AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilmişdir

1 may 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev irsi və onun tədqiqi” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə Mərkəzi Elmi Kitabxana tərəfindən kitab sərgisi keçirilmişdir. 

 

Sərginin açılışında çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev görkəmli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti, Ulu öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən danışmışdır. F.Nəbiyev bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev hələ keçmiş SSRİ dövründə Azərbaycana rəhbərliyi zamanı milli-mənəvi dəyərlərimizin dirçəlişi, mədəniyyətin, elmin, təhsilin inkişafı istiqamətində önəmli addımlar atmışdır. Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Xidmət rəisi qeyd etmişdir ki, hər bir azərbaycanlı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, bənzərsizliyini, qüdrətini və müdrikliyini, xalqımız və dövlətimiz üçün gördüyü misilsiz işlərin əzəmətini dərindən dərk edir. Bu dahi şəxsiyyətin liderlik missiyası təkcə öz xalqı üçün deyil, bütövlükdə dünya üçün həlledici rol oynamışdır.

 

F.Nəbiyev bu gün Ulu öndərin ideyalarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

 

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli sərgi barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Dövlət Miqrasiya Xidməti ilə birgə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi dahi şəxsiyyətin zəngin həyat və fəaliyyəti barədə dolğun məlumat almaq üçün mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin hər bir vətəndaşı tərəfindən dahi şəxsiyyətin irsinin, zəngin dövlət idarəçiliyi təcrübəsinin öyrənilməsi Azərbaycanın parlaq gələcəyinə xidmət edir.

 

Sonra cənab Firudin Nəbiyev tərəfindən Mərkəzi Elmi Kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərliyə xatirə hədiyyəsi və Xidmətin rəsmi nəşri olan “Miqrasiya” jurnalı təqdim edilmişdir.

 

Tədbirdən sonra Xidmət əməkdaşları sərgi ilə tanış olmuşlar.

 

Sərgidə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini əks etdirən 1000-ə yaxın ədəbiyyat, həmçinin, fotoşəkillər nümayiş olunmuşdur.

Regional miqrasiya idarələri
Elanlar