləndirmək məqsədilə Vətəndaşlıq Məsələləri və İctimaiyyətlə Əlaqələr İdarəsinin müstəqil struktur bölmə kimi yaradılması barədə, miqrasiya orqanlarında ali, böyük və orta xüsusi rütbələr, nəzərdə tutulan vəzifələr və xüsusi rütbələrlə yanaşı, kiçik xüsusi rütbələr və vəzifələrin  müəyyən olunması barədə, “Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə, miqrasiya orqanları işçilərinin xüsusi xidmətlərinə görə təltif edilməsi üçün “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi barədə imzalanmış Fərman və Sərəncamların, qəbul edilmiş Qanunların əhəmiyyətindən danışmışdır. 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci ili müsbət nəti-cələrlə başa vurduğunu qeyd edən Xidmət rəisi F.Nəbiyev bildirmişdir ki, cari il ərzində qanunsuz miqrasiyaya qarşı kompleks yoxlamalar çərçivəsində zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, keçirilən tədbirlər nəticəsində miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 17.671 əcnəbi və ya vətəndaşlığı olmayan şəxs aşkar edilmişdir ki, onlardan 3.246 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 12.476 nəfər barəsində 48 saat ərzində ölkəni tərk etmə, 1.623 nəfər əcnəbinin inzibati qaydada ölkə ərazisindən məcburi çıxarılması, 235 nəfərin üzərindən məhdudiyyətin götürülməsi, 91 nəfər şəxs barəsində isə vəsiqə itirilməsi  ilə bağlı qərarlar qəbul olunmuşdur. Yoxlamalar aparılmış 583 sahibkarlıq subyektindən 297-nin fəaliyyətində inzibati hüquq pozuntusu aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür. 

Xidmət rəisi nəzərə çatdırmışdır ki, ölkə ərazisində qanunsuz miqrantların müəyyən edilməsi, onlar tərəfindən qanunvericiliyə riayət olunması məqsədi ilə Xidmətin nəzdində Monitorinq qrupu yaradılmış və ölkə ərazisinə giriş-çıxışa nəzarət mexanizmi tam təmin edilmişdir. Belə ki, 108.751 nəfər əcnəbi barədə məlumatlar  təhlil edilmiş, onlardan 15.344 nəfər əcnəbinin ölkə ərazisində qeyri-qanuni olması müəyyən edilmişdir. Hazırda bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Dövlət Miqrasiya Xidməti üçün “ASAN xidmət” mərkəzlərində müəyyən edilmiş işlər üzrə zəruri tədbirlər həyata keçirilmiş, işçilər ayrılmışdır.

2012-ci il ərzində Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti daha da genişləndirilmiş, iki və çoxtərəfli münasibətlər inkişaf etdirilmiş, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində bir sıra əhəmiyyətli addımlar atılmışdır. Amerika Birləşmiş Ştatları, Niderland Krallığı, Rusiya Federasiyası, Türkiyə, Almaniya, Rumıniya, Pakistan, İtaliya, İndoneziya, Koreya, Özbəkistan və Latviya Respublikalarının nümayəndələri ilə bir sıra görüşlər keçirilmiş, qarşılıqlı səfərlər təşkil olunmuşdur. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq inkişaf etdirilmişdir.

Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul məsələlərində şəffaflığa diqqət artırılmış, Dövlət Miqrasiya Xidmətinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə təşkil etdiyi test imtahanlarından uğurla keçmiş namizədlər də daxil olmaqla 157 şəxs müvafiq vəzifələrə təyin edilmişdir. Miqrasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, miqrasiya proseslərinin idarəolunması və kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, əməkdaşların professional inkişafı, nəzəri və praktiki baxımdan bilik və bacarıqlarının artırılması, həmçinin Xidmətə yeni işə qəbul olunmuş işçilərin peşə hazırlığının təmin edilməsi məqsədilə 2012-ci il ərzində Xidmətin rəhbər vəzifəli şəxsləri tərəfindən seminarlar keçirilmiş, təlim-tədris kursları təşkil edilmişdir.

İctimaiyyətin miqrasiya sahəsində məlumatlandırılması məqsədi ilə ölkədə bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, miqrasiya sahəsində qanunvericiliyin tələbləri ilə bağlı respublikanın 9 regionunda maarifləndirmə tədbirləri həyata keçirilmiş, sərhəd-buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində məlumatlandırma lövhələri təşkil edilmiş, mətbuat üçün açıqlamalar hazırlanmış, filmlər və video-çarxlar istehsal edilmişdir.

F.Nəbiyev məruzənin sonunda vurğulamışdır ki, hazırda miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin dövlət tərəfindən tənzimlənməsinin səmərəliliyinin artırılması, effektiv fəaliyyət göstərən vahid miqrasiya nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 2013-cü ildə də qarşıya qoyulmuş vəzifə və tapşırıqları dəqiq, qərəzsiz, peşəkarlıqla və vaxtında icra etməklə dövlətimizin təhlükəsizliyinə, daxili əmək bazarının qorunmasına və iqtisadiyyatının inkişafına töhfə vermək əzmindədir.

Hesabat yığıncağının sonunda xidməti fəaliyyətdə fərqlənən bir sıra əməkdaşlara Fəxri Fərman və mükafatlar təqdim olunmuşdur.

Regional miqrasiya idarələri
Elanlar