AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev TÜSİAB-ın İdarə heyətinin  rəsmilərini qəbul etmişdir

19 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan-Türk Sənayeçi və İş Adamları Beynəlxalq Birliyinin (TÜSİAB) İdarə heyətinin sədri Murat Bakırın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüş zamanı Xidmət rəisi Firudin Nəbiyev hazırda miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirildiyini, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, o cümlədən türk vətəndaşlarına ölkə ərazisində qanuni əsaslara yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verildiyini vurğulamışdır.

TÜSİAB İdarə heyətinin sədri Murat Bakır Xidmət rəisini yeni təyinatı ilə bağlı təbrik edərək, 18 ildən artıq Azərbaycanda fəaliyyət göstərən və 300 şirkətə yaxın üzvü olan Birlik barədə məlumat vermiş, Azərbaycan hökuməti tərəfindən hər zaman qayğıyla əhatə olunduqlarını söyləmişdir. O, eyni zamanda Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafına dəstək olmaqla yanaşı iki qardaş ölkə arasında iqtisadi körpü vəzifəsini də məsuliyyətli bir şəkildə davam etdirdiklərini bildirmişdir.

Görüşdə TÜSİAB-ın İdarə heyəti sədrinin müavini M.İhsan Ongun və TÜSİAB-ın baş katibi Yasin Göral da iştirak etmişlər.

Regional miqrasiya idarələri
Elanlar