AZ EN RU
logo Aliyev
Azərbaycanın iqtisadi maraqlarının qorunmasında Dövlət Miqrasiya Xidmətinin rolu

(Məqalə “Respublika” qəzetinin 16 mart 2014-ci il tarixli 056 (4929) nömrəli sayında dərc edilmişdir)

 

“Azərbaycan nadir inkişaf templərini nümayiş

 etdirir.Əlbəttə ki, buraya gəlmək, işləmək istəyənlərin

 sayı artır, Dövlət Miqrasiya Xidməti bütün lazımi tədbirləri

görür. Bu tədbirlər daha da səmərəli olmalıdır ki, biz ilk

növbədə, Azərbaycan vətəndaşlarının əmək bazarında işlə

təmin edilməsi məsələlərinə baxaq, onları tamamilə həll edək”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

Bu gün demokratik, bəşəri dəyərlərin bərqərar olduğu, tolerant bir cəmiyyətin formalaşdığı, müstəqil və müasir Azərbaycan Respublikasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqsədi davamlı və dayanıqlı iqtisadi inkişafa, dünya birliyinə sürətli inteqrasiyaya, dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilib. Artıq görülən işlər öz bəhrəsini verməkdədir. Azərbaycan qısa zamanda əldə etdiyi dinamik inkişafı ilə bu gün dünyanı heyrətləndirməkdədir. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrində ildən-ilə əldə edilən yüksək nəticələr Azərbaycanın qüdrətini daha da artırmaqdadır. Sözsüz ki, bu uğurların əsasında uzaqgörənliklə düşünülmüş və uğurla reallaşdırılan dövlət siyasəti dayanır.

 

İqtisadiyyatı dinamik inkişaf edən Azərbaycanda siyasi sabitlik qorunur, çoxsaylı müəssisələr yaradılır, texnoparklar salınır, yeni-yeni iş yerləri açılır, əhalinin maddi vəziyyəti yaxşılaşdırılır, yerli və regional infrastruktur layihələri müvəffəqiyyətlə gerçəkləşdirilir. Hazırda Azərbaycan dünyaya uğurla inteqrasiya edir. Ölkənin sürətli inkişafı 2000-ci illərin əvvəllərindən Azərbaycana miqrant axınının artmasına səbəb olmuşdur. Miqrantlar adətən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar, Respublikamızda  müşahidə olunan iqtisadi sıçrayış əcnəbilərin diqqətini ölkəmizə cəlb edib və onların sayı ildən-ilə artır. Qeyd olunan bu müsbət amillər əcnəbilərin ölkəmizdə yaşamaq, təhsil almaq, işləmək, hətta Azərbaycan vətəndaşı olmaq marağını artırmaqdadır. Dövlətimizin başçısı cənab İlham Əliyevin söylədiyi kimi “Azərbaycanın qapıları xoş məramla gələn hər bir əcnəbi üçün açıqdır. Əcnəbilər ölkəmizə gələ, yaşaya, işləyə və təhsil ala bilərlər. Lakin bütün bunlar qanun çərçivəsində tənzimlənməlidir”.

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən hüquq-mühafizə orqanı kimi bu sahədə üzərinə düşən vəzifələrin öhdəsindən daima layiqincə gəlməyə çalışır. Müasir dövrdə qanunsuz miqrasiya prosesləri hər bir dövlətin milli təhlükəsizliyi üçün aşkar problemlər yaradır. Məhz bu səbəbdən də dövlətlər təhlükəsizlik maraqlarının təmini, eləcə də daxili əmək bazarının qorunması baxımından qanunsuz miqrasiyaya qarşı mübarizə aparır, bu sahənin çevik və işlək mexanizmlər əsasında tənzimlənməsini təmin edir.  Hər bir ölkə əcnəbilərin onun ərazisində olmaq, yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq prosedur qaydalarını və şərtlərini müəyyən edir.

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti miqrantların hüquqlarının qorunmasına xüsusi önəm verir. Məhz ölkəmizə gələn əcnəbilərin Dövlət Miqrasiya Xidmətinə müraciət etmələri və ölkənin miqrasiya qanunvericiliyinə riayət olunması onları sonradan baş verə biləcək hər hansı bir təhlükədən müdafiə etməyə hüquqi əsas yaradır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyan etmişdir ki, “Azərbaycan inkişaf etdikcə buraya gəlmək istəyən əcnəbilərin sayı artacaqdır. Bu, dövlətimiz üçün müsbət amil sayıla bilər. Lakin biz istənilən halda öz xalqımızın, öz vətəndaşlarımızın, öz dövlətimizin mənafeyini üstün tutmalıyıq və həyata keçirilən miqrasiya siyasətinin prioritet istiqaməti də bu olmalıdır”.

 

Bu bir həqiqətdir ki, ölkəmizin sürətli iqtisadi tərəqqisi, investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dövlət dəstəyi, qeyri-neft sektorunun inkişafı, yeni istehsal sahələrinin yaradılması dünyanın nüfuzlu şirkətlərinin ölkəmizdə iş qurmaq marağını artırmışdır. Qeyd edək ki, əcnəbilər təkcə paytaxtda deyil, həmçinin Respublikanın müxtəlif regionlarında əmək fəaliyyəti ilə məşğul olurlar. Uğurla həyata keçirilən islahatlar nəticəsində davamlı miqrant axınının ölkəmizin milli maraqları çərçivəsində tənzimlənməsi və daxili əmək bazarının qanunsuz miqrantlardan qorunması təmin olunur. Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən əcnəbilərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər - iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasıdır. Xatırladaq ki, 2013-cü ildə Nazirlər Kabineti tərəfindən əmək miqrasiyası kvotası 12.000 nəfər müəyyən edilmişdir. Ötən il ərzində haqqı ödənilən əmək fəaliyyətini həyata keçir­mələri üçün 11.938 əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə iş icazələri verilmişdir.

 

1 avqust 2013-cü il tarixdə qüvvəyə minmiş Miqrasiya Məcəlləsində əksini tapmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallarla bağlı bəzi yeniliklərə diqqət çəkmək istərdim:

 

  • Ölkə ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olan əcnəbilərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi;
  • ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoymuş əcnəbilərə daha uzun müddətə (3 illik) Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi;
  • iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda və s.  

Amma sonuncu hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası vətəndaşı olması tələb olunur.

 

Hüquq-mühafizə orqanı statusuna malik olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ölkənin milli təhlükəsizliyinin və iqtisadi maraqlarının qorunması, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müntəzəm olaraq müvafiq tədbirlər həyata keçirməkdədir. Nəticədə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeyri-qanuni yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq halları aşkar edilərək qarşısı alınır.

 

Yuxarıda qeyd olunan şərtlərə riayət olunması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən müntəzəm olaraq sahibkarlıq subyektlərində yoxlamalar aparılır. Məqsəd işəgötürənlərin fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkarlanaraq qarşısının alınmasıdır. Ötən il əcnəbilərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün Azərbaycan qanunvericiliyinin izahı ilə bağlı Dövlət Miqrasiya Xidmətində təşkil edilmiş görüşlər, qəbullar sözsüz ki, öz müsbət təsirini göstərmişdir. BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qordon Birrellin rəhbərlik etdiyi nümayəndə heyətilə Xidmətdə keçirilmiş görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq, eləcə də BP şirkətinə cəlb edilən əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları və yaşamaları üçün müvafiq icazələrin verilməsi məsələləri ilə bağlı müzakirələr aparılmışdır. Bundan əlavə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Namik Ata, eləcə də “Azərbaycan Türk Sənayeçi və İş Adamları” Beynəlxalq Birliyi (TÜSİAB) və Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) nümayəndələri və şirkət rəhbərləri ilə görüşdə qeyd edilmişdir ki, Azərbaycanın iqtisadi inkişafı nəinki xarici investisiyaların axınını sürətləndirmiş, həmçinin, burada əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərin də sayının artmasına səbəb olmuşdur. Bu da öz növbəsində miqrasiya proseslərinə nəzarətin gücləndirilməsi zərurətini aktuallaşdırmışdır. Yeni iş yerlərinin açılması əməkçi miqrantların Respublikamıza miqrasiya etmək marağını artırsa da, Azərbaycan Respublikasının Prezidenti çıxışlarında dəfələrlə vurğulamışdır ki, ilk növbədə yerli əmək bazarının potensialından istifadə olunmalıdır. Miqrasiya proseslərinə nəzarətin gücləndirilməsinin zəruriliyi, habelə ölkəmizdə fəaliyyət göstərən şirkət rəhbərlərinin Azərbaycan qanunlarına riayət etmələrinin vacibliyi daim diqqət mərkəzində saxlanılır.

 

Dövlət Miqrasiya Xidmətində ölkədə fəaliyyət göstərən bir sıra bankların nümayəndələri ilə keçirilmiş görüşdə də əsas diqqət  miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı sahibkarlıq subyektlərinin və iş adamlarının üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir. Ölkədə müvəqqəti yaşama icazəsinin verilməsi üçün əsas olan hallardan biri kimi əcnəbilər tərəfindən Azərbaycan Respublikasının banklarına yuxarıda qeyd etdiyimiz kimi, qanunvericiliklə müəyyən edilmiş məbləğdə pul vəsaitinin qoyulmasıdır. Çünki, bu, əcnəbilər tərəfindən Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsi almaq üçün böyük əhəmiyyət kəsb edir. Bununla bağlı Dövlət Miqrasiya Xidməti və ölkənin bank sistemi arasında qarşılıqlı hörmət və anlaşma prinsipi əsasında əməkdaşlığın qurulmasının vacibliyi tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır. Daha sonra tərəflər sənədləşmə ilə bağlı məsələləri, o cümlədən bank arayışlarının etibarlılığının yoxlanılmasına dair Xidmət tərəfindən ünvanlanan müvafiq sorğuların cavablandırması ətrafında fikir mübadiləsi aparmış, bu sahədə yarana biləcək problemlərin həlli ilə bağlı qarşılıqlı əməkdaşlıq edəcəkləri barədə yekdil fikrə gəlmişlər.

 

Müasir dünyada miqrasiya proseslərinin tənzimlənməsi, miqrantların, xüsusilə əməkçi miqrantların hüquq və azadlıqlarının qorunması ən aktual məsələlərdən biridir. Demokratik dəyərlərə böyük önəm verən və dünya birliyinə inteqrasiya istiqamətində uğurlu addımlar atan Azərbaycan Respublikası üçün miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsinin təmini, əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi inkişafın prioritet istiqamətlərindəndir. Xarici ölkələrdə əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının problemlərinin aradan qaldırılmasına dair məsələlər həmin ölkələrin müvafiq dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində həll olunur. Miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər imzalamışdır. Belə ki, miqrasiya sahəsində əməkdaşlığa dair Moldova, Qazaxıstan, Qırğız, Ukrayna və Belarus dövlətləri ilə ikitərəfli sazişlər mövcuddur. Həmçinin, 13 noyabr 2013-cü il tarixdə Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası çərçivəsində imzalanmış ikitərəfli münasibətlərin inkişafına, eləcə də Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında əmək miqrasiyası sahəsində əməkdaşlığın gücləndirilməsinə, o cümlədən hər iki ölkənin vətəndaşlarının hüquqlarının qorunmasına xidmət edən “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair Saziş” mühüm əhəmiyyət kəsb edir.

 

Xüsusi olaraq qeyd etmək lazımdır ki, layihəsi 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış və hər iki ölkənin müvafiq qurumları  tərəfindən qarşılıqlı müzakirələrdən sonra 2014-cü ildə imzalanması nəzərdə tutulmuş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Rusiya Federasiyasının Federal Miqrasiya Xidməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş” mövcud münasibətlərin daha da  gücləndirilməsinə xidmət edəcəkdir.

 

Ümumiyyətlə, miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması, sosial müdafiəsi, işə düzəlmə prosedurlarının asanlaşdırılması bu sazişlərin əsasını təşkil edir. Əlbəttə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasında məhz ölkəmizin inkişafı, dövlətin təhlükəsizliyinin təmin edilməsi, vətəndaşların rifahının yüksəldilməsi dayanır. Belə olan halda qanunlara hörmətlə yanaşmaq hər bir vətəndaşın, eləcə də ölkəmizə gələn əcnəbilərin vəzifə borcudur.

 

Pərviz Musayev

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini,

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri

 

 

Regional miqrasiya idarələri