AZ EN RU
logo Aliyev
Vüsal Hüseynov: “Azərbaycan beynəlxalq təşəbbüslərin fəal üzvüdür və müxtəlif çoxsaylı fəaliyyətlər həyata keçirib”.

Bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində “Dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin olunması” mövzusunda keçirilən seminarda söyləyib.

İyunun 24-də  Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb.

Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin təmsil olunduğu  Forumun açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-presidenti Mehriban Əliyeva, BMT Baş katibinin müavini cənab Lui Zenmin, o cümlədən müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri iştirak ediblər.

Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə keçirilən ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli mövzu üzrə seminar və 4 paralel tədbirin təşkili edilib.

Sözügedən Forum çərçivəsində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə inteqrə edilmiş yanaşmanın tətbiq edilməsi üçün Azərbaycan Hökuməti tərəfindən görülmüş işləri, eləcə də bu istiqamətdə əsas çağırışlar və uğurları iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan 2001-ci ildən 2015-ci ilə qədər müddətdə ölkədə yoxsulluq səviyyəsini 50 faizdən 5 faizə qədər azaltmağa nail olub.

Vüsal Hüseynov həmçinin, innovativ dövlət idarəçiliyi və dövlət xidmətləri, habelə bu sahədə gələcək fəaliyyətlərə təsir edəcək təşəbbüslər və vasitələr barədə fikirlərini bölüşüb. Xidmət rəisi dövlət xidmətlərinin əlaqələndirilmiş tətbiqində "ASAN xidmət" modelindən danışaraq qeyd edib ki, bu sistem müxtəlif dövlət qurumları ilə münasibətlərdə şəffaflığın artırılmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, forum 26 iyun 2019-cu il tarixində öz işinə yekun vuracaq.

 

Regional miqrasiya idarələri