AZ EN RU
logo Aliyev
Dövlət miqrasiya siyasəti uğurla həyata keçirilir

(Məqalə “Respublika” qəzetinin 18 dekabr 2012-ci il tarixli sayında dərc edilmişdir)

 

18 dekabr Beynəlxalq Miqrant Günüdür. 1990–cı ilin həmin günündə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyanı qəbul edib. 2000–ci ildə isə BMT Baş Məclisi Konvensiyanın qəbul edildiyi günü Beynəlxalq Miqrant Günü elan edib. Həmin vaxtdan etibarən dekabrın 18–i dünyanın hər yerində Beynəlxalq Miqrant Günü kimi qeyd edilir. Azərbaycan bu Konvensiyaya 1998–ci ildən qoşulub.

Miqrasiya bəşər tarixinin bütün mərhələlərində mövcud olub

Çox qədim və mürəkkəb sosial proses olan əhali miqrasiyası ayrı–ayrı bölgələrin və ölkələrin sosial–iqtisadi inkişaf səviyyələri, eyni zamanda siyasi və mənəvi amillərlə sıx bağlıdır. Sinfi cəmiyyətin yaranmasına qədər miqrasiya kortəbii xarakter daşıyıb. Dünyada ilk miqrasiya prosesləri ibtidai icma dövründə təbii şəraitdən asılı olaraq baş verib. Beləliklə, miqrasiya bəşər tarixinin bütün mərhələlərində mövcud olub, insanlar yaxşı, sakit və firavan həyat yaşamaq naminə bu şəhərdən və ya ölkədən digərinə köç ediblər.

Çağdaş dövrdə isə beynəlxalq iqtisadi–siyasi münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsi, iqtisadi və sosial–mədəni həyatın beynəlmiləlləşdirilməsi, eyni zamanda müharibələrin, milli, irqi, regional münaqişələrin, fövqəladə vəziyyətlərin və təbii fəlakətlərin doğurduğu problemlər əhalinin daha çox kütləvi miqrasiyası ilə müşayiət olunur. Bununla belə, yeni dünya düzəninin diktə etdiyi obyektiv gerçəkliklər fonunda sürətli qloballaşmanın açdığı yeni era miqrasiya sahəsində yeni imkanlarla bərabər, həm də bütün dünyada cəmiyyətlər və ölkələr qarşısında yeni problemlərin yaranmasına səbəb olub. Xüsusilə qeyd edilməlidir ki, qloballaşma prosesləri ilə əlaqədar geniş vüsət almış qeyri–qanuni miqrasiya prosesləri dövlətlərin milli təhlükəsizliyi üçün aşkar problemlər doğurduğundan dövlətlərin milli təhlükəsizliyi baxımından miqrasiyanın da çevik mexanizmlər əsasında idarə olunmasını aktual məsələlərdən birinə çevirir. Çünki qeyri–qanuni miqrantlar arasında bəzən müxtəlif ağır cinayətlərə görə hüquq–mühafizə orqanlarının axtarışında olan cinayətkarların – terrorçuların, silah–sursat, narkotik vasitə, habelə insan alverçilərinin, dini–siyasi ekstremistlərin və s. olması vəziyyəti daha da ciddiləşdirir. Buna görə də hər bir sivil dövlət həm daxili əmək bazarının, həm də ümumən təhlükəsizlik maraqlarının təmini baxımından qeyri–qanuni miqrasiyaya qarşı mübarizə aparır, bu sahənin çevik və işlək mexanizmlər əsasında tənzimlənməsini təmin edir.

Azərbaycan üçün miqrasiya prosesləri yenilik deyil

Doğrudur, Azərbaycan üçün bütövlükdə miqrasiya prosesləri yeni bir məfhum deyil. Ölkəmiz ötən əsrin 80–ci illərinin sonlarında daxili–xarici məcburi miqrasiyaya məruz qalmışdır. Ermənistanın apardığı deportasiya, soyqırımı və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan keçmiş SSRİ–də qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş ilk respublika olub. Ermənistanın etnik təmizləmə və təcavüzkarlıq siyasəti nəticəsində yüz minlərlə soydaşımız doğma ev–eşiyindən didərgin düşərək, respublikamızın müxtəlif bölgələrində sığınacaq tapıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra miqrasiya proseslərinin tənzimlənməsi məsələsi yeni ictimai–iqtisadi formasiyanın ən aktual məsələlərindən biri kimi gündəmə gəlsə də, bu istiqamətdə ilk praktiki addımlar ulu öndər Heydər Əliyevin 1993–cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra atılıb. Azərbaycanın müharibə şəraitində yaşamasını, 1 milyondan artıq qaçqın və məcburi köçkünün doğma torpaqlarından didərgin düşməsini, o cümlədən respublikanın əlverişli geosiyasi məkanda yerləşməsini, əhəmiyyətli tranzit–kommunikasiya imkanlarını nəzərə alan dahi siyasətçi Heydər Əliyev ölkədə daxili–məcburi miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinin əsasını yaratdı. Ulu öndərin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində respublikamızdan bir sıra inkişaf etmiş dövlətlərə emiqrasiya prosesi zəifləyib, digər xalqları təmsil edən bir çox ailələr geri qayıdıblar.

Ulu öndərin qətiyyətinin və siyasi uzaqgörənliyinin nəticəsi kimi 1994–cü ildə dünyanın nüfuzlu neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra milli iqtisadiyyata xarici investisiya qoyuluşlarının həcminin artması, müxtəlif sahələrdə infrastruktur və biznes layihələrinin həyata keçirilməsi əmək miqrantlarının ölkəmizə axını prosesini sürətləndirmişdir. Eyni zamanda, modernləşmə prosesində onların zəngin təcrübəsindən istifadə yeni dövrün obyektiv reallıqları ilə şərtləndirilib. Respublikamızın bütün sahələrdə yeniləşdirilməsi, idarəetmədə müasir texnologiyaların tətbiqi zərurəti ilə bağlı yüksək ixtisaslı əcnəbi mütəxəssislərin əmək bazarındakı mövqeyinin möhkəmlənməsi bir sıra nazirliklərin tərkibində miqrasiya proseslərinin idarə olunması üzrə yeni strukturların formalaşdırılması ilə nəticələnib. Ulu öndər Heydər Əliyev hələ o vaxtlar öz müdrikliyi və uzaqgörənliyi ilə miqrasiya prosesinin mahiyyətini açıqlayaraq deyib: “Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən pozitiv xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”.

Bu sahədə dövlət siyasətini uğurla davam etdirərək, yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 9 ildə həm xarici, həm də daxili miqrasiyanın mənfi təzahürlərinin aradan qaldırılması istiqamətində səmərəli və məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlət başçısı, xüsusən də, regionlardan Bakıya və digər iri şəhərlərə yüksək axının – urbanizasiya prosesinin qarısının alınmasını ilk gündən iqtisadi siyasətdə mühüm prioritetlərdən biri kimi müəyyənləşdirmiş, sosial ədalət prinsipinin qorunması baxımından respublikanın hər bir bölgəsinin proporsional inkişafını vacib sayıb. Problemin miqyasını və Azərbaycan üçün aktuallığını nəzərə alan cənab İlham Əliyev hələ hökumət üzvləri ilə 17 noyabr 2003–cü ildə keçirdiyi ilk iclasda regionların tarazlı və davamlı inkişafını iqtisadi siyasətdə vacib istiqamətlərdən biri kimi müəyyənləşdirib.

Xüsusilə qeyd etməliyik ki, Azərbaycan Prezidentinin təsdiq etdiyi regionlarının sosial–iqtisadi inkişafına dair dövlət proqramları, ilk növbədə, regionların qeyri–proporsional inkişafının qarşısını almağa xidmət edən təkmil konsepsiya olmaqla, sosial–iqtisadi səbəblərlə bağlı daxili miqrasiyanın fəsadlarının aradan qaldırılmasına yönəlib. Dövlət proqramının yekunları ilə bağlı keçirilmiş konfransın yekunları regionların tarazlı inkişafı, infrastrukturun yeniləşdirilməsi, yeni iş yerlərinin açılması, sosial problemlərin həlli nəticəsində respublikada sosial–iqtisadi səbəblərlə bağlı daxili miqrasiyanın səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını bir daha təsdiqləyib. Bir müddət kənd və qəsəbələrdən iş dalınca Bakıya üz tutan vətəndaşlar indi geri qayıdır, yaşadıqları yerlərdə işlə təmin olunurlar.

Çağdaş dövr miqrasiya ilə bağlı çevik siyasətin həyata keçirilməsini zəruri edir

Azərbaycan Respublikasında aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəldilməsi və bütün sahələrdə müşahidə olunan sürətli inkişaf ölkəmizə gələn əcnəbilərin sayının ildən–ilə əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Azərbaycan inkişaf etdikcə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün daha cəlbedici bir regiona çevrilir, ölkəmizə miqrasiya axını ildən–ilə artır. Beləliklə, sürətli sosial–iqtisadi tərəqqi, energetika və nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişləndirilməsi, eyni zamanda əlverişli geosiyasi mövqe Azərbaycan Respublikasında da miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarıb. Eyni zamanda, ölkəmizin bir sıra dövlətlərlə vizasız gediş–gəliş rejiminin mövcud olması nəticəsində respublikamızın ərazisindən tranzit qaydada keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getmək istəyən, yaxud qanuni əsaslar olmadan ölkə ərazisində yaşamaq istəyən əcnəbilərin sayının artmasına səbəb olub. Bu da, öz növbəsində, ölkənin inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini və bu sahədə beynəlxalq əməkdaşlığı zəruri edir. Bu reallıqları nəzərə alan Prezident cənab İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin edib.

Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial–iqtisadi, demoqrafik inkişafının təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, insan alveri də daxil olmaqla, qeyri–qanuni miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2006–cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006–2008–ci illər)” təsdiq edilib. Proqramın uğurla icrası nəticəsində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri–qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirləri ilə bağlı mühüm işlər görülüb.

2007–ci ilə qədər Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi ayrı–ayrı nazirliklərin müvafiq idarələri tərəfindən həyata keçirilirdi. Prezident cənab İlham Əliyevin 19 mart 2007–ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması isə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədinə xidmət etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılış mərasimində deyib: “Miqrasiya Xidmətinin yaradılması çox düzgün və vaxtında atılmış addım idi. Biz bu qərara gələndə hələ o vaxt deyə bilərəm ki, Azərbaycana gəlmək istəyən miqrantların sayı o qədər də çox deyildi. Ancaq biz bilirdik ki, Azərbaycanın uğurlu inkişafı və bütün proqramların icrası nəticəsində xaricdən işçi qüvvəsinin axını güclənəcəkdir. Bu gün biz bunu görürük, ona görə bütün addımları vaxtında atmışıq”.

Dövlət Miqrasiya Xidməti ölkə ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmələri üzərində miqrasiya sahəsinə nəzarəti həyata keçirir, mövcud qanunvericiliyin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisindən çıxarılması üçün müvafiq tədbirlər görür. Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində yol verilən nöqsan və sui–istifadə hallarının, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial–iqtisadi, demoqrafik inkişafının təşkili Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindəndir. Bu vəzifələr sırasında həmçinin əmək ehtiyatlarından səmərəli istifadə olunması, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, insan alveri də daxil olmaqla, qeyri–qanuni miqrasiyanın qarşısının alınması önəmli yer tutur.

Dövlət Miqrasiya Xidməti ilk gündən fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunvüriciliyə ciddi riayət etmək və yüksək humanizm prinsipləri əsasında quraraq Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və digər aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərir, miqrasiya sahəsində bu orqanların fəaliyyətini əlaqələndirir. Xidmət öz vəzifələrini yerinə yetirərkən, hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti orqanları və qeyri–hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Xarici vətəndaşların ölkədə olma müddətinin uzadılması, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq istəyən əcnəbilərə icazənin, sığınacaq axtaran əcnəbilərə qaçqın statusunun verilməsi məsələləri ilə məşğul olur, vətəndaşlıq məsələlərinin həllində iştirak edir. Dövlət Miqrasiya Xidmətinə müraciət edənlərin vəsatətlərinə ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul olunur. Cari ilin 11 ayı ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 50 mindən artıq müraciət daxil olmuşdur. Müraciətlərin hər biri ayrı–ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.

Ötən 5 ildə miqrasiya ilə bağlı idarəetmə və hüquqi mexanizmlər təkmilləşdirilib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasından ötən müddət ərzində miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də institusional sahədə bir sıra əsaslı tədbirlər həyata keçirilmiş, bir sira yeni normativ–hüquqi aktlar qəbul olunmuş, mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilmiş, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılmış, onların yaşayış yeri üzrə qeydiyyata alınması sahəsində göstərilən xidmətlər və ümumiyyətlə, miqrasiya proseslərinin idarə olunması mexanizmi təkmilləşdirilmiş, elektron informasiya resursları yaradılmışdır. Prezident cənab İlham Əliyevin ötən dövrdə imzaladığı fərman və sərəncamlar miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə yol açmışdır.

Ümumiyyətlə, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilən tədbirlər miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, bu sahədə əngəllərin tamamilə aradan qaldırılmasına, sənədləşmənin sadələşdirilməsinə xidmət edir. Bu baxımdan dövlət başçısı tərəfindən “Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” imzalanmış 4 mart 2009–cu il tarixli 69 saylı fərmanın icrası ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsi, bu sahədə operativliyin təmini və həllini gözləyən problemlərin aradan qaldırılmasına səbəb olmuşdur. Fərmanın icrası ilə quruma daxil olan müraciətlərin sayı artmış, vahid prinsipin icrasında ciddi nəzarət mexanizmi yaradılmışdır. Bu məqsədlə Dövlət Miqrasiya Xidmətinə daxil olan sənədlər mərkəzləşdirilmiş qaydada qeydiyyata alınır və hər bir müraciətə fərdi yanaşma tətbiq edilir. Ölkəmizə gələn əcnəbilər müvafiq icazələrin alınması və qeydiyyat prosedurlarının mürəkkəb olması səbəbindən indiyə qədər müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalırdılar. Prezident cənab İlham Əliyevin imzaladığı Fərmanın icrasına başlanılandan respublikamıza gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurları tam sadələşdirilmişdir. Yəni 1 iyul 2009–cu il tarixdən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər qeyd edilən məsələlərlə əlaqədar artıq bir neçə dövlət orqanına deyil, yalnız bir ünvana – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər.

Xidmətin işinin təşkilində informasiya texnologiyalarının tətbiqi istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2010–cu il tarixli 276 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi haqqında Əsasnamə”nin müvafiq bəndlərinin icra edilməsi məqsədilə hazırlanmış iş planına uyğun olaraq Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) ilə “Giriş–Çıxış və Qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi sahəsində işlər davam etdirilmiş, həmçinin Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi və Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri ilə VMMS arasında inteqrasiyanın təmin olunması sahəsində aparılan işlər yekunlaşdırılmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin sərhəd buraxılış məntəqələrində yerləşən bölmələrində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sisteminin işçi yerləri yaradılmış və onun fəaliyyəti mərkəzi baza ilə əlaqələndirilmişdir.

Bundan başqa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə icazələrin verilməsi və onların yaşayış yeri üzrə qeydiyyata alınması prosesində şəffaflıq tam təmin edilmişdir. Məhz “bir pəncərə” prinsipinin tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında, yəni heç bir viza almadan Azərbaycan Respublikasından gedə və Azərbaycan Respublikasına qayıda bilirlər.

Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Prezident cənab İlham Əliyevin 8 aprel 2009–cu il tarixdə imzaladığı fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq–mühafizə orqanı statusu verilmişdir. 4 dekabr 2009–cu il tarixdə Milli Məclis tərəfindən “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə” təsdiq edilmişdir.

Ötən müddət ərzində mövcud qanunvericiliyə digər əlavə və dəyişikliklər, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində olma müddətləri müəyyən edilmiş, onlara Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün nəzərdə tutulmuş sənədlər təsdiq edilmiş, əcnəbilərin qeydiyyat sistemi təkmilləşdirilmiş, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üzrə əlavə meyarlar müəyyən edilmiş, miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət artırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 2009–cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması Qaydaları”, habelə 2009–cu il 30 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi Qaydaları” əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müvəqqəti olma və yaşama müddətləri ilə bağlı aktual normativ–hüquqi aktlardır.

Xidmətin rəsmi internet səhifəsinin (www.migration.gov.az) bu gün 3 dildə – Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərməsi, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bu üç dildən onlara daha münasib olan birində “Sual–cavab” xidmətinə, həmçinin qurumun elektron ünvanlarına onları maraqlandıran məsələlərlə bağlı müraciət etməsi və vaxtında hüquqi yardım göstərilməsi üçün lazımi təşkilati tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2010–cu il tarixli 136s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010–2011–ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı” çərçivəsində xidmətdaxili “elektron sənəd dövriyyəsinin təşkili” üçün proqram təminatı hazırlanmış və sınaq üçün təqdim edilmişdir. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 24 may 2011–ci il tarixli fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidməti tərəfindən “Elektron xidmətlərin” göstərilməsi üçün rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsi yaradılmış və 1 sentyabr 2011–ci il tarixdən etibarən Dövlət Miqrasiya Xidməti tərəfindən elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.

Ötən dövr ərzində Bakı, Gəncə, Yevlax, Lənkəran, Şirvan, Xaçmaz regional miqrasiya idarələrinin və sərhəd buraxılış məntəqələrində miqrasiya şöbəslərinin iş fəaliyyəti tam təmin edilmiş, Yevlax və Bakı şəhərlərində Qanunsuz Miqrantların Saxlanılması mərkəzləri istismara verilmişdir.

Qanunsuz miqrasiyanın qarşısının alınması daim diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına gəlmək, burada yaşamaq, həmçinin əmək fəaliyyəti ilə məşğul olmaq hüquqlarına malikdirlər. Onların hər birinin hüquq və azadlıqları müvafiq normativ–hüquqi aktlarla qorunur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edib ölkə ərazisində olma və yaşamalarını qanuniləşdirən əcnəbilər olduğu kimi, təəssüf ki, qanunvericiliyin tələblərinə riayət etməkdən boyun qaçıranlar da yox deyildir. Odur ki, qeyri–qanuni miqrasiyanın qarşısının alınması respublikamızın milli təhlükəsizliyinin təmini baxımından vacib şərtlərdən biridir. Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqaməti olaraq qanunsuz miqrasiya ilə daim mübarizə aparılır, xidmət əməkdaşları tərəfindən müntəzəm tədbirlər həyata keçirilir. Təkcə cari ilin 11 ayı ərzində 17.476 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmişdir. Qanunvericiliyə uyğun olaraq olma və yaşama əsasları olduğuna görə saxlanılan əcnəbilərdən 3.199 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmışdır. Qalan 12.700 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 1.517 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilmişdir. İnzibati xəta törətmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşamalarna, etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmalarına və ya yaşamalarına, işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmalarına, qanunvericilikdə müəyyən edilmiş qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmalarına görə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilmişlər. 16 yaşı tamam olmayan əcnəbilər isə inzibati məsuliyyətə cəlb olunmamışlar.

Ümumiyyətlə, miqrasiya nəzarəti sistemi qeyri–qanuni miqrasiya ilə bağlı mövcud vəziyyətə adekvat olmalıdır. Miqrasiya prosesləri üzrə idarəetmə beynəlxalq öhdəliklərin yerinə yetirilməsini, insan hüquq və azadlıqlarının, dövlətin milli maraqlarının və təhlükəsizliyinin etibarlı qorunmasını tələb edir. Bu sahədə xarici ölkələrin müvafiq strukturları və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, həmsərhəd dövlətlərlə müqavilə prosesinin aktivləşdirilməsi, öhdəlikləri müəyyən edən və məsuliyyət nəzərdə tutan müvafiq sazişlərin bağlanması üzrə tədbirlər həyata keçirilir. Nəzarətin gücləndirilməsi üzrə normativ–hüquqi aktların, o cümlədən ölkəmizin ərazisindən tranzit keçid qaydaları, daxili miqrasiyanın hüquqi tənzimlənməsi, qeyri–qanuni miqrantların ölkə ərazisindən çıxarılması, müxtəlif dövlət orqanlarının fəaliyyətlərinin səmərəli əlaqələndirilməsi və işin məqsədyönlü təşkili istiqamətində konkret addımlar atılır. Bir sözlə, Dövlət Miqrasiya Xidməti bütün gücünü səfərbər edərək ölkə ərazisində qanunsuz yaşayan, əmək fəaliyyətilə məşğul olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi istiqamətində müntəzəm tədbirlər həyata keçirir. Müəyyən edilmiş inzibati pozuntu halları qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır və müvafiq qərarlar qəbul olunur. Prezident cənab İlham Əliyev qeyd etmişdir: “Biz əlbəttə ki, qapılarımızı bütün qonaqlara açırıq. Ancaq hər şey qanun çərçivəsində olmalıdır. Qanunsuz miqrasiyaya qarşı çox ciddi mübarizə aparılmalıdır. Azərbaycana işləmək üçün gələnlər qanunlarımıza, milli dəyərlərimizə, ənənələrimizə hörmətlə yanaşmalıdırlar. Belə olan halda xarici ölkələrin Azərbaycana gələn vətəndaşlarının da yaşayışı üçün bütün şərait yaradılacaqdır”.

Müstəqil Azərbaycan Respublikası dünya əhəmiyyətli nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşdiyi üçün ölkəmizin ərazisindən çoxsaylı tranzit miqrantların gediş–gəlişi qaçılmazdır. Əsas məsələ həmin miqrantların qanunsuz olaraq ölkə ərazisində məskunlaşmalarının və qanunsuz miqrantların ölkə ərazisindən tranzit keçidi kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən məqsədyönlü tədbirlər Dövlət Miqrasiya Xidmətinin bu sahədəki səmərəli və məqsədyönlü fəaliyyətini təmin edir, iş üsullarını və vasitələrini daha da təkmilləşdirir. Dövlət Miqrasiya Xidməti üzərinə düşən vəzifələri düzgün və vaxtında icra edərək, qeyri–qanuni miqrasiyaya qarşı effektiv tədbirlər həyata keçirmək və respublikanın milli təhlükəsizliyinə töhfə vermək əzmindədir.

Firudin NƏBİYEV,

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi,

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri.

Regional miqrasiya idarələri