AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin iyirmi birinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin iyirmi birinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

 

19 yanvar 2011-ci il tarixdə Xidmətin kollektivi Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.

 

Xidmətin inzibati binasında müdhiş gecəyə həsr olunmuş sərgiyə baxışla başlayan anım mərasimində qanlı hadisə qurbanlarının  xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov çıxış edərək xalqımızın qürur və şərəf mücəssəməsinə çevrilən 20 Yanvar tarixindən danışmışdır. Bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar edilməsini istəyən, azadlıq, müstəqillik ideyaları uğrunda şərəfli mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq, heysiyyətini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş qanlı hadisələrdən biri baş vermişdir. İrticaya xidmət edən silahlı birləşmələrin qeyri-qanuni olaraq Bakıya yeridilməsi nəticəsində dinc insanlara divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Arzu Rəhimov keçmiş SSRİ MK-nın birinci katibi Mixail Qorbaçovun göstərişi ilə xüsusi səfərbər edilmiş hərbi birləşmələrin və zirehli texnikanın həmin gün Bakıya və Sumqayıta, habelə Azərbaycanın bir neçə rayonuna yeridilərək, dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə divan tutulduğunu qeyd etmişdir.

 

Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ şəkildə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yarandığını xatırladan Xidmət rəisi dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən Ümummilli lider Heydər Əliyevin hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadim olduğunu nəzərə çatdırmışdır. Ulu öndərin qətiyyətli mövqeyinin respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə olduğunu nəzərə çatdıran Arzu Rəhimov  dahi şəxsiyyətin bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdiyini vurğulamışdır: “Ulu öndər Heydər Əliyevin "Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır" tələbi Ümummilli liderin bu məsələ ilə bağlı sonralar etdiyi bütün çıxışlarının, bəyanatlarının, imzaladığı sənədlərin əsas leytmotivi olmuşdur. Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması məsələsi Ulu öndərin fəaliyyətinin bütün sonrakı mərhələlərində də aktuallığını qoruyub saxlamışdır. Təsadüfi deyildir ki, hadisəyə ilk hüquqi-siyasi qiymət də 1991-ci ilin noyabr ayında – dahi şəxsiyyətin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verilmişdir. Ümummilli lider Heydər Əliyev 1990-cı ilin iyulunda Naxçıvana qayıtdıqdan və 1991-ci ilin sentyabr ayının 9-da Naxçıvan Ali Məclisinin Sədri seçildikdən sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermək imkanı yaranmışdır. Həmin il noyabr ayının 21-də Ulu öndərin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda hər il 20 Yanvar tarixinin Milli Matəm Günü qeyd olunması qərara alınmışdır. Qərarda ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalanmış, onların birbaşa məsuliyyət daşıdıqları göstərilmişdir. Bu, əslində, hadisəyə verilən ilk rəsmi hüquqi-siyasi qiymət idi”.

 

Xidmət rəisi Ümummilli lider Heydər Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutduğunu, onların adlarının əbədiləşdirilməsi məqsədilə bir sıra sərəncamlar imzaladığını, Prezident cənab İlham Əliyevin də bu ənənəyə sadiq qalaraq Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirdiyini vurğulamışdır.

 

Mərasimin sonunda 1990-cı ilin şanlı 20 Yanvar tarixinin qərinələr, əsrlər keçsə belə xalqımızın yaddaşından silinməyəcəyi, daim yad ediləcəyi bildirilmişdir.

Regional miqrasiya idarələri
Elanlar