AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində "dəyirmi masa" keçirilmişdir
Aprelin 8-də Dövlət Miqrasiya Xidmətində (DMX) 15 xarici ölkə səfirliklərinin təmsilçiləri və Beynəlxalq Miqrasiya Təşkilatının Bakı nümayəndəliyi rəhbərinin iştirakı ilə "dəyirmi masa" keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında 4 mart 2009-cu il tarixdə imzaladığı Fərmanın tələbləri ilə respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirlikləri və diplomatik nümayəndəliklərin təmsilçilərinin məlumatlandırılması, onlar vasitəsilə mövcud dəyişikliklər barədə ölkədə müvəqqəti və daimi yaşayan əcnəbilərin bilgiləndirilməsi olmuşdur.
Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov çıxış edərək, ölkəmizdə aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəldiyini və bütün sahələrdə müşahidə olunan sürətli inkişafla əlaqədar respublikamıza gələn əcnəbilərin sayının ildən-ilə artdığını qeyd etmişdir.
Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edildiyini, bir sıra institusional və təşkilati tədbirlər həyata keçirildiyini nəzərə çatdıran xidmət rəisi Arzu Rəhimov mövcud qanunvericiliyə görə ölkədə olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin alınması və qeydiyyat prosedurlarının mürəkkəb olması səbəbindən ölkəmizə gələn əcnəbilərin indiyə qədər bir neçə orqana müraciət etmək məcburiyyətində qaldıqlarını bildirmişdir.
Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov dövlət başçısı cənab İlham Əliyevin «bir pəncərə» prinsipinin tətbiqi haqqında imzaladığı Fərmanın böyük əhəmiyyət kəsb etdiyini iştirakçıların nəzərinə çatdırmışdır. Qeyd etmişdir ki, imzalanmış Fərman Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi qarşılıqlı fəaliyyətdə olan dövlət orqanlarının işində şəffaflığın təmin olunmasına xidmət edəcəkdir.
2009-cu il iyulun 1-dən tətbiq ediləcək «bir pəncərə» prinsipinin tələbləri barədə iştirakçılara geniş və izahlı məlumat verilmişdir.
Dəyirmi masanın sonunda qonaqları maraqlandıran suallar cavablandırılmışdır.
Regional miqrasiya idarələri