AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında həyata keçirir  

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin Yeni Azərbaycan Partiyasının saytına (www.yap.org.az) müsahibəsi

- Firudin müəllim, bir neçə gün əvvəl BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşündə iştirak etmisiniz. Bu barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirəm.

- Plenar iclas və altı interaktiv dəyirmi masa formatında keçirilən  yüksək səviyyəli görüşdə bir sıra dövlət və hökumət başçıları, nazirlər, elmi-tədqiqat mərkəzlərinin və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirdi. Tədbirdə böyük qaçqın axınlarının aradan qaldırılması, miqrasiya, xüsusilə böyük miqrant axınlarının səbəblərinin aradan qaldırılması və miqrantların verdiyi müsbət töhfələrin vurğulanması kimi vacib məsələlər müzakirə olundu.

BMT-nin Baş Assambleyası prezidentinin sədrlik etdiyi görüşün keçirilməsində məqsəd qeyd edilən sahədə daha humanist və əlaqələndirilmiş yanaşmanın formalaşdırılması üçün ölkələrin bir araya gətirilməsi idi. “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşdə və görüş çərçivəsində “Qaçqın və miqrantlar, habelə köçürülmə ilə bağlı məsələlər üzrə beynəlxalq tədbirlər və əməkdaşlıq: qabaqdakı yol” adlı dəyirmi masada tərəfimizdən bir sıra ciddi məsələlər qaldırıldı. Azərbaycanın məcburi köçkün məsələsinə verdiyi önəm və həssaslığın səbəbləri bu yüksək tribunadan bir daha səsləndirildi.

Məlum olduğu kimi Ermənistan tərəfindən ərazisinin işğalına görə ölkəmiz genişmiqyaslı məcburi köçürülmə problemi ilə üzləşib. 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir. 25 ildən artıqdır ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq özünün işğalçılıq siyasətini, hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylərini davam etdirir və yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarına qayıdışını əngəlləyir. BMT Təhlükəsizlik Şurası tərəfindən işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi ilə bağlı 1993-cü ildə qəbul edilmiş 4 qətnamə təəssüf ki, icra olunmur. Qeyd etmək lazımdır ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq imkanı verilməsinin zəruriliyi ilə bağlı beynəlxalq birliyin tələbinin yerinə yetirilməsi onların hüquqlarının hərtərəfli təminatı üçün olduqca zəruridir. Bundan başqa, təəssüflə qeyd etməliyik ki, Ermənistan hazırkı qaçqın və miqrant böhranından sui-istifadə edərək, Suriyadan olan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırır. Diqqətə çatdırıldı ki, bu beynəlxalq humanitar hüququn, ilk növbədə 1949-cu il dördüncü Cenevrə Konvensiyasının və Əlavə Protokollarının kobud surətdə pozulmasıdır.

Bilirsiniz ki, Ümummilli lider Heydər Əliyevin və hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz doğma yerlərindən qovulmuş məcburi köçkünlərin bütün problemlərini öz üzərinə götürüb. Azərbaycan hökuməti tərəfindən bu insanların məşğulluq, təhsil, yaşayış və tibbi, sosial təminatı ilə əlaqədar tədbirlər davamlı olaraq həyata keçirilir. Belə ki, ötən dövr ərzində Azərbaycan hökuməti tәrәfindәn məcburi köçkünlәr üçün yüzə yaxın müasir qәsәbә salınıb, minlərlə qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Son 20 il ərzində Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həllinə təxminən 6 milyard ABŞ dolları həcmində vəsait xərclənib. Azərbaycan hökumətinin məcburi köçkünlərin problemlərinin həll olunması sahəsində səyləri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı və digər təşkilatlar tərəfindən yüksək dəyərləndirilib. Bu fikirlər həmin tribunadan iştirakçıların nəzərinə çatdırıldı.

- Bəs Azərbaycanda miqrantlar və onların ailə üzvlərinin hüquqlarının qorunması ilə bağlı hansı işlər görülür, hansı ölkələrlə sazişlər imzalanıb və yaxud belə sazişlərin imzalanması gözlənilir?

- Qeyd edim ki, Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında həyata keçirir və hər zaman miqrantların hüquqlarının qorunmasına xüsusi önəm verir. Hüquqlarını bilməyən, ölkədə olmasını leqallaşdırmayan miqrantlar hər an insan alveri qurbanı olmaq təhlükəsi ilə qarşılaşa bilərlər. Bu zaman qanunun tələblərinə riayət etməyən miqrantların hüquqlarını qorumaq müşkül bir məsələyə çevirilir. Məhz bu kimi xoşagəlməz hadisələrin baş verməməsi üçün əcnəbilər Dövlət Miqrasiya Xidmətinə, Xidmətin regional idarələrinə müraciət edib ölkə ərazisində müvəqqəti olmalarını, yaşamalarını leqallaşdırmalı, fəaliyyətlərini qanuni əsaslarla həyata keçirməli, bu sahədə mövcud olan qanunlarımızı bilməli və ona riayət etməlidirlər.

Dövlət Miqrasiya Xidməti bununla əlaqədar əcnəbi və vətəndaşlığı olmayan şəxsləri, ictimaiyyəti maarifləndirmək və məlumatlandırmaq məqsədilə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirir.

Miqrasiya Məcəlləsinin 54-cü maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi və Təhsil Nazirliyi nümayəndələrindən ibarət komissiya tərəfindən yoxlanılır. Azərbaycanın dövlət dilini bilmək miqrantların yerli əhali ilə ünsiyyətinin asanlaşdırılması və cəmiyyətimizə inteqrasiyası baxımından əlbəttə çox mühüm amildir. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər öz arzuları ilə Azərbaycan dilini, tarixini, mədəniyyətini, öz hüquq və vəzifələri ilə bağlı qanunvericiliyi öyrənmək üçün Dövlət Miqrasiya Xidmətinin təlim-tədris mərkəzinə müraciət edə bilərlər. Onlar üçün müvafiq yer ayrılıb, xüsusi proqramlar hazırlanıb və kurslar təşkil edilib.

Bununla yanaşı, Azərbaycan miqrantların hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrasiya proseslərinin idarəolunması və proqnozlaşdırılması məqsədilə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.

Miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər imzalayıb. Belə ki, miqrasiya sahəsində əməkdaşlığa dair Türkiyə, Moldova, Qazaxıstan, Qırğızıstan, Ukrayna və Belarus ilə ikitərəfli sazişlər mövcuddur. Hazırda bir neçə ölkə ilə də belə sazişlərin imzalanması gözlənilir. Miqrantların, o cümlədən digər ölkələrdə miqrant həyatı yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsi, sosial müdafiəsi, işə düzəlmə prosedurlarının asanlaşdırılması bu sazişlərin əsasını təşkil edir.

Bundan əlavə, ölkəmiz Avropa İttifaqı və Norveç ilə imzaladığı readmissiya sazişləri çərçivəsində qanunsuz vəziyyətdə olan miqrantların geri qaytarılmasını həyata keçirməklə, onların insan hüquqlarının müdafiəsini də təmin edir. Bir sıra digər ölkələrlə də belə sazişlərin imzalanması istiqamətində işlər davam etdirilir.

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dəqiq uçotu necə aparılır?

- Әsası ulu öndәr Heydәr Әliyev tәrәfindәn qoyulmuş inkişaf strategiyasına uyğun olaraq iqtisadi tərəqqi və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən Prezident İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib. Azərbaycan Respublikasında müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər, ölkəmizdəki siyasi sabitlik, həmçinin ölkəmizin geosiyasi mövqeyi dünyanın müxtəlif yerlərindən Azərbaycana miqrasiya edənlərin sayının artmasına səbəb olub. Azərbaycan Respublikasında yaşayan, işləyən və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dəqiq uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin nəzdində Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) yaradılıb. VMMS ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradıb.

- Son dövrlər Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə əlaqədar genişmiqyaslı tədbirlərin həyata keçirildiyi ilə bağlı məlumatlar verilir. Nə kimi tədbirlər görülür?

- Vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub.  Vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində konkret işlər görülür. Dövlət Miqrasiya Xidməti tərəfindən respublikanın ayrı-ayrı bölgələrində vətəndaşsızlıqla bağlı keçirilən çoxsaylı maarifləndirmə tədbirləri, görüşlər də öz bəhrəsini verir. Belə ki, istər vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, istərsə də vətəndaşlığa qəbul və bərpa ilə bağlı müraciətlərin sayı bunu deməyə əsas verir.

Azәrbaycan Prezidentinin müvafiq sәrәncamları ilә 2008­-ci ildәn indiyәdәk 1682 nәfәr Azәrbaycan vәtәndaşlığına qәbul və bərpa edilib. Bununla belә, bu müddәt әrzindә 61 mindən çox şәxsin Azәrbaycan Respublikası vәtәndaşlığına mәnsubiyyәti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәtini tәsdiq edәn sәnәdlәrlә tәmin edilib.

- Hansı hallarda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır?

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli  84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na əsasən aşağıdakı hallardan hər hansı biri olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır:

 ·   “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olmuş şəxslər həmin tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda;

·     1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda;

 ·     Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda;

 ·     Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda:

1) doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa;

2)   doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa;

 · Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs;

  ·   Əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq;

·       Əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq;

·   Valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı;

·       Uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı;

·       Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda;

·      Valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı.

Bundan başqa, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olmuş və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin bu Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olduqda, həmin şəxslərin Azərbaycan vətəndaşlığına mənsubiyyətləri tanınır.

- Bəs əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşlığına hansı hallarda qəbul edilə bilərlər?

- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Həmçinin aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeyd olunan müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:

1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;

2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.

Eləcə də, şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, qeyd olunan şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Bundan başqa, əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxs öz vəsatəti əsasında Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilə bilər.

Bir məsələni də qeyd edim ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna 2014-cü il 30 may tarixli dəyişikliklər əsasında yeni redaksiyada verilmiş qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Və xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsilə Xarici İşlər Nazirliyinə yazılı məlumat verməlidir. Əks halda Cinayət Məcəlləsinin 318-2-ci  maddəsinə  əsasən, həmin vətəndaşlar  3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər ilə cəzalandırılırlar.

- Miqrasiaya prosesinin idarə olunmasını, tənzimlənməsini həyata keçirən bir orqan kimi Sizin rəhbərlik etdiyiniz Xidmət həm də prosesə dövlət nəzarətini də həyata keçirir.  Dövlət nəzarəti işinin təşkili haqqında nə deyə bilərsiniz?

- Azərbaycanda miqrantların rahatlıqlarını təmin etmək üçün Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini Dövlət Miqrasiya Xidməti həyata keçirir. Respublikada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qaçqın statusunun müəyyənləşdirilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, eləcə də vətəndaşlıq məsələlərinin həlli ilə məşğul olan hüquq-mühafizə orqanı status­unu daşıyan Xidmət həm də miqrasiya qanunvericiliyinin tətbiqində yol verilə biləcək nöq­san və sui-istifadə­lə­rin, miq­ra­siya proses­lərinin neqa­tiv təsirinin aradan qal­dı­rılmasını, qeyri-qanuni miqrasiyaya qarşı effektiv mübarizə tədbir­ləri­ni həyata keçirir.

Belə ki, əcnəbi və vətəndaşlığı olmayan şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda, Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə, yaxud miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda onların Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağa qoyulur.

Xatırladım ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və icazə alınması ilə bağlı digər əsaslar olmadıqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizin ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir, əvvəl verilmiş icazə isə ləğv edilir. Həmçinin Miqrasiya Məcəlləsinin tələbinə görə  əcnəbi 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda, yaxud ölkəmizdə müvəqqəti yaşadığı dövrdə  gəlişinin bəyan edilmiş məqsədini pozduqda da ona müvəqqəti yaşamaq üçün icazə verilmir, yaxud əvvəl verilmiş icazə ləğv edilir.

Bundan əlavə ölkə ərazisində qanunsuz yaşayan, eləcə də qaçqın statusu almaq niyyətində olan şəxslər hüquqi statusları müəyyənləşənədək qanunda göstərilən müddətə kimi Dövlət Miqrasiya Xidmətinin Bakı və Yevlax şəhərlərində beynəlxalq standartlara uyğun olan Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərində yerləşdirilir, qanunamüvafiq tədbirlər görülür, müvafiq qərarlar qəbul olunur.

Miqrasiya Məcəlləsində Azərbaycan Respublikasının ərazisində olmalarının arzuolunmaz hesab edilməsi proseduru müəyyən edilmişdir. Bir daha onu da xatırladım ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin arzuolunmaz hesab edilməsinin 5 il müddətinə müəyyən edilməsi, müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilməsi və həmin şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilməsi miqrasiya orqanları tərəfindən həyata keçirilir. Əlbəttə, deyə bilmərik ki, bu gün respublikamızda müvəqqəti olma və yaxud ölkədə müvəqqəti və daimi yaşama qaydalarını pozan, etibarsız sənədlərlə yaşayan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan qeyri-leqal miqrantlar yoxdur. Dünyanın bütün ölkələrində qanunsuz miqrasiya halları var. Əsas məsələ bu arzuolunmaz halın qarşısını almaq və qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparmaqdır. Dövlət Miqrasiya Xidməti bu işin öhdəsindən uğurla gəlir və bu barədə məlumatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanır.

Fürsətdən istifadə edib bir daha ölkəmizə təşrif buyurmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edirəm ki, onlar qanunvericiliyin tələbinə uyğun olaraq ölkədə olmaq və yaşamaqlarını leqallaşdırsınlar müəyyən olunmuş müddətdə qeydiyyata düşsünlər. Ümumiyyətlə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, DMX-nə bu barədə mütləq məlumat verməli və yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. 

 

Regional miqrasiya idarələri