AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidməti və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Spelling Bee” layihəsi keçirilib

Miqrasiya Könüllüləri dünya ölkələri tərəfindən hər il keçirilən, ingilis dilinin təşviqi ilə bağlı məşhur söz oyunu “Spelling Bee” layihəsini reallaşdırıblar.

“Spelling Bee” layihəsi tədrisdənkənar ingilisdilli fəaliyyətin inkişafına, bu dildə düzgün yazı və tələffüzün öyrənilməsinə, gənclər arasında ingilis dilinin akademik səviyyədə təşviqinə xidmət edir. Yarışma güclü yaddaşla yanaşı, iti zehin tələb edir. Əyləncəli yarışın qaydaları ilk dəfə ABŞ-da hazırlanıb. Layihə düzgün tələffüzü formalaşdırmaqla yanaşı, lüğət ehtiyatını zənginləşdirir. Orta məktəblərdən başlayaraq keçirilən oyun sonrakı mərhələdə daha geniş formatda-ümumrespublika səviyyəsində həyata keçirilir. Hər il ABŞ-da 11 milyondan artıq tələbə 90 illik ənənəyə malik “Spelling Bee” oyununun qalibi olmaq üçün yarışır.

Dövlət Miqrasiya Xidməti və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin birgə təşkil etdiyi “Spelling Bee” yarışmasında 55 gənc arasından seçilmiş 18 iştirakçı yaddaşını yoxlayıb. Onlara əvvəlcədən verilmiş 500 sözdən yalnız 144-ündən istifadə olunub. Final mərhələsində isə gənclər yeni sözləri düzgün tələffüz etməklə mübarizə aparıblar.

7 mərhələdən ibarət yarış ilk 3-lük üçün daha uğurlu olub.

Miqrasiya Könüllüləri arasında keçirilən “Spelling Bee” layihəsinin gənclər tərəfindən maraqla qarşılandığını və dil biliklərinin inkişafına böyük töhfə verdiyini nəzərə alaraq, gələcəkdə eyniadlı layihənin daha geniş formatda keçirilməsi nəzərdə tutulur.

Regional miqrasiya idarələri