AZ EN RU
logo Aliyev
18 Dekabr - Beynəlxalq Miqrant Günüdür

18 Dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrant Günü ilə əlaqədar tədbir keçirilmişdir.

 

Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov məlumat verərək bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 18 Dekabr 1990-cı ildə qəbul etdiyi “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın qəbul edilmə tarixi  4 Dekabr 2000-ci ildə Baş Assambleya tərəfindən Beynəlxalq Miqrant Günü elan edilmişdir. Elə həmin vaxtdan etibarən 18 Dekabr dünyanın bir çox ölkələrində həm dövlət orqanları, həm qeyri-hökumət təşkilatları tərəfindən Beynəlxalq Miqrant Günü kimi qeyd edilir. “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiya Azərbaycan Respublikasının Milli Məclisinin 11 dekabr 1998-ci il tarixli 581-İQ saylı Qanunu ilə ratifikasiya olunmuşdur.

 

Xidmət rəisi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsi yüksəlmiş və bütün sahələrdə müşahidə olunan sürətli inkişaf ölkəmizə gələn əcnəbilərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olmuş, bu da miqrasiya proseslərinin intensivləşməsini şərtləndirmişdir.

 

Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadə hallarının, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təşkili Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindəndir. Bu vəzifələr sırasında həmçinin əmək ehtiyatlarından səmərəli istifadə olunması, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması önəmli yer tutur.

 

Ötən son bir il ərzində miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə ölkədə bir sıra zəruri normativ hüquqi aktlar qəbul edilmiş, institutsional və təşkilati tədbirlər həyata keçirilmiş, əcnəbilərin ölkəyə gəlməsi və ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün elektron informasiya resursları formalaşdırılmışdır.

 

2009-cu ilin Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində bir sıra mühüm hadisələrlə yadda qalacağını nəzərə çatdıran Arzu Rəhimov vurğulamışdır ki, Prezident cənab İlham Əliyev tərəfindən 6 fevral 2009-cu il tarixdə Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam, 4 mart 2009-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində “bir pəncərə” prinsipinin tətbiqi, həmçinin 8 aprel 2009-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusunun verilməsi ilə əlaqədar fərmanlar imzalanması, 4 dekabr 2009-cu il tarixdə Milli Məclis tərəfindən “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi, qanunvericiliyə digər müvafiq əlavə və dəyişikliklər olunması ölkə rəhbərinin Dövlət Miqrasiya Xidmətinə diqqət və qayğısının bariz təzahürüdür.

 

Xidmət rəisi qeyd etmişdir ki, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsində ən mühüm faktorlardan biri miqrasiya proseslərinin idarəolunmasında 1 iyul 2009-cu il tarixdən "bir pəncərə" prinsipinin tətbiqidir. Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunu sadələşdirmək və bu sahədə şəffaflığı tam təmin etmək bu prinsipin əsas məqsədidir. Məhz müvafiq icazələrin alınması və qeydiyyat prosedurlarının mürəkkəb olması səbəbindən ölkəmizə gələn əcnəbilər 1 iyul 2009-cu il tarixə qədər müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalırdılarsa, indi onlar yalnız bir ünvana - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər.

 

Cari ilin 11 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 40 mindən artıq müraciət daxil olmuş, onların hər biri qanunvericilik çərçivəsində araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.

 

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına gəlmək, burada yaşamaq və işləmək hüququna malikdirlər. Onların hər birinin hüquq və azadlıqları müvafiq normativ hüquqi aktlarla qorunur.

 

Xidmət rəisi ölkəmizə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların Dövlət Miqrasiya Xidmətinə gəlmək üçün regionlardan uzaq məsafə qət etməməsi, həmçinin xidmətin fəaliyyətinin genişləndirilməsi, xüsusilə ölkədə miqrasiya proseslərinin ciddi nəzarətdə saxlanması məqsədilə regional idarələrin tam fəaliyyət göstərməsi istiqamətində işlərin davam etdirildiyini nəzərə çatdırmışdır. Qeyd etmişdir ki, Dövlət Miqrasiya Xidmətinin iki regional idarəsi – Şirvan və Yevlax regional idarələri artıq ötən ilin oktyabr ayından, Lənkəran Regional İdarəsi isə cari ilin noyabr ayından fəaliyyət göstərir. Arzu Rəhimov yaxın gələcəkdə digər regionlarda da xidmətin idarələrinin və qanunsuz miqrantların saxlanması mərkəzlərinin istifadəyə veriləcəyini bildirmişdir.

 

Sonda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.


Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin nümayəndələri iştirak etmişlər.

Regional miqrasiya idarələri
Elanlar