AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında əlaqələr müzakirə olunub

Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında Xidmət rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb.

Görüşdə DMX ilə BMqT-nin Azərbaycandakı nümayəndəliyi arasında əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

V.Hüseynov Xidmətin tərəfdaş beynəlxalq qurum olan BMqT ilə münasibətlərindən danışıb. Miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, xidmət istifadəçilərinin məmnunluğunun təmin edilməsi istiqamətində görülən işlər, şəffaflığın tam təmin edilməsi ilə bağlı konkret əməli addımlar barədə söhbət açıb. Bu gün ümumdünya kontekstində təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya məsələsinin önəminə diqqət çəkib. Humanist və nizamlı miqrasiyanın miqrantlar, habelə cəmiyyətlər üçün əhəmiyyətindən bəhs edib.

Görüşdə DMX ilə BMqT-nin birgə həyata keçirdiyi layihələr, onların icra vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb. Hər iki qurumun ümumi maraq kəsb edən məsələlər üzrə əlaqələrinin perspektivlərinə diqqət çəkilib.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak Azərbaycanda miqrasiya sahəsində görülən proqressiv işlərin ümumi nəticələrindən, DMX ilə səmərəli əməkdaşlıqdan razılıqlarını ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Regional miqrasiya idarələri