AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının on ikinci iclasında iştirak etmişdir

10-12 oktyabr tarixlərində Qırğız Respublikasının Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının on ikinci iclası keçirilmişdir.

Rusiya Federasiyasının, həmçinin Belarus, Qazaxıstan, Tacikistan və Qırğız Respublikalarının nümayəndələrinin iştirak etdiyi iclasda Azərbaycan Respublikasını Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

İclasda çıxış edən Pərviz Musayev Azərbaycanda miqrasiya sahəsində mövcud vəziyyətdən, cari ilin 8 ayını əhatə edən nəticələrdən danışmışdır. Bildirmişdir ki,  2012-ci ilin 8 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, həmçinin daimi qeydiyyat vəsiqələrinin dəyişdirilməsi, əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazələrin verilməsi, mövcud fərdi icazələrin müddətinin uzadılması, vətəndaşlıq və qaçqın statusunun müəyyənləşdirilməsi məsələləri ilə bağlı 38.189 müraciət daxil olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, yaşama qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilmişdir. 2012-ci ilin səkkiz ayı ərzində keçirilmiş tədbirlər nəticəsində 11.376 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunmuş, onlardan əsas olduğu üçün 2.322 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 8.017 nəfər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müddəalarında nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 1.037 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilmişdir.

Xidmət rəisinin müavini iclas iştirakçılarının nəzərinə çatdırmışdır ki, miqrasiya sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan işlər gücləndirilmiş, bir sıra mövcud qanunvericilik aktları yeni qəbul edilmiş qanunvericilik aktlarına uyğunlaşdırılmışdır.

Ölkə hüdudlarında miqrasiya proseslərinə tam nəzarət olunması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yerlərdə müraciətlərinə baxılmasının asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mövcud Bakı, Şirvan, Yevlax, Lənkəran, Xaçmaz regional idarələrinin sırasına Ağsu və Şəki şəhərlərində regional bölmələr də əlavə olunmuşdur. 2012-ci ilin may ayının 1-dən Bakı şəhərində ölkə ərazisində qanunsuz olan və yaşayan, həmçinin qaçqın statusu almaq niyyətində olan şəxslərin hüquqi statusları müəyyənləşənədək qalmaları üçün beynəlxalq standartlara uyğun tikilmiş Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzi istifadəyə verilmişdir. Hazırda daha bir neçə regional idarənin və qanunsuz miqrantların saxlanılması mərkəzinin inşası başa çatdırılmaqdadır. Ölkə ərazisində miqrasiya sahəsində dövlət nəzarətinin, həmçinin  qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini gücləndirilməsi, miqrasiya proseslərinin idarəedilməsi və tənzimlənməsi və bu istiqamətdə aparılan işlərin effektivliyinin artırılması məqsədilə Xidmət rəisinin əmri ilə Monitorinq Qrupu yaradılmışdır.

Xidmət əməkdaşlarının bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin yüksəldilməsi məqsədilə Xidmətin təlim-tədris mərkəzində mütamadi olaraq təlimlər keçirilmiş, ictimaiyyətin maarifləndirilməsi məqsədilə ölkənin bütün regionlarında maarifləndirici tədbirlər təşkil olunmuşdur. Həmçinin beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Xidmət tərəfindən Avropa İttifaqının Tvinning və TAİEX, həmçinin Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin MİEUX proqramları çərçivəsində müvafiq layihələr üzrə işlər davam etdirilməkdədir.

İclas çərçivəsində “MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasında Avrasiya İqtisadi Komissiyasına müşahidəçi statusunun verilməsi haqqında”, “MDB iştirakçı dövlətlərdə miqrasiyanın vəziyyəti haqqında”, “MDB iştirakçı dövlətlərin Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının, Xarici İşlər Nazirləri Şurasının və Miqrasiya Orqanları Rəhbərləri Şurasının miqrasiya sahəsinə dair qərarlarının həyata keçirilməsinin gedişatı haqqında”, “MDB iştirakçı dövlətlərin 2012-2014-cü illər üçün qanunsuz miqrasiyanın qarşısının alınması üzrə əməkdaşlıq Proqramının həyata keçirilməsinin gedişatı haqqında”, “2025-ci ilə qədər Rusiya Federasiyasının dövlət miqrasiya siyasəti Konsepsiyası haqqında”, “MDB iştirakçı dövlətlərin əhalisində əməkçi miqrantlara münasibətdə tolerant münasibətin formalaşdırılması məqsədilə MDB iştirakçı dövlətlərin miqrasiya orqanlarının KİV-lə  qarşılıqlı əlaqəsi haqqında” Qərarlar qəbul edilmişdir.

Azərbaycan tərəfi “MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasında Avrasiya İqtisadi Komissiyasına müşahidəçi statusunun verilməsi haqqında” Qərar  istisna olmaqla digər Qərarlara qoşulmuşdur.

Sonda MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının növbəti 13-cü iclasının 2013-ci ilin birinci yarısında Belarus Respublikasında keçirilməsi qərara alınmışdır.

Regional miqrasiya idarələri
Elanlar