AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 2-ci ildönümü qeyd edilmişdir
19 mart 2009-cu ildə Dövlət Miqrasiya Xidmətində (DMX) qurumun yaradılmasının 2-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuş, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül-çiçək dəstələri düzmüşlər.
DMX kollektivinin üzvləri həmçinin Vətən uğrunda canlarından keçmiş igid oğul-qızlarımızın uyuduğu Şəhidlər Xiyabanını da ziyarət etmiş, məzarları üzərinə tər güllər düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra DMX-nin Heydər Əliyev muzeyində davam etdirilən tədbirdə çıxış edən xidmət rəisi Arzu Rəhimov Dövlət Miqrasiya Xidmətinin yaranma tarixindən, görülmüş işlərdən və qarşıya qoyulmuş vəzifələrdən danışmışdır. Qeyd etmişdir ki, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, energetika və nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda, Azərbaycan Respublikasının geosiyasi mövqeyi miqrasiya axınlarının artmasına səbəb olmuşdur ki, bu da öz növbəsində ölkənin inkişafı və təhlikəsizliyinin təmin edilməsi baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndərilməsini və bu sahədə beynəlxalq əməkdaşlığı zəruri edir.
Xidmət rəisi həmçinin bildirmişdir ki, miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə son illər həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılmış, əsaslı tədbirlər həyata keçirilmişdir. Hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Dövlət Miqrasiya Siyasəti Konsepsiyası"nın (2004) gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün "Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı" təsdiq edilmişdir. Proqramda əsas fəaliyyət istiqamətləri olaraq, miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, bu sahədə dövlət tərəfindən tənzimlənmənin səmərəliliyinin artırılması, aidiyyəti dövlət orqanlarının miqrasiya sahəsində işlərinin əlaqələndirilməsi, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi və eləcə də digər ölkələrin miqrasiya qurumları və əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulur. Dövlət Miqrasiya Proqramından irəli gələn məsələlərin həyata keçirilməsi ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin yaradılmasına yönəlmişdir. Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi məqsədi ilə 19 mart 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmışdır.
A.Rəhimov qeyd etmişdir ki, mövcud qanunvericiliyə bir çox əlavə və dəyişikliklər edilmiş, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində olma müddətləri müəyyən edilmiş, onlara Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün nəzərdə tutulmuş sənədlər təsdiq edilmiş, əcnəbilərin qeydiyyat sistemi təkmilləşdirilmiş, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üzrə əlavə meyarlar müəyyən edilmiş, miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət artırılmışdır.
2008-ci ilin avqust ayından Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma müddətinin uzadılması, müvəqqəti yaşama icazəsinin verilməsi, immiqrant statusunun alınması, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı 18.574 müraciət daxil olmuşdur.
Ölkəyə daxil olmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya sahəsində mövcud qanunvericilik aktları, eləcə də qanunvericilik aktlarına edilmiş son dəyişikliklərə dair məlumatlandırılmalarını təmin etmək məqsədilə bir neçə dildə xüsusi bukletlər hazırlanmış, dəyirmi masalar, mətbuat konfransları keçirilmiş, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq genişləndirilmişdir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ətraflı məlumat almaları üçün Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Məlumat Mərkəzi – Qaynar Xətt yaradılmış, 3 noyabr 2008-ci il tarixdə isə Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az rəsmi internet səhifəsi istifadəyə verilmişdir.
Xidmət rəisi xüsusi vurğulamışdır ki, dövlət başçısı cənab İlham Əliyevin 4 mart 2009-cu ildə imzaladığı «Miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında» fərman ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsi, bu sahədə operativliyin təmini və həllini gözləyən problemlərin aradan qaldırılması baxımından vacib əhəmiyyət daşıyır. Sənəd, ilk növbədə, respublikada miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir.
Fərmana əsasən, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipinin tətbiq edilməsi nəzərdə tutulmuş və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilmişdir. Fərmanla miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə bir sıra vəzifələrin yerinə yetirilməsi tapşırığı da verilmişdir.
A.Rəhimov həmçinin nəzərə çatdırmışdır ki, Azərbaycan Respublikası dünya əhəmiyyətli nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşdiyi üçün ölkəmizin ərazisindən çoxsaylı tranzit miqrantların gediş-gəlişi qaçılmazdır. Əsas məsələ həmin miqrantların qanunsuz olaraq ölkə ərazisində məskunlaşmalarının və qanunsuz miqrantların ölkə ərazisindən tranzit keçidi kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır.
Hazırda Dövlət Miqrasiya Xidməti qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını səfərbər etmişdir.
Regional miqrasiya idarələri