AZ EN RU
logo Aliyev

Dövlət Miqrasiya Xidməti Qobustanda maarifləndirmə tədbiri keçirib

Dövlət Miqrasiya Xidməti Ağsu regional miqrasiya idarəsinin xidmət ərazisinə daxil olan Qobustanda “Azərbaycan Respublikasında qeyri-qanuni yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Ərazidə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, vətəndaşsızlıq vəziyyətində olanların, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə üzvlərinin, habelə aidiyyəti dövlət qurumlarının, məhkəmə, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə işçilərinin, ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdı rayon icra hakimiyyəti başçısının müavini Məharət Əkbərov məsələnin əhəmiyyətindən danışıb. Tədbir iştirakçıları adından vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə belə bir maarifləndirmə tədbiri təşkil etdikləri üçün Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra DMX-nin məsul vəzifəli şəxsləri “Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqaməti” barədə tədbir iştirakçılarına geniş məlumat veriblər. Qeyd edilib ki, vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və maarifləndirmə, eləcə də ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri istiqamətində ciddi işlər görülüb.

Maarifləndirici tədbirdə iştirakçılara miqrasiya qanunvericiliyinə edilən əlavə və dəyişikliklərlə bağlı məlumat verilib. Həmçinin Xidmət tərəfindən hazırlanan videoslaydlardan istifadə etməklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyata alınması, ölkədə müvəqqəti olma, müvəqqəti və daimi yaşama qaydaları, habelə vətəndaşlıq məsələləri ilə bağlı ətraflı bəhs olunub.

Tədbir iştirakçılarına mövzu ilə bağlı DMX tərəfindən hazırlanan bukletlər və tələb olunan sənəd siyahıları təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda müraciət edən şəxslərə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı, Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi, habelə müvəqqəti yaşama icazələrinin verilməsi ilə əlaqədar səyyar xidmət göstərilib, şəxslərin müvafiq müraciətləri qəbul edilib.

Regional miqrasiya idarələri