AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti 21-25 fevral 2011-ci il tarixlərdə Türkiyə Respublikasının Daxili İşlər, Əmək və Sosial Müdafiə Nazirliklərinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur.

 

Səfərdə məqsəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Türkiyə Respublikasının müvafiq qurumları arasında miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsidir.

 

Nümayəndə heyəti Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərinin mərkəzi meydanlarında ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə tər gül-çiçək dəstələri düzmüşlər.

 

Səfər çərçivəsində Xidmət rəisi Arzu Rəhimov Türkiyə Respublikası Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Mustafa Kabakçı, Türkiyə Respublikasının daxili işlər naziri Beşir Atalay, Baş Polis İdarəsinin rəisi general-polkovnik Oğuz Kaan Köksal, əmək və sosial müdafiə naziri Ömer Dinçerlə görüşmüşdür.

 

Görüş zamanı tərəflər arasında ölkələrarası münasibətlərdən, Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycanla Türkiyə Respublikaları arasında hazırkı viza rejimindən, miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsindən, Azərbaycan Respublikasına miqrantların axını barədə söhbətlər aparılmış, qardaş ölkələrin bu sahədə əməkdaşlıq münasibətlərindən bəhs edilmişdir.

 

Söhbət əsnasında Xidmət rəisi Arzu Rəhimov Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, fəaliyyəti, “Bir pəncərə” prinsipinin tətbiqinin miqrasiya sahəsinə dövlət nəzarətinin həyata keçirilməsindəki rolundan bəhs etmişdir.

 

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Əcnəbilərlə İş üzrə İdarənin rəisi Yahya Bilgiç və digər səlahiyyətli nümayəndələrlə görüşlər, həmçinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə baxış keçirmişlər.

 

 

 

Regional miqrasiya idarələri