AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrasiya  və Birləşmiş Millətlər təşkilatlarının ölkəmizdəki  nümayəndəlikləri ilə birgə tədbir keçirilmişdir

7 Oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdəki nümayəndəliklərinin iştirakı ilə “Maneələri aşma: insan miqrasiyası və inkişafı” adlı 2009-cu il üçün insan inkişafına dair hesabatın təqdimatı ilə bağlı birgə tədbir keçirilmişdir.


Xidmət rəisi Arzu Rəhimov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasında aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəlməsi və bütün sahələrdə müşahidə olunan sürətli inkişaf nəticəsində ölkəmizə gələn əcnəbilərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır. “İnsanlar yaxşı şərait qurmaq – yaşayış və iş yerinə sahib olmaq üçün müxtəlif ölkələrə üz tutur, bununla da miqrasiya proseslərinin iştirakçısına çevrilirlər. Azərbaycanda ictimai sabitlik hökm sürdüyündən əcnəbilər ölkəmizə hər zaman maraq göstərirlər” - deyə qeyd edən Arzu Rəhimov miqrasiya proseslərinə dövlət tərəfindən tam nəzarət olunduğunu, qarşıya qoyulan  tapşırıqların vaxtında yerinə yetirildiyini vurğulamışdır. “Bizim əsas məqsədimiz ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının bu sahədə mövcud qanunlarına hörmətlə yanaşmaları, qanunvericiliyin tələblərinə riayət etmələrini təmin etməkdir. Bir sözlə, məqsədimiz ölkədə miqrasiya proseslərinin idarəolunmasını həyata keçirmək, Azərbaycan Respublikası ərazisinə gələn əcnəbilərin ölkədə qanuni əsaslarla yaşamalarını təmin etməkdir” - deyən xidmət rəisi Prezident cənab İlham Əliyevin 4 Mart 2009-cu il tarixdə imzaladığı müvafiq Fərmana əsasən  iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqinə başlanıldığını və bununla da vahid prinsipin icrasında ciddi nəzarət mexanizmi yaradıldığını nəzərə çatdırmışdır.

 

BMT-nin rezident əlaqələndiricisi Bruno Pueza təmsil etdiyi təşkilatın İnkişaf Proqramının 2009-cu il üçün “Maneələri aşma: insan miqrasiyası və inkişafı” adlı insan inkişafına dair hesabatının təqdimatında Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə iştirakdan böyük məmnunluq duyduğunu dilə gətirmişdir. O, qeyd etmişdir ki, yeni hesabatda 2007-ci il göstəricilərinə əsaslanan insan inkişafı indeksinə görə, Azərbaycan orta insan inkişafı kateqoriyasında 182 ölkə və ərazi arasında 86-cı yeri tutur. Son illərdə Azərbaycanın bəzi əsas insan inkişafı göstəricilərində ardıcıl irəliləyiş müşahidə olunur. 1980-2007-ci illər arasındakı orta ömür uzunluğu təxminən 5 il artıb. Eynilə 1995-2007-ci illər arasında adambaşına düşən ÜDM təxminən 4 dəfə (1963 ABŞ dollarından 7851 ABŞ dollarına qədər) artıb. Bu nailiyyətlərinə görə, Azərbaycan hökumətini təbrik edən BMT-nin rezident əlaqələndiricisi daha sonra qeyd etmişdir ki, əldə edilən uğurlar insan inkişafı indeksi üzrə sıralanmada ölkənin müntəzəm olaraq irəliləməsi ilə nəticələnmişdir.

 

Bruno Pueza həmçinin vurğulamışdır ki, ölkənin qeyri-neft sektorunun inkişafı və sosial xidmətlərdəki düzgün islahatların davam etdirilməsi Azərbaycanın insan inkişafı səviyyəsinin daha da yüksəlməsinə imkan yaradacaqdır.

 

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vasili Yujanin də sözügedən hesabata dair fikirlərini bildirmişdir. Təmsil etdiyi təşkilatın fəaliyyəti, sözügedən hesabatın hazırlanması işində iştirakı ilə bağlı qısa məlumat vermişdir.

 

Sonda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.

 

Regional miqrasiya idarələri