AZ EN RU
logo Aliyev
Bakıda Beynәlxalq Miqrant Günü qeyd edilib

Dekabrın 18­-də Dövlәt Miqrasiya Xidmәti, Ombudsman Aparatı, BMqT-nin Azərbaycandakı Nümayəndəliyi və Birləşmiş Millətlər Təşkilatının birgә əməkdaşlığı çərçivəsində Beynәlxalq Miqrant Gününә və “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinin bağlanış mərasiminə hәsr edilmiş tәdbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qeyd edib ki, BMT Baş Assambleyası tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyanın qəbul edildiyi 18 dekabr 1990-cı il tarixi 2000-ci ildən etibarən hər il dünyada Beynəlxalq Miqrant Günü kimi qeyd olunur. Ümumilikdə hazırda dünyada 258 milyondan artıq beynəlxalq miqrant yaşayır, bu da dünya əhalisinin təxminən hər 30 nəfərdən 1-nin miqrant olması deməkdir.

Günümüzdə miqrasiya dövlətlərə, cəmiyyətlərə və miqrantlara bir çox imkanlar təmin etməklə yanaşı, inteqrasiya, köçürülmə, təhlükəsiz miqrasiya və sərhəd idarəçiliyi kimi məsələlərdə bir sıra çətinlikləri də bərabərində gətirir. Müasir dünyada bir çox ölkələr üçün miqrasiya proseslərinin tənzimlənməsi, habelə miqrantların, o cümlədən qaçqınların hüquqlarının qorunması ən aktual problemlərdən biridir. Azərbaycan Respublikası üçün də miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun tənzimlənməsi, həmçinin miqrantların, o cümlədən əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir. 

Xidmət rəisi BMqT-nin Dövlət Miqrasiya Xidməti yarandığı vaxtdan Xidmətin potensiallarının gücləndirilməsi, miqrasiya idarəçiliyinin təkmil və innovativ metodlarla həyata keçirilməsinin dəstəklənməsi, miqrantların hüquqlarının müdafiəsi mexanizminin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səmərəli əməkdaşlıqdan danışıb. Xidmət rəisi vurğulayıb ki, BMqT ilə həyata keçirilmiş və keçirilməkdə olan layihələr, bu layihələr çərçivəsində əldə olunan nəticələr mövcud əməkdaşlığın yüksək səviyyədə olmasından xəbər verir.

Dövlət Miqrasiya Xidməti tərəfindən yaradılmış mobil tətbiqin üstünlüklərinə toxunan Xidmət rəisi MİGAZın əcnəbi və vətəndaşlığı olmayan şəxslərin istər qeydiyyat, istərsə də məlumatlandırma sahəsində daha rahat, çevik və effektiv platforma olduğunu xüsusi vurğulayıb. Vüsal Hüseynov DMX-nin həyata keçirdiyi 1 aylıq təbliğat təşviqat kampaniyası haqqında da tədbir iştirakçılarına geniş məlumat verib. 

Sonda Dövlət Miqrasiya Xidmətinin  rəisi layihəni yüksək qiymətləndirdiyini və əldə olunmuş nəticələrin daha da möhkəmləndirilməsi və gələcəkdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməcəyini vurğulayıb. Tədbirdə iştirak edən hər bir kəsə, xüsusilə layihənin donorlarına, benefisiarlarına və onun uğurlu icrasında yaxından iştirak edən Beynəlxalq Miqrasiya Təşkilatına əldə olunmuş nailiyyətlərə və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirən V.Hüseynov gələcək layihələrdə də uğurlar arzulayıb.

Tәdbirdә həmçinin Ombudsman Elmira Süleymanova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Ghulam İsaczai və  Beynәlxalq Miqrasiya Tәşkilatının (BMqT)  Azәrbaycandakı nümayәndәliyinin rәhbәr əvəzi Meltem Ersan və digәrlәri çıxış edәrәk cәmiyyәtin diqqәtinin miqrantların problemlәrinә yönәldilmәsi vә mәlumatlandırılması baxımından Beynәlxalq Miqrant Gününün әhәmiyyәtindәn danışıblar.

Bildirilib ki, ötən müddət ərzində ölkəmizdə miqrasiya sahəsində görülən işlər nəticəsində miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin rahatlığının təmin edilməsi istiqamətində tədbirlər daha da genişləndirilib.

Vurğulanıb ki, Azәrbaycanda miqrantların vә insan hüquqlarının müdafiәsi prioritet mәsәlәdir. Miqrantlara vә qaçqınlara yaxşı münasibәtdә Azәrbaycan dünyadakı bütün ölkәlәrә nümunә ola bilәcәk miqrasiya idarәçiliyi modeli yaradıb.

Sonda qısametrajlı “Yad” filmi nümayiş olunub,  “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinə aid təqdimatlar dinlənilib.

Regional miqrasiya idarələri