AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilmişdir

12 Dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin vəfatının 8-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir.

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov və Xidmət əməkdaşları Fəxri Xiyabana gələrək, Azərbaycan xalqının Ulu öndəri, Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsini ehtiramla anmış, məzarı önünə tər qızılgüllər düzmüşlər.

 

Daha sonra Anım Mərasimi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin inzibati binasında davam etdirilmişdir.

 

Əvvəlcə Ümummilli liderin əziz xatirəsi Xidmət əməkdaşları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir. Xidmət rəisi Arzu Rəhimov çıxış edərək çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan, hələ sağlığında ikən zəmanəmizin canlı əfsanəsinə çevrilən Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən,  Azərbaycanın hüdudlarından kənara çıxan misilsiz xidmətlərindən danışmışdır. Xidmət rəisi bildirmişdir ki, Ümummilli lider, Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyevin 8 il bundan öncə dünyasını dəyişməsinə baxmayaraq  onun əziz xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır və əbədi yaşayacaqdır. A.Rəhimov daha sonra bildirmişdir ki, Ulu öndərin müəyyənləşdirdiyi strategiyanın respublikamızın çiçəklənməsində, dünya arenasında tanınmasında, inkişafında böyük rolu danılmazdır. Dahi şəxsiyyətin sağlığında ikən bütün sahələrə göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, bu gün hamı Ümummilli Lideri ən gözəl xatirələrlə anır.

 

Xidmət rəisi çıxışının sonunda “Bu gün bizim hər birimizin – miqrasiya orqanlarında çalışan hər bir əməkdaşın xidmətdə uğurlu fəaliyyəti Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Respublikasının möhkəmləndirilməsinə hesablanmış bir addımdır” – deyə vurğulamışdır.

Mərasimin sonunda Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş “İstiqlal fədaisi” sənədli filmi nümayiş etdirilmişdir.

Regional miqrasiya idarələri
Elanlar