AZ EN RU
logo Aliyev
Ulu öndər Heydər Əliyevin 89-cu ildönümü ilə bağlı Dövlət Miqrasiya Xidmətində silsilə tədbirlərə start verilmişdir

Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində silsilə tədbirlərin həyata keçirilməsinə  start verilmişdir.

8 May 2012-ci il tarixdə Xidmətin inzibati binasında keçirilən tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev, XX əsr Azərbaycan tarixinin parlaq siması, qüdrətli şəxsiyyəti olan Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərindən, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolundan danışmışdır. Qeyd etmişdir ki, dahi şəxsiyyətin ölkəyə rəhbərlik etdiyi bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. 1960-cı illərin sonlarında Azərbaycanın iqtisadi və mədəni tənəzzül dövrünü yaşadığını xatırladan Xidmət rəisinin müavini o zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyətin həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqi dövrünün başlandığını vurğulamışdır.

P.Musayev həmçinin Ümummilli liderin  siyasi bacarığı gücünə ikinci dəfə hakimiyyətə gələndə də ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etməsindən və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmasından danışmışdır. Bildirilmişdir ki, bütün bu illər ərzində əsl rəhbər kimi məhz Ulu öndər Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Ümummilli liderin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır.

Tədbirdə məhz Ulu öndər Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycan Respublikasının beynəlxalq aləmdən təcrid olunması təhlükəsinin artıq arxada qalmasından, respublikanın bütün sahələrində həyata keçirilən uğurlu islahatlardan və sosial-iqtisadi inkişafdan bəhs edilmişdir.

Vurğulanmışdır ki, bu gün bütün Azərbaycan xalqı çox xoşbəxtdir ki, Ümummilli liderimiz, türk dünyasının Ulu öndəri Heydər Əliyev məktəbinin, idarəçiliyinin mükəmməl bilicisi, Ulu öndərin apardığı uğurlu daxili və xarici siyasətin layiqli davamçısı Prezident cənab İlham Əliyev Azərbaycan xalqının işıqlı gələcəyinin yeganə təminatçısına çevrilmişdir. Bu gün dövlət başçımızın məqsədyönlü, uğurlu daxili və xarici siyasətinin nəticəsidir ki, ölkəmizin iqtisadiyyatı getdikcə güclənir, sosial rifah halı yüksəlir, dünyada kifayət qədər tanınır.

Tədbir Ulu öndər Heydər Əliyevə həsr edilmiş sənədli filmə baxışla davam etdirilmişdir.

Regional miqrasiya idarələri
Elanlar