AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidməti - 13 il

Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının 13-cü ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd edilib

Martın 19-u Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaranmasının 13-cü ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür.

Bu əlamətdar gün münasibətilə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərliyi ilə şəxsi heyətin bir qrupu Fəxri Xiyabana gələrək, xalqımızın Ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Xidmət əməkdaşları, həmçinin Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın unudulmaz xatirəsini yad edib, məzarları üzərinə tər qərənfillər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Sonra Dövlət Miqrasiya Xidmətinin aparatında qurumun yaradılmasının ildönümünə həsr olunan müşavirə keçirilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Müşavirəni giriş sözü ilə açan Xidmət rəisi Vüsal Hüseynov qurumun yaradılmasının 13-cü ildönümü və peşə bayramı günü, həmçinin Novruz bayramı  münasibətilə əməkdaşları təbrik edib, onlara Xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Dövlət Miqrasiya Xidməti rəisinin imzaladığı əmrlər elan olunub. Xidmətdə fərqlənən əməkdaşlara təltiflər təqdim edilib. Həmçinin bir qrup əməkdaş fəxri fərman və təşəkkürlərlə mükafatlandırılıb.

Qeyd edək ki, qurumun yaradılmasının 13-cü ildönümü və peşə bayramı günü münasibətilə Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinin əməkdaşları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Xidmətdə fərqlənən regional idarələrin əməkdaşları təltif olunublar.

Regional miqrasiya idarələri
Elanlar