AZ EN RU
logo Aliyev
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hər birinin hüquq və azadlıqları Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə qorunur

18 Dekabr - Beynəlxalq Miqrant Günüdür

 

(Məqalə “Xalq” qəzetinin 18 dekabr 2010-cu il tarixli sayında dərc edilmişdir)

 

18 Dekabr - Beynəlxalq Miqrant Günüdür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 18 dekabr 1990-cı ildə qəbul etdiyi “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyanın qəbul edilmə tarixi  4 dekabr 2000-ci ildə Baş Assambleya tərəfindən Beynəlxalq Miqrant Günü elan edilmişdir. Həmin vaxtdan etibarən 18 dekabr Beynəlxalq Miqrant Günü kimi qeyd edilir. Bu Konvensiya Azərbaycan Respublikasının Milli Məclisinin 11 dekabr 1998-ci il tarixli Qanunu ilə ratifikasiya olunmuşdur.

 

Miqrasiya ictimai proses olub, eyni zamanda iqtisadi, siyasi və mənəvi amillərin təsiri nəticəsində də baş verir.

 

Miqrasiya tarixən çox qədim prosesdir və sinifli cəmiyyətin yaranmasına qədər kortəbii xarakter daşımışdır. Dünyada ilk miqrasiya prosesləri ibtidai icma dövründə təbii şəraitdən asılı olaraq baş vermişdir.

 

BMT-nin məlumatına görə, hazırda dünyada 15,2  milyon qaçqın və 27,1 milyon məcburi köçkün qeydə alınmışdır. Qəsbkarlıq qurbanı olan, torpağını itirib ağır miqrant həyatı yaşamağa məcbur olan xalqlardan biri də Azərbaycan əhalisidir. Ölkəmizdə qaçqın və köçkünlərin sayı bir milyondan çoxdur.

 

Azərbaycan dünyada ərazisində ən çox daxili miqrant məskunlaşan ölkədir. Dünyada miqrantların 97-98 faizi başqa ölkə vətəndaşları olduğu halda, Azərbaycanda miqrantların 70 faizi ərazilərin işğalı nəticəsində ölkə daxilində yaşayış yerini dəyişməyə məcbur olmuş daxili miqrantlardır. Azərbaycanda məskunlaşan miqrantların 90 faizdən çoxu milli mənsubiyyətinə görə azərbaycanlılardır.

 

19 mart 2007-ci ilə qədər – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılanadək ölkədə miqrasiya proseslərinin tənzimlənməsi ayrı-ayrı nazirliklərin müvafiq idarələri tərəfindən  həyata keçirilirdi.

 

Dövlət Miqrasiya Xidmətinin yaradılması ilə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi vahid mərkəzdən idarə olunur.

 

 

Azərbaycan Respublikası keçid mərhələsini yaşadığından təkcə xarici deyil, həm də daxili miqrasiya prosesləri ilə üzləşmiş bir ölkədir. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən Ermənistanın deportasiya, soyqırımı və təcavüzkarlıq siyasəti ilə şərtlənmiş və keçmiş sovet məkanında qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş ilk respublikadır. İşğalçı dövlətin etnik təmizləmə və təcavüzkarlıq siyasəti nəticəsində bir milyondan çox soydaşımız doğma ev-eşiyindən didərgin düşərək, respublikamızın müxtəlif bölgələrində sığınacaq tapmışdır. Ümummilli lider Heydər Əliyev müxtəlif səbəblərdən miqrasiya etmiş ölkə vətəndaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına, onların üzləşdiyi problemlərin həllinə çalışmışdır. Bu sahədə dövlət siyasətini uğurla davam etdirərək, yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son beş ildə həm xarici, həm də daxili miqrasiyanın mənfi təzahürlərinin aradan qaldırılması istiqamətində səmərəli və məqsədyönlü tədbirlər görmüşdür. Dövlət başçısı, xüsusən də, regionlardan Bakıya və digər iri şəhərlərə yüksək axının - urbanizasiya prosesinin qarısının alınmasını ilk gündən iqtisadi siyasətdə mühüm prioritetlərdən biri kimi müəyyənləşdirmiş, sosial ədalət prinsipinin qorunması baxımından respublikanın hər bir bölgəsinin proporsional inkişafını vacib saymışdır.

 

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" isə ilk növbədə təkmil konsepsiya olmaqla, sosial-iqtisadi səbəblərlə bağlı daxili miqrasiyanın fəsadlarının aradan qaldırılmasına yönəlmişdir. Nəticədə regionların tarazlı inkişafı, infrastruktur yeniləşdirilmiş, yeni iş yerləri açılmış, sosial problemlərin həlli nəticəsində respublikada sosial-iqtisadi səbəblərlə bağlı olan daxili miqrasiyanın səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır.

 

2006-cı ilin 25 iyul tarixində Prezident cənab İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının (2006-2008-ci illər) təsdiq edilməsı haqqında" sərəncam imzalamışdır. Dövlət proqramı ölkədə mövcud miqrasiya proseslərinin təhlili əsasında bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməli olan zəruri tədbirləri özündə əks etdirmişdir. Proqramın əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsidir.

 

Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Prezident cənab İlham Əliyevin 19 mart 2007-ci il tarixli fərmanı isə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədinə xidmət etmişdir.

 

Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 8 aprel 2009-cu il tarixdə imzaladığı  Fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu verilmişdir. 4 dekabr 2009-cu il tarixdə Milli Məclis tərəfindən “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə” təsdiq edilmişdir.

 

Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində yol verilən nöqsan və sui-istifadə hallarının, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təşkili Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindəndir. Bu vəzifələr sırasında həmçinin əmək ehtiyatlarından səmərəli istifadə olunması, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması önəmli yer tutur.

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma müddətlərinin uzadılması, ölkə ərazisində müvəqqəti və daimi yaşama  icazələrinin, sığınacaq axtaran əcnəbilərə qaçqın statusunun, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi məsələləri ilə məşğul olur, müvafiq icazə almış əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yaşayış yeri üzrə qeydiyyata alır, vətəndaşlıq məsələlərinin həllində, həmçinin qanunvericiliyə edilmiş son əlavə və dəyişikliklərə əsasən Azərbaycan Respublikasına gələn bir qrup əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi prosedurunda iştirak edir. Dövlət Miqrasiya Xidmətinə müraciət edənlərin vəsatətlərinə ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul olunur.

 

Dövlət Miqrasiya Xidməti ölkə ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmələri üzərində miqrasiya sahəsinə nəzarəti həyata keçirir, mövcud qanunvericiliyin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisindən çıxarılması üçün müvafiq tədbirlər görür.

 

Miqrasiya proseslərinin sürətli inkişaf etdiyi bir dövrdə əlbəttə ki, ölkəmizdə bu sahədə siyasətin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi bu və digər tədbirlərin reallaşdırılması zərurətini yaratmışdır.

 

Miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə son illər qanunvericilik aktlarına edilmiş əlavə və dəyişikliklər bu sahədə boşluqların aradan qaldırılmasına kömək etməklə yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşama icazələrinin verilməsi ilə bağlı prosedurlara daha ciddi əməl olunmasına, miqrasiya sisteminin inkişafı ilə bağlı qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə xidmət edir.

 

Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi tədbirlər miqrasiya proseslərinin tənzimlənməsi, bu sahədə əngəllərin tamamilə aradan qaldırılması, sənədləşmənin sadələşdirilməsi ilə nəticələnmişdir. Bu baxımdan dövlət başçısı tərəfindən "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" imzalanmış 4 mart 2009-cu il tarixli Fərmanın tətbiqi ölkəmizdə bu sahədə operativliyin təmini və həllini gözləyən problemlərin aradan qaldırılmasına səbəb olmuşdur. "Bir pəncərə" prinsipinin işə düşməsi ilə respublikada miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilmişdir.

 

Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunu sadələşdirmək və bu sahədə şəffaflığı tam təmin etmək bu prinsipin əsas məqsədidir.

 

Məhz müvafiq icazələrin alınması və qeydiyyat prosedurlarının mürəkkəb olması səbəbindən ölkəmizə gələn əcnəbilər 1 iyul 2009-cu il tarixə qədər müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalırdılarsa, indi onlar yalnız bir ünvana - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər.

 

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 20 iş günü müddətində baxılır. Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında Azərbaycan Respublikasından gedir və Azərbaycan Respublikasına qayıda bilirlər.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəlməsi, ölkənin əlverişli coğrafi-strateji mövqeyi, Şərqlə Qərbin, Şimalla Cənubun qovuşuğunda yerləşməsi Azərbaycanı əcnəbilər üçün cəlbedici dövlətə çevirmişdir.

 

Ölkə iqtisadiyyatının kompleks inkişafına nail olunmuş, yeni istehsal sahələri yaradılmışdır. Bu da təbii ki, əcnəbilərin bu sahələrə cəlb olunması zərurətini yaratmışdır.

 

Qeyd edim ki, ölkəmizə turist kimi səfər edən əcnəbilər də vardır ki, ölkədəki iqtisadi inkişaf, sabit vəziyyət, insanların yüksək rifah halı onların burada yaşamaq üçün qalmaları ilə bağlı qərar vermələrinə səbəb olur. Onlar ölkədə qalmalarını ya mövcud yaxın qohumluq münasibətləri, ya da Azərbaycan vətəndaşı ilə ailə qurmaları ilə qanuniləşdirirlər. Bütün bu sadalananlar bir daha Azərbaycanın gündən-günə inkişaf etdiyini, beynəlxalq aləmdə artan nüfuzunun və möhkəmlənən mövqeyinin mövcudluğunu, ölkədə ictimai-siyasi sabitliyin hökm sürdüyünü sübut edir.

 

1 il ərzində ölkəyə daxil olan əcnəbilərdən 120 minə yaxını Azərbaycanda qalıb. Əvvəlki illərdə ölkəmizdə qalanlarla birlikdə onların ümumi sayı 400 mindən artıqdır.

 

Ölkəmizə gələn əcnəbilər əsasən Avropa və MDB dövlətlərinin vətəndaşlarıdır. Bununla yanaşı təbii ki, Amerika və Asiya dövlətlərindən də gələnlər var.

 

Təkcə bu ilin 11 ayında Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 50.000-dən artıq müraciət daxil olmuşdur.

 

Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.

 

Azərbaycanda olan əməkçi miqrantların əsas qismi yüksək səviyyəli mütəxəssislərdir ki, onların da əmək fəaliyyəti ilə məşğul olduqları sahələrə əsasən sənaye, tikinti, təhsil və s. daxildir. Amma turist kimi səfər edənlər, keçirilən tədbirlərdə iştirak etmək məqsədilə gələnlər, dövlət qurumlarına, eləcə də şirkətlərə dəvət edilən şəxslər, əməkçi miqrantlar və onların ailə üzvləri, tələbələr, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, investorlar, yaşamaq məqsədilə gələnlər, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda və ya yaxın qohumluq münasibətlərində olanlar da üstünlük təşkil edir. 

 

Cənab Prezidentin 6 fevral 2009-cu il tarixli  Sərəncamına əsasən fəaliyyəti təmin edilmiş Vahid Miqrasiya Məlumat Sistemi bu gün ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaratmışdır. Ölkə ərazisində miqrasiya proseslərinin idarəedilməsi funksiyasını yerinə yetirən Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olduqdan sonra harada olması və nə işlə məşğul olması müşahidə olunur və ciddi nəzarətdə saxlanılır.

 

Əlbəttə, bu gün ölkəyə daxil olduqdan sonra ölkədə olma qaydalarını və yaxud ölkədə müvəqqəti və daimi yaşama qaydalarını pozan, etibarsız sənədlərlə yaşayan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər – qeyri-leqal miqrantlar yox deyildir. Dünyanın bütün inkişaf etmiş ölkələrində qanunsuz miqrasiya halları mövcuddur. Əsas məsələ bu xoşagəlməz halın qarşısını almaq və ciddi mübarizə aparmaqdır.

 

Qeyd edim ki, Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqaməti olaraq qanunsuz miqrasiya ilə fasiləsiz olaraq daim mübarizə aparılır, Xidmət əməkdaşları tərəfindən müntəzəm tədbirlər həyata keçirilir.

 

Cari ilin 11 ayı ərzində qanunsuz miqrasiyanın qarşısının alınması məqsədi ilə keçirilən tədbirlər nəticəsində 11.104 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmişdir.

 

Prezident cənab İlham Əliyevin 13 sentyabr 2010-cu il tarixdə "Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Fərmanı da qanunsuz miqrasiya hallarının qarşısının alınması və müəyyən problemlərin yaranmaması üçün vaxtında atılmış addımdır. Əcnəbi ölkəyə gəlməmişdən öncə viza alınması üçün müəyyən edilmiş qaydada müraciət edir, məqsədəuyğun hesab olunduqda onun ölkəyə girişi üçün müvafiq tədbirlər görülür.

 

Qeyd edim ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına gəlmək, burada yaşamaq, həmçinin əmək fəaliyyəti ilə məşğul olmaq hüquqlarına malikdirlər. Onların hər birinin hüquq və azadlıqları müvafiq normativ hüquqi aktlarla qorunur.

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasından ötən müddət ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılmış və bununla bağlı miqrasiya sahəsində bir sira yeni normativ-hüquqi aktlar qəbul olunmuş, mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilmiş, institusional və təşkilati tədbirlər həyata keçirilmiş, əcnəbilərin ölkəyə gəlməsi, ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması sahəsində göstərilən xidmətlər və ümumiyyətlə miqrasiya proseslərinin idarə olunması mexanizmi təkmilləşdirilmiş, elektron informasiya resursları yaradılmışdır.

 

Belə ki, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması proseduru sadələşdirilmiş, miqrasiya sahəsində şəffaflıq təmin olunmuş və 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipi tətbiq edilmişdir.

 

Miqrasiya sahəsində vətəndaşlara göstərilən xidmətin operativliyinin təmin olunması məqsədi ilə Dövlət Miqrasiya Xidmətində üç dildə fəaliyyət göstərən “Miqrasiya Məlumat Mərkəzi” (telefon: 919) yaradılmışdır.

 

Beynəlxalq standartlar və təcrübəyə uyğun olaraq Azərbaycan Respublikasında mövcud sığınacaq sistemi təkmilləşdirilmiş, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi tərəfindən “himayə” sənədi ilə təmin edilmiş xarici ölkə vətəndaşlarına münasibətdə (qanunsuz olaraq ölkə ərazisinə gələn və yaşayanlara) qanunvericiliklə nəzərdə tutulmuş hər hansı inzibati tədbirlər tətbiq olunmur.

 

Dövlət Miqrasiya Xidməti öz fəaliyyətində digər ölkələrin miqrasiya orqanları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlığın həyata keçirilməsi işinə də xüsusi önəm verir və miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması, qanunsuz miqrasiya ilə mübarizə və miqrantların hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə Almaniya Federativ Respublikası, Niderland Krallığı, Rusiya Federasiyası və digər ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmişdir.

 

Azərbaycan Respublikasında akkreditə olunmuş bir sıra ölkələrin (Almaniya, Türkiyə, Rusiya, Hindistan, Niderland) səfirləri və digər diplomatları ilə Dövlət Miqrasiya Xidmətində keçirilmiş görüşlərdə Azərbaycan Respublikasında miqrantların hüquqi vəziyyəti və miqrasiya sahəsində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

 

Miqrantların  hüquqlarının müdafiəsinin təmin olunması sahəsində çoxtərəfli əməkdaşlığın həyata keçirilməsi, bu sahədə müəyyən biliklərin əldə olunması məqsədi ilə Dövlət Miqrasiya Xidməti BMT-nin müxtəlif qurumları, Avropa İttifaqı, Avropa Şurası, MDB, BMqT, MSİBM və digər beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan layihə və tədbirlərdə yaxından iştirak etmişdir.

 

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin daha da genişləndirilməsi istiqamətində hazırda Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq tədbirlər davam etdirilir.

 

Arzu RƏHİMOV 

Dövlət Miqrasiya Xidmətinin rəisi,

II dərəcəli dövlət miqrasiya xidməti müşaviri

Regional miqrasiya idarələri