AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri qanunsuz miqrantların saxlanılması şəraiti ilə tanış olublar

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə səfər ediblər. Səfər İctimai Şuranın reqlamentinə və cari ilin birinci yarısının iş planına əsasən keçirilib.     

Şura üzvlərinə Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti, iş rejimi, daxili intizam qaydaları, məcburi və könüllü yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları və vəzifələri barədə geniş məlumat verilib. Bildirilib ki, mərkəzdə 6-sı uşaq və 5-i qadın olmaqla ümumilikdə 25 nəfər yerləşdirilib.

Şura üzvləri Mərkəzin inzibati binası, nəzarət buraxılış məntəqəsi, yeni qəbul edilənlər üçün ilkin (müvəqqəti) saxlanılma, istirahət, müsahibə, ziyarətçilər üçün gözləmə, foto-çəkilişlərin və daktiloskopik qeydiyyatın aparıldığı otaqlarla, yataqxana tipli yaşayış binaları ilə, eləcə də yeməkxana, kitabxana, idman və uşaqlar üçün oyun meydançaları, tibb məntəqəsi və digər yerlərlə tanış olublar. Şura üzvlərinin suallarını cavablandıran miqrantlar onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını bildiriblər.   

Təmsil etdiyi ictimai təsisatın məqsəd və vəzifələri, bu sahədə həyata keçirilən işlər barədə danışan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyətinin daima Şuranın diqqət mərkəzində saxlanılmalı olduğunu və bütövlükdə ictimai nəzarətin həyata keçirilməsi kontekstində icra olunan bu kimi fəaliyyətlərin davam etdiriləcəyini vurğulayıb. Şura üzvləri ilə Mərkəz əməkdaşları arasında aparılan fikir mübadiləsi nəticəsində qərara alınıb ki, burada saxlanılan əcnəbilərlə, xüsusilə də qadın və uşaqlarla bağlı sosial reabilitasiya və adaptasiya proqramları hazırlansın və icra olunsun.   

Şura üzvləri Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyətinin və şəraitinin insan hüquq və azadlıqlarının təmin olunması prinsiplərinə, bu sahədə beynəlxalq norma və standartlara uyğun şəkildə təşkil edildiyini vurğulayıblar.

Regional miqrasiya idarələri