AZ EN RU
logo Aliyev
DMX rəisi Vüsal Hüseynovun “Pandemiya dövründə Azərbaycanda miqrasiya idarəçiliyi” sərlövhəli məqaləsi

Yeni növ koronavirus xəstəliyinin (COVID-19) dünya dövlətləri qarşısında yaratdığı çağırışlar və insanların gündəlik həyatlarına gətirdiyi məhdudiyyətlər son dövrlər ən çox müzakirə edilən, həlli axtarılan mövzulardandır. COVID-19 pandemiyası bütün dünyada yeni situasiya və çoxsaylı çağırışlar yaratmışdır. Bu çağırışlar insan yerdəyişməsinə əhəmiyyətli təsir edərək, miqrasiya sahəsini də pandemiyadan ən çox zərərçəkən sahələrdən biri kimi meydana çıxarmışdır. Belə ki, COVİD-19-un daha çox insan təması ilə yayılan infeksiya olması dövlətləri bu virusdan qorunmaq üçün həmçinin sərhədlərin bağlanması, səyahət və hərəkət məhdudiyyətləri, sosial məsafə qaydalarının tətbiqi və digər bu kimi oxşar tədbirlər görməyə məcbur etmiş, bu isə öz növbəsində miqrasiya proseslərində kəskin neqativ nəticələrə səbəb olmuşdur. Bu şərtlər dövlətlər və beynəlxalq icma tərəfindən çevik qərarların qəbul edilməsini, həmrəylik göstərilməsi və sıx əməkdaşlıq edilməsini şərtləndirmiş və bu istiqamətlərdə saysız təşəbbüslər, təbdirlər həyata keçirilmiş, qərarlar qəbul olunmuşdur. Pandemiyanın elan edilməsindən keçən müddət ərzində müxtəlif ölkələrdəki vəziyyət və həyata keçirilmiş tədbirlərin nəticələri artıq dünya dövlətlərinin bu qlobal problemlə mübarizə siyasətlərinin, yanaşmalarının və verilmiş qərarların səmərəlilik səviyyəsini qiymətləndirməyə imkan yaradır.  

Azərbaycanın da bu xüsusda təcrübəsi təqdirəlayiqdir. Ölkəmiz koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün ilk günlərdən çevik və zəruri qabaqlayıcı addımlar atmış, pandemiyaya qarşı təxirəsalınmaz tədbirləri operativ həyata keçirmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən pandemiyanın fəsadlarını minimuma endirmək, xəstəliyin geniş yayılmasının qarşısını almaq, səhiyyə sistemini gücləndirmək, sosial cəhətdən həssas əhaliyə davamlı dəstək və iqtisadi dayanıqlığı təmin etmək məqsədilə vaxtında və operativ qərarlar verilmişdir.  Cənab Prezidentin tapşırığı ilə Azərbaycanda ilk yoluxma faktının qeydə alındığı tarixdən daha öncə Dövlət Miqrasiya Xidməti də daxil olmaqla, bütün aiddiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması mövcud şəraitdə idarəetmənin və kommunikasiyanın düzgün qurulmasına, həmçinin çevik qərarların qəbul olunmasına imkan yaratmışdır. Pandemiya dövründə dövlətimiz üçün prioritet məsələ cənab Prezident İlham Əliyevin vurğuladığı kimi “insan sağlamlığı, insan həyatı və insanların sosial müdafiəsi” olmuşdur.

Ölkəmiz bu istiqamətdə, həmçinin digər dövlətlərlə həmrəylik göstərmiş, beynəlxalq tərəfdaşlarla, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı gücləndirmiş, qlobal bəlaya qarşı mübarizədə hərətəfli  yanaşma sərgiləyərək humanitar təşəbbüslərini də davam etdirmişdir. Belə ki, ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar dəyərində könüllü ianələr ayrılmış, 30-dan çox ölkəyə humanitar yardımlar olunmuşdur.

Azərbaycanın COVID-19 dövründə miqrasiya idarəçiliyi ümumi olaraq əksər ölkələrin yaxşı təcrübələri ilə uyğunluq təşkil edir, bununla belə özünün spesifik xüsusiyyətləri ilə fərqlənir. Ölkəmizdə COVID-19 dövründə miqrasiya sahəsində də çevik, şəffaf və səmərəli idarəçilik modeli qurulmuşdur. Belə ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasına ilk yoluxma faktının qeydə alındığı 28 fevral 2020-ci il tarixdən sonra qısa müddət ərzində yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış dayandırılmış, ölkə daxilində xüsusi karantin tədbirləri tətbiq edilmiş, daxili yerdəyişmə məhdudlaşdırılmışdır.

COVID-19 dövründə miqrasiya sahəsində ortaya çıxan əsas suallar ölkədə olan miqrantların hüquqi vəziyyəti, onların müracitələrinə baxılması və digər narahatlıqlarının aradan qaldırılması ilə bağlı görüləcək tədbirlər barədə idi. Ölkədə yaşama icazələri əsasında yaşayan miqrantların hüquqi vəziyyəti nisbətən stabil olsa da, Azərbaycana viza əsasında və ya vizasız qaydada gələn, ölkə ərazisinə giriş-çıxışa tətbiq edilən məhuduiyyət ilə əlaqədar geri qayıda bilməyən və ya qayıtmaq istəməyən əcnəbilərin hüquqi statuslarının qeyri-müəyyənliyi narahatlıq doğuran məsələlərdən idi.   

Pandemiyanın ortaya çıxdığı ilk vaxtlarda miqrasiya sahəsində beynəlxalq təcrübə formalaşma mərhələsində idi və aidiyyəti təşkilatlar da tövsiyələrini vermək üçün prosesi izləyir, yaxşı təcrübələri təhlil edirdilər. Vəziyyət isə vaxt itirmədən qərarların qəbul olunmasını tələb edirdi. Həmin dövrdə Azərbaycan miqrasiya siyasətini əcnəbilərin maksimum rahatlığı, inzibati prosedurların, demək olar ki, sıfıra endirilməsi və elektronlaşmanın geniş təşviqi üzərində qurdu. Azərbaycanla digər dövlətlər arasında sərnişin daşımaları məhdudlaşdırıldıqdan sonra, xüsusilə qonşu dövlətlər öz vətəndaşlarının keçidi üçün dövlət sərhədlərini xüsusi şərtlərlə açıq saxladılar, digər dövlətlər isə çarter reysləri təşkil etdilər. Bu müddətdə müxtəlif səbəblərdən öz ölkələrinə qayıtmaq istəməyən əcnəbilərin ölkədə qalma müddəti giriş-çıxışa qoyulan məhdudiyyətlər aradan qaldırılanadək uzadıldı və bunun üçün əlavə sənəd istənilmədi. Başqa sözlə, heç bir əcnəbi ölkədən çıxmağa məcbur edilmədi və bunun üçün onların hər hansı inzibati prosedurlardan keçməsi tələb olunmadı.

Əcnəbilərin ölkədə olmasının və yaşamasının leqallaşdırması tədbirlərinin, ümumi olaraq miqrasiya xidmətlərinin xüsusi karantin rejimi çərçivəsində həyata keçirilməsinin ən səmərəli yolu elektron xidmətlərdən geniş istifadə oldu. COVID-19 dövrünün təbii nəticələrindən biri də elektron xidmətlərə olan tələbatın kəskin artması və elektron xidmətlərin daha da təkmilləşdirilməsinə olan ehtiyacın daha açıq ortaya çıxmasıdır. Dövlət Miqrasiya Xidməti tərəfindən pandemiyanın ilk günlərindən əcnəbilərə göstərilən elektron xidmətlər mövcud tələbata uyğunlaşdırılmış və yenilənmiş, həmçinin tələb olunan bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi təmin edilmişdir. Qeyd etmək istərdik ki, elektron xidmətlərə çıxış, həm də Xidmət tərəfindən hələ 2018-ci ildən istifadəyə verilmiş və vətəndaş məmnunluğunun təmin olunmasına yönəlmiş “MigAz” mobil tətbiqi vasitəsilə də mümkündür. Ötən dövr ərzində Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi elektron xidmətlərdən əcnəbilərin rahat istifadəsinin təmini, eləcə də mövcud vəziyyətlə əlaqədar müvafiq prosedurlar barədə ictimaiyyətin vaxtında və dolğun məlumatlandırılması diqqət mərkəzində saxlanılmışdır. Belə ki, elektron xidmətlərdən istifadə qaydaları və Xidmət tərəfindən həyata keçirilən işlərlə bağlı müxtəlif dillərdə maarifləndrici və məlumatlandırıcı vəsaitlər, o cümlədən videotəlimatlar hazırlanmış, sosial şəbəkələr də daxil olmaqla kütləvi informasiya vasitələrində yayımlanaraq hədəf qruplarına çatdırılmışdır. Qeyd edilənlərlə yanaşı, Xidmətin 3 dildə (Azərbaycan, ingilis və rus) 24 saat fasiləsiz  fəaliyyət göstərən 919 Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilmiş və göstərilən xidmətin daha da təkmilləşdirilməsi məqsədilə funksional imkanlar artırılmışdır. Bu gün də Çağrı Mərkəzi tərəfindən müraciətlər dərhal, zərurət olduqda isə araşdırıldıqdan sonra cavablandırılır, məlumatlandırma və məsləhət xidməti göstərilir, həmçinin şikayətlərin (məlumatların, təkliflərin) qəbulu və yönəldilməsi həyata keçirilir. Çağrı Mərkəzi ölkə xaricindən gələn zənglərə də açıq olmaqla yanaşı, bu dövrdə gücləndirilmiş rejimdə fəalyyətini davam etdirir. Həmçinin, Çağrı Mərkəzi tərəfindən Xidmətin rəsmi internet səhifəsinin “Online bələdçi” xidmətinə, “WhatsApp” əlaqə vasitəsinə və sosial şəbəkə hesablarına  fiziki və hüquqi şəxslərdən daxil olmuş müxtəlif məzmunlu müraciətlər cavablandırılır. Maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçirilərkən Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin 7 aprel 2020-ci il tarixində dərc etdiyi COVID-19 dövründə miqrantların insan hüquqlarına dair Tövsiyəsi də nəzərə alınır.

Pandemiya nəticəsində yaranmış şəraitdə miqrasiya xidmətlərinin göstərilməsində səmərəli idarəçiliyin təmin edilməsi elektron xidmətlərimizin mövcud vəziyyətə sürətli uyğunlaşdırılması, çevik cavab və məlumatlandırma mexanizmlərinin  hazırlanması, həmçinin qurumdaxili çevik icra prosesini təmin edən, “sıfır kağız” və “sıfır kontakt” prinsiplərinə əsaslanan elektron sistem ilə mümkün olmuşdur. Nəticə etibarilə müraciət edənlərdən aldığımız müsbət rəylər isə gələcəkdə bu sahəni daha da inkişaf etdirməyimiz üçün bizə əlavə stimul vermişdir. 

31 mart 2020-ci il tarixdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı COVID-19 dövründə üzv dövlətlərə qaçqınlar və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı əsas ismarıclarını çatdırdı. Burada COVID-19 dövründə sığınacaq verilməsi üçün müraciətlərin qəbulunun dayandırılmaması, hərəkət azadlığına tətbiq edilən məhdudiyyətlərin  ixtiyari olmaması və ya hər hansı ayrı-seçkiliyə yol verilməməsi, pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdə qaçqınların, məcburi köçkünlərin və digər qrupların unudulmaması əsas başlıqlar idi.

Azərbaycanda pandemiya dövründə qaçqın statusu əldə etmək üçün müraciətlər dayandırılmadı. Sığınacaq axtaran şəxslərin müraciətlərinə baxılması təxirə salındı və onlara ölkə ərazisində qalmaq üçün verilən icazələrin müddəti uzadıldı. COVID-19-dan öncə qaçqın statusunun verilməsindən imtina edilən şəxslərin ölkədən çıxması tələb olunmadı və ya onlar məcburi şəkildə saxlama mərkəzlərinə yerləşdirilmədi.

Qaçqınların və sığınacaq axtaran şəxslərin sosial ehtiyaclarını təmin etməsinin çətinliyi nəzərə alınaraq, Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaş cəmiyyəti institutları, o cümlədən “Miqrasiya Könüllüləri” İctimai Birliyi və digər iştirakçılarla birgə davamlı olan sosial yardım layihələrinin həyata keçirilməsinə başlanıldı. Həssas kateqoriyadan olan insanlara göstərilən yardımlar ölkəmizdə yaşanan həmrəyliyi və tolerantlığı bir daha nümayiş etdirmiş oldu. Qeyd edilməlidir ki,  Azərbaycan Respublikasında qaçqınlar və sığınacaq axtaran şəxslər üçün tibbi yardım pulsuzdur. Bu qəbildən olan insanların hər hansı digər ehtiyacları yarandıqda, Dövlət Miqrasiya Xidməti digər aidiyyəti dövlət orqanları ilə bu məsələləri əlaqələndirir.

Beynəlxalq Əmək Təşkilatı 30 aprel 2020-ci il tarixdə COVID-19 pandemiyası dövründə əməkçi miqrantların hüquqlarının qorunmasına dair Tövsiyələrini açıqladı. Sənəddə əməkçi miqrantların ən həssas kateqoriyaya aid olduğu göstərilərək onların düzgün məlumatlandırılması, ərzaq təhlükəsizliyinin təminatı, səhiyyə xidmətlərindən bərabər istifadə hüququnun tanınması bildirilmiş, miqrantlara qarşı ayrı-seçkiliyin və ksenofobiyanın artması, işdən qovulma, eləcə də ölkə hüdudlarından kənara çıxarma hallarına xüsusi diqqət yetirilməsi tövsiyə olunmuşdur.

Bildiyiniz kimi Azərbaycanda əməkçi miqrantlar işəgötürənlər tərəfindən alınmış iş icazələri əsasında işləyirlər. Müqayisə üçün qeyd edilməlidir ki, 2020-ci ilin ilk altı ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə iş icazələrinin alınmasında 16% azalma müşahidə olunmuşdur. Azərbaycanda xüsusi karantin rejiminin tələbləri çərçivəsində bir sıra müəssisələrin fəaliyyətini müvəqqəti dayandırdığı və giriş-çıxışa tətbiq edilən məhdudiyyətin 5 aydan çox davam etdiyi nəzərə alındıqda, bu göstəricinin yaxşı hesab oluna biləcəyi qənaəti formalaşır. Hazırda iş icazəsi əldə edən əməkçi miqrantlar yerli əmək ehtiyyatlarının iddia etmədiyi vəzifələri tutan və əsasən əvvəlki illərdə bu icazə ilə təmin olunan və müddətin uzadılması üçün müraciət edən şəxslərdir. İş icazələri ilə bağlı hazırkı dinamika göstərir ki, mövcud pandemiya vəziyyətində ölkənin sosial-iqtisadi stabilliyinin qorunması üçün məhz dövlət tərəfindən görülmüş adekvat tədbirlər nəticəsində iqtisadi fəaliyyətdə dinamika saxlanılmış, bu isə əcnəbilərin müqayisəli baxdıqda məhdud sayda işdən çıxarılması ilə nəticələnmişdir. Belə halların məhdudluğuna təsir edən digər bir mühüm amil isə ölkədə mövcud olan səmərəli dövlət-özəl sektor tərəfdaşlığıdır. Bundan başqa, əmək müqaviləsinin müddəti uzadılmayan və ölkədə yaşama icazəsinin müddəti bitən əməkçi miqrantların və onların ailə üzvlərinin ölkədən kənara çıxarılması və ya onların qanunsuz miqrant statusuna düşməsi halı mövcud deyildir. Belə ki, Xidməti tərəfindən həmin əcnəbilərin ölkədə olma müddətinin uzadılması təmin edilmişdir.

Bu dövrdə hətta qanunsuz əmək fəaliyyəti ilə məşğul olması faktı müəyyənləşdirilmiş miqrantlar barəsində ölkə hüdudlarından kənara çıxarma tətbiq edilməmiş, onların ölkədə yaşaması və statuslarının leqallaşdırılması üçün imkan yaradılmışdır. Pandemiya dünyada qanunsuz miqrantların vəziyyətini daha da ağırlaşdırmaqla bərabər, dövlətləri də görüləcək tədbirlər barədə seçim etməyə məcbur etmişdir. Qanunsuz miqrantların saxlanılması mərkəzlərində vəziyyətə nəzarət etmək, orada yerləşdirilmiş miqrantların virusa yoluxmasının qarşısını almaq prioritet məsələlərdən olmuşdur. Pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı dəqiq məlumat olmadığı üçün dövlətlərin qanunsuz miqrasiya ilə bağlı tədbirlər sahəsində dayanıqlı siyasət formalaşdırması da çətinləşmişdir. Dövlətlər miqrasiya ilə bağlı tutulmanı və saxlama mərkəzlərində yerləşdirilməni dayandırmaq və ya bu tədbirləri davam etdirmək kimi iki əsas seçim qarşısında qalmışlar. Əslində, pandemiya ortaya çıxmazdan təxminən 1 il öncə BMT-yə üzv 152 dövlət tərəfindən qəbul edilən “Təhlükəsiz, Nizamlı və Tənzimlənən Miqrasiya üzrə Qlobal Kompakt”ın  hədəflərindən biri kimi miqrasiya ilə bağlı saxlanılmanın sonuncu mümkün vasitə olaraq istifadə edilməsi, saxlama mərkəzlərinə alternativlərin axtarılması müəyyən edilmişdi. Buna uyğun olaraq, 28 aprel 2020-ci il tarixində BMT-nin Uşaqlara Yardım Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Saxlama Koalisiyası tərəfindən birgə rəhbərlik edilən Saxlamaya Alternativlər üzrə İşçi Qrup COVID-19 dövründə miqrasiya nəzarəti ilə bağlı dövlətlərə praktiki Tövsiyələrini açıqladı. Sənəddə saxlama mərkəzlərinə yeni miqrantların yerləşdirilməsinin dayandırılması, saxlama mərkəzlərində olanların azad edilməsi və onların alternativ yerlərdə yerləşdirilməsi, qanunsuz miqrantların leqallaşdırılması, saxlama mərkəzlərində şəraitin yaxşılaşdırılması kimi tövsiyələr əksini tapdı. Pandemiya dövründə heç də bütün ölkələrdə qanunsuz miqrasiyaya qarşı tədbirlər dayandırılmadı, hətta kollektiv surətdə çıxarılmalar da daxil olmaqla məcburi kənara çıxarılmalar baş verdi. Bütün bu tədbirlərə cavab olaraq 13 may 2020-ci il tarixində BMT-nin Miqrasiya üzrə Şəbəkəsi Bəyannamə yaydı. Bəyannamə dövlətləri COVID-19 dövründə miqrantların məcburi qayıdışını dayandırmağa çağırdı. Azərbaycan, Tövsiyələr və Bəyannamə açıqlanmadan çox öncə (mart ayında) beynəlxalq hüquqi öhdəliklərinə və miqrasiya siyasətinin xarakterinə uyğun tədbirlər görmüşdü. Belə ki, pandemiya dövründə ölkədə məcburi çıxarmalar və saxlama mərkəzlərinə məcburi yerləşdirilmələr dayandırılmışdı. Hazırda saxlama mərkəzlərində çox az sayda əcnəbi maddi imkanlarının zəifliyi səbəbindən öz müraciətləri əsasında qalmaqdadır. Həmçinin, bu dövrdə heç bir əcnəbi barəsində kənara çıxarma növündə inzibati tənbeh seçilməmiş, qanunsuz yaşayan hər bir miqrant müraciəti əsasında leqallaşdırılmışdır. Qeyd edilməlidir ki, saxlama mərkəzlərində olan heç bir əcnəbidə COVID-19 aşkar edilməmişdir. Həmçinin, mərkəzlərdə miqrantların səhiyyə xidmətlərindən yararlanması, ərzaqla təmini, eləcə də dezinfeksiya işləri ilə əlaqədar hər hansı çətinlik və ləngimə olmamışdır.

Yaranmış mövcud vəziyyət bir daha mənşə və təyinat ölkələri arasında sıx əməkdaşlığın önəmini açıq şəkildə göstərdi. Belə ki, istər digər ölkələrdə olan Azərbaycan vətəndaşlarının Vətənə geri qayıdışının təşkilində, istərsə də Azərbaycan Respublikasında qalan əcnəbilərin öz ölkələrinə yola salınması prosesində operativ əlaqələndirmənin təminində diplomatik nümayəndəliklərlə, eləcə də xarici ölkələrin müvafiq orqanları ilə tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb etmişdir. Ümumən beynəlxalq tərəfdaşlığın əhəmiyyəti və dövlətlər arasında əlaqələndirmə, məlumat və ən yaxşı təcrübələrin mübadiləsi zəruriliyinə ehtiyac bir daha ortaya çıxmışdır. Bu istiqamətdə Azərbaycan qlobal təşəbüskar rolunda çıxış etmişdir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə Görüşləri keçirilmişdir. Bununla yanaşı, Qoşulmama Hərəkatının sədri qismində dövlət başçımızın təşəbbüsü ilə koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilməsi təşəbbüs edilmişdir. Qeyd olunmalıdır ki, sonuncu təşəbbüs dünyanın 130-dək ölkəsi tərəfindən bəyənilmişdir. Zirvə Görüşündən irəli gələn məsələlərin müzakirəsi məqsədilə mayın 7-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv və müşahidəçi dövlətlərin miqrasiya orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin videokonfrans vasitəsilə iclası keçirilmişdir. İclasda üzv və müşahidəçi dövlətlərin ərazisində olan və yaşayan əcnəbilər üçün mövcud vəziyyətlə əlaqədar miqrasiya qanunverciliyi baxımdan hər hansı narahatlıq yaranmamasına əminlik ifadə olunmuşdur. Eyni zamanda, Şuraya üzv və müşahidəçi dövlətlər arasında miqrasiya sahəsində əməkdaşlığın genişlənməsi məqsədilə Azərbaycan tərəfindən işçi qrup yaradılması təşəbbüsü irəli sürülmüş və yekdilliklə dəstəklənmişdir. İşçi qrup artıq yaradılmış və avqustun 7-də ilk iclasını keçirmişdir.

Ümumən bu dövrdə miqrasiya sahəsində beynəlxalq tərəfdaşlığın əsas məqsədi öz ölkələrinə geri qayıdan əcnəbilər barədə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və konsulluqların vaxtında Dövlət Miqrasiya Xidmətini məlumatlandırması, dövlət sərhədinin buraxılış məntəqələrində yarana biləcək hər hansı gecikmələrin və vaxt itkisinin qarşısının alınması, əcnəbilərin təqdim olunan imkanlardan sürətli istifadə edərək öz ölkələrinə rahat qayıda bilmələri üçün şəraitin yaradılması olmuşdur.

Demək olar ki, dünyada nüfuzlu bütün beyin mərkəzləri, beynəlxalq təşkilatlar və ekspertlər COVID-19 aktual olduğu dövr üçün daha mühafizəkar miqrasiya siyasəti proqnozlaşdırır. Eyni zamanda, ayrı-seçkiliyin və ksenofobiyanın artması ilə bağlı xəbərdarlıqlar da az deyil. Dünyada qanuni miqrasiya yollarının məhdudlaşdırılması qanunsuz miqrasiyaya, insan alveri və miqrant qaçaqçılığının artmasına yol aça bilər. Avropa Universiteti İnstitutunun  Miqrasiya Siyasəti Mərkəzinin cari ilin may ayında dərc etdiyi araşdırmasında sərhədlərin bağlanması və miqrasiya ilə bağlı digər məhdudiyyətlər fonunda qanunsuz miqrasiya, miqrant qaçaqçılığı və insan alveri ilə məşğul olan şəbəkələrin fəaliyyətinin dəyişən şərtlərə adaptasiya oluna biləcəyi, həmçinin miqrantların və sığınacaq axtaran şəxslərin daha çətin vəziyyətə düşə biləcəyi qeyd edilir.

Dövlət Miqrasiya Xidməti tərəfindən bundan sonra da mövcud vəziyyətə uyğun, sübutlara əsaslanan və operativ qərarların qəbul edilməsi üçün miqrasiyanın müxtəlif sahələri üzrə təhlillər aparılacaq, dünya dövlətlərinin təcrübəsi və beynəlxalq tövsiyələr nəzərə alınmaqla, eləcə də əhalinin sağlamlığı prioritet sayılmaqla ölkə ərazisində olan miqrantların öz hüquq və azadlıqlarından rahat şəkildə faydalanmaları üçün tədbirlər görüləcəkdir.

 Sonda, əminliklə deyə bilərik ki, Azərbaycanda miqrasiya orqanları pandemiyaya hazırlıqsız deyildi və bu da əcnəbilərin hüquqi vəziyyətində yarana biləcək qeyri-müəyyənliyin və onların ağır vəziyyətə düşməsinin qarşısını aldı. Azərbaycan Respublikasında COVID-19 dövründə miqrasiya orqanları tərəfindən  görülən tədbirlər miqrantların hüquq və azadlıqlarının müdafiəsini diqqət mərkəzində saxlamaqla, şəffaf, beynəlxalq hüquqi öhdəliklərə sadiq və ölkənin inkişaf prioritetləri ilə uzlaşdırılmış qaydada, milli maraqlar əsas götürülməklə həyata keçirilmişdir və bundan sonra da bu istiqamətdə fəaliyyət davam etdiriləcəkdir.

Regional miqrasiya idarələri
Elanlar