AZ EN RU
logo Aliyev
Gənc liderlərlə görüş keçirilib

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbində miqrasiya məsələlərinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov və liderlik məktəbinin 100-ə yaxın üzvü iştirak ediblər.

Müvəkkil bu il anadan olmasının 96 illiyini qeyd etdiyimiz Ümummilli liderimiz Heydər Əliyevin həyat və zəngin siyasi fəaliyyəti barədə məlumat verib. Bildirb ki,  Ulu öndərin böyük səyləri və gərgin əməyi ilə 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyamız sonrakı dövrlərdəki referendumlar nəticəsində insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının genişləndirilməsinə və səmərəli təmininə zəmin yaradıb.  O, resurs mərkəzi olan Şəbəkə və Liderlik Məktəbinin yaranma tarixi, səmərəli fəaliyyəti, əldə olunmuş nailiyyətlər, həmçinin Ombudsman təsisatının qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər barədə məlumat verib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi V.Hüseynov çıxış edərək  ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən tədbirlər, DMX-nın fəaliyyət istiqamətləri, elektron xidmətlər, “ASAN Viza” sistemi barədə məlumatları uşaqların nəzərinə çatdırıb.

Xidmət rəisi interaktiv şəkildə keçirilən tədbirin sonunda uşaqları maraqlandıran çoxsaylı sualları cavablandırıb, onların mükəmməl biliklərə malik olduğunu, hərtərəfli və ahəngdar inkişaf etdiyini, vətənimizə, xalqımıza sadiq övladlar kimi formalaşdığını xüsusi vurğulayıb.

Xidmət rəisinə Şəbəkənin fəaliyyətini əks etdirən nəşrlər və uşaqların əl işlərindən ibarət hədiyyələr təqdim edilib.

Tədbir çərçivəsində miqrasiya məsələlərinə dair qısa videoçarxlarla yanaşı, 20 ilə yaxındır ki, uğurla fəaliyyətini davam etdirən AUGSŞ-nin gördüyü işlərə həsr edilmiş qısametrajlı film nümayiş etdirilib.

Regional miqrasiya idarələri