AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

Görüşdə V.Hüseynov DMX ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi, o cümlədən  təşkilatın bir çox təsisatları arasında sıx əlaqələrin qurulduğunu məmnunluqla qeyd edib və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə Cenevrədə keçirdiyi görüş  barədə ətraflı söhbət açıb.

DMX-nın fəaliyyəti barədə məlumat verən Xidmət rəisi qaçqın statusunun müəyyənləşdirilməsi prosedurlarında beynəlxalq təcrübənin tətbiq edilməsində DMX-nın maraqlı olduğunu ifadə edib.

BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso təmsil etdiyi qurum ilə DMX arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini bildirib və mövcud olan əlaqələrin perspektivlərinə toxunub. Miqrasiya  proseslərinin idarə edilməsi istiqamətində Azərbaycanda görülən işləri və əldə olunan nailiyyətlərin önəmini vurğulayıb.

Görüşdə eyni zamanda bu il keçirləcək Qaçqınlar üzrə ilk qlobal forum (QQF) ilə bağlı fikir mübadiləsi aparılıb, forumun müsbət təcrübə mübadiləsi baxımından əhəmiyyəti qeyd edilib.

Həmçinin, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Regional miqrasiya idarələri