AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşmüşdür

Görüşdə ölkələr arasında əmək miqrasiyası sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir

12 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev  ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelik  və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xidmət rəisi Firudin Nəbiyev qonaqları səmimi salamlayaraq qardaş ölkələr arasında əlaqələrin bütün istiqamətlərdə yüksək səviyyədə olduğunu, eyni zamanda miqrasiya sahəsində əməkdaşlığın da uğurla davam və inkişaf etdirildiyini söyləmişdir. Xidmət rəisi son illər respublikamızda miqrasiya sahəsində həyata keçirilən islahatlar barədə məlumat vermiş, əldə edilən müsbət nəticələrdən danışmışdır. Firudin Nəbiyev həmçinin bu səfərin əmək miqrasiyası sahəsində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini vurğulamışdır.

Azərbaycanın sürətli iqtisadi inkişafına və hər bir uğuruna sevindiklərini dilə gətirən nazir Faruk Çelik iki ölkə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə söykəndiyini, mövcud əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün ölkəsi tərəfindən bütün səylərin göstəriləcəyini diqqətə çatdırmışdır.

Görüşdə ölkələrimiz arasında əmək miqrasiyası sahəsində əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.

 

 

Regional miqrasiya idarələri
Elanlar