AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində Gürcüstan vətəndaşları olan azərbaycanlı nümayəndə heyəti qəbul edilmişdir

28 noyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Gürcüstan vətəndaşlarının on nəfər ziyalıdan ibarət nümayəndə heyətini qəbul etmişdir.

Görüş zamanı ziyalılar Gürcüstan vətəndaşlarının Azərbaycan Respublikası ərazisində qarşılaşdıqları problemlər barədə məlumat vermiş  və qanunvericilik çərçivəsində onlara müəyyən güzəştlərin edilməsini xahiş etmişlər. 

Nümayəndələr diqqətlə dinlənildikdən sonra Xidmətin rəhbər heyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ölkədə olma və yaşama qaydalarının tələblərini nümayəndələrin nəzərinə çatdıraraq qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının  1996-cı il 4 aprel tarixli 55-IQ nömrəli Qanununun 6-cı maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış yerinə gəldiyi vaxtdan 3 iş günü ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yerli qurumlarına müraciət edərək öz pasportunu, giriş icazəsini, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi və ya yaşayış sahəsi verən vətəndaşın ərizəsini təqdim etməlidirlər. Yaşayış yeri üzrə qeydiyyata alınan əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə qeydiyyata alınma haqqında vəsiqə verilir.

Həmçinin nəzərə çatdırılmışdır ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının 1994-cü il 14 iyun tarixli 813 nömrəli Qanununun 12-ci maddəsinin beşinci hissəsinə əsasən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti 90 gündən artıq ola bilməz. Bu müddət bitdikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara Azərbaycan Respublikasında müvəqqəti yaşamağa icazə verilməmişdirsə və ya belə icazə verilməsi üçün onlardan ərizə qəbul edilməmişdirsə, onlar, Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Əks halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasında olma və yaşama qaydalarını pozan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilirlər.

Görüşdə ziyalıları maraqlandıran digər məsələlərə də aydınlıq gətirilmişdir.

Sonda  Gürcüstan vətəndaşları olan azərbaycanlılar tərəfindən hazırlanmış müraciət Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təqdim edilmiş və səmimi qəbula görə minnətdarlıq ifadə olunmuşdur.

Regional miqrasiya idarələri