AZ EN RU
logo Aliyev
“Cənubi Qafqaz Ölkələrində İnteqrasiya Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” (SCİBM) layihəsinin ekspertləri Dövlət Miqrasiya Xidmətində olmuşlar

13 iyun 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev  “Cənubi Qafqaz Ölkələrində İnteqrasiya Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsinin Almaniya, Fransa, Latviya, Sloveniyadan olan, həmçinin Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ekspertlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.

 

Görüş zamanı Xidmət rəisi Firudin Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə məlumat vermiş, hazırda miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirildiyini nəzərə çatdırmışdır. 

 

MSİBM-in sərhəd idarəçiliyi üzrə proqram rəhbəri Borut Erzen bildirmişdir ki, proqramın əsas məqsədi  sərhədlərin idarə olunması sahəsində qurumlararası əməkdaşlığı inkişaf etdirmək, qonşu sərhəd ölkələri,  habelə Avropa İttifaqı ölkələri və müvafiq beynəlxalq təşkilatlarla ikitərəfli və regional əməkdaşlıq səviyyəsini artırmaq, Azərbaycanın Gürcüstan ilə pilot layihələrini həyata keçirmək, sərhəd təhlükəsizliyini təmin etmək, milli qanunvericiliyi təkmilləşdirmək, sərhədlərin təhlükəsizliyini qorumaqla insan və məhsulların (əmtəələrin) sərhədlərdən keçidini asanlaşdırmaqdır.

 

Xidmət rəisi F.Nəbiyev dövlətin təhlükəsizliyinin sərhədlərdən başlandığını, son illər Azərbaycanda güclü iqtisadi inkişaf nəticəsində ölkəyə əcnəbi axınının artmasının müşahidə olunduğunu bildirmişdir. Bu səbəbdən də sərhəd idarəçiliyi sisteminin təkmilləşdirilməsi, operativ sərhəd idarəçiliyinin yaradılmasının vacibliyini vurğulayan F.Nəbiyev Xidmət əməkdaşlarının bu layihə çərçivəsində keçirilən təlimlərdə yaxından iştirak etməklə beynəlxalq təcrübəyə yiyələnmələrini müsbət dəyərləndirmişdir.

 

Borut Erzen layihənin gerçəkləşdirildiyi son 3 il ərzində Azərbaycanda müsbət dəyişikliklərin olduğunu, sərhəd-keçid məntəqələrində operativliyin təmin edildiyini qeyd etmişdir.

 

Sonda ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunmuş, ekspertləri maraqlandıran suallar cavablandırılmışdır.

 

Görüşdə “Cənubi Qafqaz Ölkələrində İnteqrasiya Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsinin Azərbaycan üzrə koordinatoru Məzahir Əfəndiyev də iştirak etmişdir.

 

Regional miqrasiya idarələri
Elanlar