AZ EN RU
logo Aliyev
Dövlət miqrasiya siyasəti xalqımızın milli maraqlarına xidmət edir

 

“Miqrasiya Xidmətinin yaranması çox vaxtında atılmış addım idi və bu illər ərzində Xidmət formalaşdı, gücləndi. Bu gün Azərbaycanın iqtisadi maraqlarının qorunmasında Miqrasiya Xidmətinin çox mühüm rolu vardır. Əminəm ki, bundan sonra da Miqrasiya Xidmətinin işi yüksək səviyyədə olacaqdır”.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

 

 

22 il bundan öncə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi miqrasiya proseslərinin tənzimlənməsi də yeni ictimai–iqtisadi formasiyanın ən aktual problemlərindən biri kimi gündəliyə gəlmişdir. Bir tərəfdən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox soydaşımızın öz doğma yurd–yuvalarından didərgin düşməsi, digər tərədən isə ölkə daxilində səriştəsiz “siyasətçilərin” hakimiyyət davası dövlət müstəqilliyinin itirilməsi təhlükəsini yaratmışdır. Xaos, özbaşınalıq və anarxiyanın hökm sürdüyü ölkədə xalqın yeganə ümid yeri müstəqil Azərbaycanın xilaskarı ümummilli lider Heydər Əliyev idi. Məhz 1993–cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər ölkədə siyasi sabitliyin yaradılmasına və Ermənistan tərəfindən elan olunmamış qanlı müharibənin dayandırılmasına və atəşkəsə nail oldu. Bununla da ölkədə quruculuq işlərinə başlanması və əsaslı islahatların aparılması üçün geniş imkanlar yarandı.

Ulu öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasi, iqtisadi, mədəni, hərbi, hüquqi islahatlar ölkəmizin üzləşdiyi problemlərin həllinə yol açırdı. Gənc Azərbaycan Respublikasında miqrasiya sahəsindəki mövcud vəziyyətin və beynəlxalq təcrübənin öyrənilməsi, yaranmış problemlərin həlli yollarının axtarılması, bu sahədə ölkə qanunvericiliyinin hazırlanması və təkmilləşdirilməsi məqsədilə qüvvələr səfərbər edildi. Ulu öndərin siyasi prinsipiallığının nəticəsi kimi 1994–cü ildə dünyanın nüfuzlu neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların həcminin artması, müxtəlif sahələrdə infrastruktur və biznes layihələrinin həyata keçirilməsi əmək miqrantlarının ölkəyə axını prosesini sürətləndirdi. Ümummilli lider bütün sahələrdə olduğu kimi miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində də çox mühüm tədbirlər həyata keçirdi. Dahi şəxsiyyətin cəmiyyət və dövlət quruculuğu prosesində miqrasiya sahəsinə xüsusi diqqət yetirməsi Azərbaycanda bu proseslərin müstəqil dövlətimizin tərəqqisi naminə istiqamətləndirilməsinə imkan verdi. Onu da qeyd etmək lazımdır ki, ulu öndər müxtəlif səbəblərdən miqrasiya etmiş ölkə vətəndaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına, onların üzləşdiyi problemlərin həllinə həmişə diqqətlə yanaşmışdır. Belə ki, öz müdrikliyi və uzaqgörənliyi ilə miqrasiya proseslərinin dəqiq mahiyyətini açıqlayan ümummilli liderimiz demişdir: “Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”.

Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin uğurlu siyasəti hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, son illər Azərbaycanda sürətli sosial–iqtisadi inkişafın təmin edilməsi, enerji–nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, həmçinin ölkəmizin geosiyasi mövqeyi miqrasiya proseslərinin daha da intensivləşməsinə gətirib çıxarmışdır. Eyni zamanda Azərbaycanın bir sıra dövlətlərlə vizasız gediş–gəliş rejiminin mövcudluğu ölkəmizin ərazisindən tranzit qaydada keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getməyə, yaxud qanuni əsaslar olmadan yaşamağa cəhd göstərən əcnəbilərin sayının artmasına səbəb olmuşdur. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmini baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığı obyektiv zərurətə çevirmişdir. Bu reallıqları nəzərə alan dövlətimizin başçısı miqrasiya proseslərinin yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsini, həmçinin daxili və xarici miqrasiyanın mənfi təzahürlərinin aradan qaldırılmasını, miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir.

Ötən müddətdə miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılmış, əsaslı tədbirlər həyata keçirilmişdir. Belə ki, 2004–cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən “Dövlət Miqrasiya Siyasəti Konsepsiyası” qəbul edilmiş və Konsepsiyanın gerçəkləşdirilməsi, həmçinin qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün 2006–cı ildə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında (2006–2008–ci illər)” Azərbaycan Respublikası Prezidentinin sərəncamı imzalanmışdır.

Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxmış və bunu nəzərə alan Prezident İlham Əliyev 2007–ci il mart ayının 19–da Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında fərman imzalamışdır. Məlumat üçün bildirim ki, Xidmət öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, ölkə Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və miqrasiya proseslərini tənzimləyən digər normativ–hüquqi aktları rəhbər tutmaqla tərtib olunan iş planı əsasında həyata keçirir. Eyni zamanda miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində milli təhlükəsizliyin təşkili, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən davamlı olaraq təmin edilir.

Dövlət Miqrasiya Xidməti miqrasiya siyasətinin həyata keçirilməsində beynəlxalq konvensiyalara və onlann tələblərindən irəli gələn məsələlərə də xüsusi önəm verir. Miqrasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti Birləşmiş Millətlər Təşkilatı, adıçəkilən qurumun Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Müstəqil Dövlətlər Birliyi və digər aidiyyəti beynəlxalq qurumlarla, həmçinin ikitərəfli münasibətlər əsasmda Türkiyə Respublikası, Almaniya Federativ Respublikası, Niderland Krallığı və bir çox digər ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirir, eyni zamanda, bu ölkələrin miqrasiya sahəsində təcrübələrini öyrənir.

Hazırda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti səlahiyyətləri çərçivəsində miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqinin təşkil edilməsi, miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə ölkədə olma müddətinin uzadılması, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin və sığınacaq axtaran şəxslərə qaçqın statusunun verilməsi ilə məşğul olur, vətəndaşlıq məsələlərinin həllində iştirak edir.

Uğurla həyata keçirilən islahatlar nəticəsində davamlı miqrant axınının ölkəmizin milli maraqları çərçivəsində tənzimlənməsi və daxili əmək bazarının qanunsuz miqrantlardan qorunması təmin olunmuşdur. Qeyd etmək lazımdır ki, ötən qısa zaman ərzində Xidmət əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümid yerinə və hüquqi təminatçısına çevrilmişdir.

Ölkə rəhbərliyinin davamlı olaraq həyata keçirdiyi tədbirlər miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, bu sahədə əngəllərin tamamilə aradan qaldırılmasına, sənədləşmənin sadələşdirilməsinə xidmət edir. Dövlət başçısı cənab İlham Əliyev bildirmişdir: “İndi biz dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbaycana xaricdən gələnlərin sayı artır. Azərbaycan vətəndaşları başqa ölkələrdə işləyirlər. Bu, normal prosesdir. Əsas odur ki, bütün bu işlər qanun çərçivəsində tənzimlənsin və iqtisadi maraqlarımız tam şəkildə təmin olunsun. Biz yaxşı bilirik ki, daxildə ölkənin təhlükəsizliyinə səbəb ola biləcək heç bir amil yoxdur. Ona görə də ilk növbədə sərhədlərimizi möhkəmləndirməliyik və bunu edirik. O cümlədən Miqrasiya Xətti ilə görülən tədbirlər həm iqtisadi maraqlarımızı qoruyacaq, eyni zamanda insanlarımızın rahat, təhlükəsiz həyatını təmin edəcəkdir”.

Miqrantların Azərbaycan Respublikasına inteqrasiyasının sürətləndirilməsi və miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi istiqamətində atılan ciddi addımlardan biri də beynəlxalq təcrübə, xüsusən də ölkənin miqrasiya sahəsindəki qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 4 mart 2009–cu il tarixli 69 saylı fərmandır. Fərmana əsasən 2009–cu il iyulun 1–dən miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsinə başlanmış və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Miqrasiya Xidmətinə həvalə edilmişdir. Adı çəkilən Fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsinə, bu sahədə operativliyin təmin olunmasına, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınma prosedurunun sadələşdirilməsinə və həllini gözləyən bir sıra problemlərin aradan qaldırılmasına səbəb olmuş, nəticədə bu sahədə şəffaflığın tam təmin edilməsinə nail olunmuşdur.

Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə miqrasiya sahəsində vahid informasiya sistemi —Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) yaradılmış, əsasnaməsi təsdiq edilmiş və onun “Giriş–çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat–axtarış sistemi və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri ilə inteqrasiyası təmin olunmuşdur. VMMS ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri–qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaratmışdır.

Ötən altı il ərzində Dövlət Miqrasiya Xidmətinin maddi–texniki bazasının və infrastrukturunun inkişaf etdirilməsi, fəaliyyət dairəsinin genişləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 2010–cu il may ayının 25–də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatının, eləcə də Xidmətin Bakı, Şirvan, Yevlax, Lənkəran və Xaçmaz regional miqrasiya idarələrinin inzibati binaları tikilərək istifadəyə verilmiş və fəaliyyətləri tam təmin edilmişdir. Gəncə, Şəki və Ağsu regional miqrasiya idarələrinin inzibati binaları üçün tikinti işlərinin davam etdirilməsinə baxmayaraq, həmin şəhərlərdə, həmçinin Naxçıvan Muxtar Respublikasında Xidmətin səlahiyyətləri çərçivəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xidmət göstərilməsi təmin olunmuşdur.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011–ci il 23 may tarixli fərmanına uyğun olaraq Dövlət Miqrasiya Xidmətinin rəsmi internet informasiya ehtiyatlarında elektron xidmət bölməsi yaradılmış, Xidmətdaxili “elektron sənəd dövriyyəsi” istifadəyə verilmiş, həmçinin şəxslərin elektron xidmət bölməsindən maneəsiz, sərbəst istifadəsi, habelə elektron qaydada qəbul edilən sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilmişdir.

Dövlət Miqrasiya Xidmətinin əldə etdiyi nailiyyətlər ildən–ilə artmaqdadır. 2012–ci ildə də miqrasiya sahəsində ölkə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə işlər xeyli gücləndirilmiş, miqrasiya sahəsində normativ–hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən lazımi tədbirlər həyata keçirilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il bu sahədə 30 yeni hüquqi akt qəbul olunmuşdur. Bu baxımdan “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında”, Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurum kimi fəaliyyət göstərməsi barədə, miqrasiya orqanlarının işçilərinə bu orqanlarda fasiləsiz qulluq illərinə görə Azərbaycan Respublikası daxili işlər orqanlarının polis əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğinə bərabər əlavə haqq ödənilməsi barədə, Xidmətdə daxili nəzarəti həyata keçirmək məqsədilə Təşkilat–Nəzarət Baş İdarəsinin, o cümlədən əvvəllər digər struktur bölmələrin tərkibində fəaliyyət göstərən bəzi idarələrin fəaliyyətini genişləndirmək məqsədilə Vətəndaşlıq Məsələləri və İctimaiyyətlə Əlaqələr İdarəsinin müstəqil struktur bölmə kimi yaradılması barədə, miqrasiya orqanlarında ali, böyük və orta xüsusi rütbələr, nəzərdə tutulan vəzifələr və xüsusi rütbələrlə yanaşı, kiçik xüsusi rütbələr və vəzifələrin müəyyən olunması barədə, “Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə, miqrasiya orqanları işçilərinin xüsusi xidmətlərinə görə təltif edilməsi üçün “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi barədə imzalanmış fərman və sərəncamlar, qəbul edilən qanunları mühüm əhəmiyyət kəsb edir.

İl ərzində Dövlət Miqrasiya Xidmətinə daxil olmuş 96634 sənədə baxılmış və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilmişdir. 2012–ci il ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi ilə bağlı 49822 müraciət daxil olmuşdur. Bu müraciətlərdən 3667–si müvəqqəti olma müddətinin uzadılması, 42851–i müvəqqəti yaşamaq icazəsi, 3304–ü daimi yaşamaq icazəsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və xitam ilə bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olan 368 müraciət müvafiq qaydada araşdırılmış, həmin müraciətlərdən 303–ü Azərbaycan Respublikasmın vətəndaşlığma qəbul, 6–sı Azərbaycan Respublikasının vətəndaşlığına bərpa, 59–u isə Azərbaycan Respublikasının vətəndaşlığına xitam məsələləri ilə bağlı olmuşdur. Qaçqın statusu almaq niyyətində olan 52 nəfər əcnəbi Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir.

Dövlət Miqrasiya Xidməti fəaliyyətə başadığı ilk gündən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini uğurla həyata keçirmişdir. Ötən 6 il ərzində Xidmət əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində əcnəbilər tərəfindən 50000–dən artıq hüquq pozma halları aşkar edilmişdir. Onların 10000–dən çoxu əsasları olduğu üçün ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 39500–dən artıq əcnəbinin isə ölkə ərazisindən çıxarılmaları təmin edilmişdir. Yalnız 2012–ci il ərzində isə qanunsuz miqrasiyaya qarşı həyata keçirilən tədbirlər nəticəsində miqrasiya qanunvericiliyinin tələblərini pozan 20655 əcnəbi və ya vətəndaşlığı olmayan şəxs aşkar edilmişdir ki, onlardan da 3409 şəxsin ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 17246 əcnəbinin ölkə hüdudlarından kənara çıxarılması təmin edilmişdir. Həmçinin, Dövlət Miqrasiya Xidməti tərəfindən sahibkarlıq subyektlərində 626 yoxlama həyata keçirilmiş və 322 halda inzibati pozuntu aşkar edilərək qanunvericiliyin tələblərinə uyğun qərarlar qəbul edilmişdir. Bundan əlavə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi və mövcud icazələrin müddətinin uzadılması məsələləri ilə bağlı xidmətə 16090 müraciət daxil olmuş, əvvəlki hesabat dövrlərində icraatda olan 1556 müraciət də nəzərə alınmaqla, qanunvericiliyin tələblərinə uyğun aparılan araşdırmalardan sonra 11970 nəfərə fərdi icazə verilmişdir.

Kadr hazırlığı siyasətinin təkmilləşdirilməsi, tədris proqramlarının keyfiyyətlə işlənib hazırlanması, işçilərin intensiv olaraq bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin yüksəldilməsi məqsədilə kompyuterləşdirilən təlim–tədris mərkəzinin fəaliyyəti təmin edilmişdir. Xidmətdə çalışan əməkdaşların səriştəlilik dərəcəsinin müəyyən olunması, müxtəlif ixtisas sahiblərinin peşəkarlıq səviyyəsinin artırılması və karyera yüksəlişinin sürətləndirilməsi, onların təlim ehtiyaclarının müəyyən olunması məqsədilə attestasiya nəticələri statistik və məzmun baxımından təhlil olunmuşdur. Bu gün xidmətdə çalışan əməkdaşların 80 faizini gənclər təşkil edir. Təkcə cari ildə Dövlət Miqrasiya Xidmətinə işə qəbulla bağlı 825 ərizə daxil olmuşdur. Dövlət Miqrasiya Xidmətinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə şəffaf şəraitdə təşkil etdiyi test imtahanlarından uğurla keçən namizədlər də daxil olmaqla 158 şəxs müvafiq vəzifələrə təyin edilmişdir. Həmçinin xidmətə yeni işə qəbul olunmuş işçilərin peşə hazırlığının təmin edilməsi məqsədilə 2012–ci il ərzində xidmətin rəhbər vəzifəli şəxsləri tərəfindən seminarlar keçirilmiş, təlim–tədris kursları təşkil edilmişdir.

Bu il ulu öndər Heydər Əliyevin 90 illik yubileyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013–cü il 21 yanvar tarixli 2679 saylı sərəncamına əsasən ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair sərəncam imzalanmışdır. Sərəncama uyğun olaraq Dövlət Miqrasiya Xidmətində xüsusi tədbirlər planı təsdiq edilmişdir.

Beynəlxalq münasibətlər müstəvisində böyük nüfuz və etimad qazanan, dünya birliyində mövqeləri möhkəmlənən Azərbaycan Respublikası qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiqliyi ilə daim fərqlənmişdir. Belə tərəqqinin nəticəsidir ki, Dövlət Miqrasiya Xidməti də yaradıldığı gündən beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində uğurlu dövlət siyasətini məqsədyönlü şəkildə həyata keçirməkdədir.

Xidmət tərəfindən miqrasiya sahəsində hüquq pozmalara qarşı mübarizə sahəsində təkcə hüquq–mühafizə müstəvisində deyil, eyni zamanda maarifləndirici tədbirlərə və bu istiqamətdə beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələrinə də xüsusi önəm verilir. Dövlət Miqrasiya Xidmətində Avropa İttifaqının Qonşuluq Siyasətinin Azərbaycan Respublikası üçün Fəaliyyət Proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin benefisiarı olduğu “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və ona tabe idarələrin kollektivinin peşəkarlığının və bacarıqlarının artırılmasına, miqrasiya haqqında cari qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasına dəstək” adlı Tvinninq layihəsi miqrasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, miqrasiya proseslərinin idarəolunması və kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, əməkdaşların peşəkarlığının, nəzəri və praktiki biliklərinin artırılması baxımdan mühüm əhəmiyyət kəsb edir.

Mütəmadi olaraq beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təşkil edilən layihələrin, seminarların əsas məqsədi miqrasiya sahəsində yüksək peşə hazırlığına malik gənclər yetişdirməkdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbər kadrların ixtisasının artırılması fakültəsində “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursunun proqramının da əsas məqsədi bu sahədə həyata keçirilən islahatlar, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı dinləyicilərə yeni biliklərin verilməsi olmuşdur.

Dövlət Miqrasiya Xidməti Avropa İttifaqının yardım alətlərindən fəal istifadə edir. Belə ki, Xidmətin Avropa İttifaqı ilə birgə həyata keçirməyi planlaşdırdığı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və ona tabe idarələrin kollektivinin peşəkar inkişafı və bacarıqlarının artırılmasına, eləcə də miqrasiya haqqında cari qanunvericiliyin Avropa İttifaqının standartlarına uyğunlaşdırılmasına dəstək” adlı Tvinninq layihəsinin icrasına 2013–cü ilin yanvarından başlanmışdır. Layihə üzrə Xidmətin Avropa İttifaqı tərəfindən tərəfdaşı “Niderland, Latviya və Rumniiya Konsorsiumu”dur. Həmçinin bu ilin yanvar ayında Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə “Cənubi Qafqaz ölkələrində səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi” layihəsinin icrasına start verilmişdir.

Xidmətin fəaliyyətə başladığı ilk gündən etibarən miqrasiya sahəsində baş verən yeniliklərin və mühüm tədbirlərin ictimaiyyətə çatdırılması işində daim operativlik nümayiş etdirilmiş, vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, ictimaiyyətin miqrasiya sahəsində maarifləndirilməsi məqsədilə Xidmətin vəzifəli şəxslərinin ölkəmizin müxtəlif regionlarına ezam olunmaları, yerli televiziya kanallarında Xidmətin fəaliyyətinə dair filmlərin və maarifləndirici video–çarxların nümayişi təşkil edilmiş, sərhəd–keçid məntəqələrində məlumat lövhələri yerləşdirilmişdir. Ötən il Şirvan, Lənkəran, Yevlax, Gəncə, Ağsu, Şəki, Xaçmaz, Xırdalan və Sumqayıt şəhərlərində keçirilən maarifləndirmə tədbirlərində Dövlət Miqrasiya Xidmətinin Aparatının vəzifəli şəxsləri, ətraf şəhər və rayonların icra hakimiyyətlərinin və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, həmçinin bir sıra müəssisə və təşkilat rəhbərləri, əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri işə qəbul edən sahibkarlar, KİV nümayəndələri iştirak etmişlər. Həmin tədbirlər zamanı ictimaiyyətə miqrasiya sahəsində həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verilmişdir. Eyni zamanda, xidmətin rəsmi internet səhifəsinin (www.migration.gov.az) üç dildə – Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərməsi, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bu üç dildən onlara daha münasib olan birində “Sual–cavab” xidmətinə, həmçinin qurumun elektron ünvanlarına onları maraqlandıran məsələlərlə bağlı müraciət etmələri və vaxtında hüquqi yardım almaları üçün lazımı təşkilati tədbirlər həyata keçirilmişdir. Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Məlumat Mərkəzinin – “Qaynar xətt”in (919 telefon nömrəsi) Azərbaycan, ingilis və rus dillərində fəaliyyəti bu sahədə şəffaflığın, habelə vətəndaşların lazımi informasiyaları əldə etmək hüququnun təmini baxımmdan vacib əhəmiyyətə malikdir. Bunlarla bərabər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məsələləri ilə məşğul olan bir orqan kimi ölkədə və dünyada miqrasiya sahəsi üzrə baş verən yeniliklərin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, həmçinin Azərbaycan Respublikası vətəndaşlarına çatdırılması məqsədilə Xidmətin rəsmi nəşri olan “Miqrasiya” informasiya analitik jurnalı Azərbaycan, rus və ingilis dillərində nəşr olunur.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti öz fəaliyyətində ölkə başçısının Fərman və sərəncamlarını, tapşırıq və tövsiyələrini daim rəhbər tutmuş, işini ən müasir tələblərə uyğun qurmağa çalışmışdır. Məhz bunun nəticəsidir ki, möhtərəm Prezidentimiz İlham Əliyev 2010–cu il may ayının 25–də Dövlət Miqrasiya Xidmətinin inzibati binasının açılış mərasimində demişdir: “Miqrasiya Xidmətinin yaranması çox vaxtında atılmış addım idi və bu illər ərzində Xidmət formalaşdı, gücləndi. Bu gün Azərbaycanm iqtisadi maraqlarının qorunmasına Miqrasiya Xidmətinin çox mühüm rolu vardır. Əminəm ki, bundan sonra da Miqrasiya Xidmətinin işi yüksək səviyyədə olacaqdır”. Yeri gəlmişkən, dövlət başçısı cənab İlham Əliyev tərəfindən miqrasiya orqanları işçilərinin peşə bayramı gününün təsis edilməsi, miqrasiya əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi, həmçinin xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə və miqrasiya orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə miqrasiya orqanları işçilərinin bəzilərinin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi, eləcə də miqrasiya orqanlarına dair xüsusi medalların təsis olunması bütövlükdə Dövlət Miqrasiya Xidmətinə verilən ən yüksək qiymətin parlaq nümunəsidir. Eyni zamanda, ötən altı il ərzində miqrasiya orqanlarının fəaliyyətinə diqqət və qayğı ilə yanaşan ölkəmizin başçısı Xidmət əməkdaşlarının sosial təminatının yaxşılaşdırılması məqsədilə bir sıra tapşırıqlar vermişdir.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları öz fəaliyyəti dövründə ölkə Prezidentinin etimadını yüksək səviyyədə doğrultmaq üçün səylərini əsirgəməyəcək, respublikamızın uğurlu inkişafı naminə qarşıya qoyulmuş tapşırıqların vaxtında və uğurla yerinə yetirilməsi üçün bundan sonra da bütün imkanlarını səfərbər edəcəklər.

 

                       Firudin NƏBİYEV,

                       Azərbaycan Respublikası

                       Dövlət Miqrasiya Xidmətinin rəisi,

                       III dərəcəli dövlət miqrasiya xidməti müşaviri.

 

 

(Məqalə “Respublika” qəzetinin 19 mart 2013-ci il tarixli sayında dərc edilmişdir)

Regional miqrasiya idarələri