AZ EN RU
logo Aliyev

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması

Miqrasiya Məcəlləsinə əsasən müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma hüququ verən rəsmi sənəddir.

Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında 60 günədək uzadıla bilər.

 Müvəqqəti olma müddətinin uzadıldığı hallar:

  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;
  • Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;
  • xidməti zərurətlə əlaqədar Azərbaycana gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;
  • Tranzit keçid zamanı nəqliyyatın hərəkətinə maneə olan təbii fəlakət baş verdikdə; Həmçinin avtonəqliyyat vasitəsinin (onun hissələrinin) sıradan çıxması, yaxud yolnəqliyyat hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda;

Sadalanan hallardan heç biri olmadıqda, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olması ölkəmizin milli təhlükəsizliyinə; respublikamızda ictimai asayişə zərər vura biləcəyi hallarda; müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; Azərbaycan ərazisinə girişinə qadağa qoyulduqda; ölkə ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; pasportlarının və ya digər sərhədkeçmə sənədlərinin etibarlılıq müddətlərinin bitməsinə 1 aydan az vaxt qaldıqda onların ölkədə müvəqqəti olma müddəti uzadılmır.

“Dövlət rüsumu haqqında” Qanuna əsasən yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

  • 30 günədək 30 manat
  • 60 günədək 60 manat

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə isə:

  • 30 günədək 15 manat
  • 60 günədək 30 manat məbləğində dövlət rüsumu tutulur.

Müvəqqəti olma müddətinin uzadılması üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tranzit keçidi zamanı məcburi dayanma halları istisna olmaqla, müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış Dövlət Miqrasiya Xidmətinə müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər.

Regional miqrasiya idarələri