AZ EN RU
logo Aliyev
Miqrasiya sahəsində idarəetmə sistemi müasir tələblər səviyyəsində qurulmuşdur  

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimovun www.yap.org.az saytına müsahibəsi

 

- Arzu müəllim, hazırda dünyada miqrasiya prosesləri qlobal məsələyə çevrilib. Məlum olduğu kimi son illər ölkəmiz sürətlə inkişaf edir və bu amil miqrantların ölkəmizə gəlişində əsas rol oynayır. Azərbaycanda da miqrasiya məsələlərini tənzimləmək məqsədilə bir neçə il öncə Dövlət Miqrasiya Xidməti yaradılıb. Bu barədə nə deyə bilərsiniz?

 

- Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan sürətli inkişaf yoluna çıxmış, bölgədə liderlik qazanan yeganə dövlətə çevrilmşdir. Yeni dövrün tələblərinə uyğun həyata keçirilən səmərəli iqtisadi islahatlar respublikada sosialyönümlü problemlərin komrleks həllinə geniş imkanlar yaratmışdır. Dövlət başçımızın ölkəmizdə sosial-iqtisadi inkişafın sürətləndirilməsinə hesablanan mühüm fərman və sərəncamlar imzalaması Azərbaycan iqtisadiyyatının dinamik inkişafına gətirib çıxarmışdır. Dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı inkişaf tempini qoruyub saxlaması uğurla aparılan iqtisadi siyasətin məntiqi nəticəsidir.

 

Ötən müddətdə qəbul edilən Dövlət proqramları və onlara əlavələr regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin etmişdir. Bu komrleks sənədlər əlbəttə ki, ölkədə miqrasiya proseslərinin inkişafına da hərtərəfli imkanlar açmışdır. Miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılmış, əsaslı tədbirlər həyata keçirilmişdir. Hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Dövlət Miqrasiya Siyasəti Konsepsiyası"nın (2004) gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün "Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı" təsdiq edilmişdir. Proqramda əsas fəaliyyət istiqamətləri olaraq, miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, bu sahədə dövlət tərəfindən tənzimlənmənin səmərəliliyinin artırılması, aidiyyəti dövlət orqanlarının miqrasiya sahəsində işlərinin əlaqələndirilməsi, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi və eləcə də digər ölkələrin miqrasiya qurumları və əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulmuşdur. Dövlət Miqrasiya Proqramından irəli gələn məsələlərin həyata keçirilməsi ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin yaradılmasına yönəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında imzaladığı 560 saylı Fərman isə miqrasiya sahəsində idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədinə xidmət etmişdir.

 

Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində yol verilən nöqsan və sui-istifadə hallarının, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təşkili Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindəndir. Bu vəzifələr sırasında həmçinin əmək ehtiyatlarından səmərəli istifadə olunması, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması önəmli yer tutur.

 

Qeyd etməliyəm ki, Dövlət Miqrasiya Xidməti ilk gündən fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və yüksək humanizm prinsipləri əsasında quraraq, aidiyyəti dövlət qurumları ilə birlikdə fəaliyyət göstərir, miqrasiya sahəsində bu orqanların fəaliyyətini əlaqələndirir. Xidmət öz vəzifələrini yerinə yetirərkən, hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Xarici vətəndaşların ölkədə olma müddətinin uzadılması, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq istəyən əcnəbilərə icazənin, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin, sığınacaq axtaran əcnəbilərə qaçqın statusunun verilməsi məsələləri ilə məşğul olur, vətəndaşlıq məsələlərinin həllində iştirak edir. Dövlət Miqrasiya Xidmətinə müraciət edənlərin vəsatətlərinə ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul olunur.

 

- Azərbaycan həmçinin, məcburi daxili miqrasiyaya məruz qalan ölkələrdəndir. Ermənistanın işğalçı siyasəti nəticəsində soydaşlarımız uzun əsrlərdən bəri yaşadığı dədə-baba torpaqlarından deportasiya olunublar, eyni zamanda, torpaqlarımızın işğalı nəticəsində məcburi köçkün vəziyyətinə düşüblər. İstərdik, daxili miqrasiya probleminin həlli ilə bağlı atılan addımlar barədə məlumat verəsiniz.

 

- Bəli, ölkəmiz ötən əsrin 80-ci illərinin sonlarında daxili məcburi miqrasiyaya məruz qalmışdır. Ermənistanın apardığı deportasiya, soyqırımı və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan keçmiş SSRİ-də qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş ilk respublika olmuşdur. Ermənistanın etnik təmizləmə və təcavüzkarlıq siyasəti nəticəsində bir milyondan çox soydaşımız doğma ev-eşiyindən didərgin düşərək, respublikamızın müxtəlif bölgələrində sığınacaq tapmışdır. Ümummilli lider Heydər Əliyev müxtəlif səbəblərdən miqrasiya etmiş ölkə vətəndaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına, onların üzləşdiyi problemlərin həllinə çalışmışdır. Bu sahədə dövlət siyasətini uğurla davam etdirərək, yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son beş ildə həm xarici, həm də daxili miqrasiyanın mənfi təzahürlərinin aradan qaldırılması istiqamətində səmərəli və məqsədyönlü tədbirlər görmüşdür. Qaçqın və məcburi köçkünlər daxili məcburi miqrasiyanın başlıca subyektləri kimi Azərbaycan hökumətinin hərtərəfli diqqət və qayğısı ilə himayə edilmişlər. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində respublikada bütün məcburi köçkün düşərgələrinin ləğv olunacağını bəyan edən dövlət başçısı cənab İlham Əliyev qısa zamanda bu vədinə də tam əməl etmiş, məcburi köçkünlər müasir infrastrukturlu yeni evlərlə təmin olunmuşlar. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" isə məcburi miqrasiya subyektlərinin yeni qəsəbələrə köçürülməsini təmin etmişdir. Dövlət proqramı əsasında 2007-ci ilin dekabrında sonuncusu olmaqla, ümumilikdə 12 çadır şəhərciyi ləğv edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” uğurla icra olunmaqdadır. Ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınmış, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisələri, onlarla mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl davam etdirilir.

 

- Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət həm də ölkədaxili ən böyük problemlərdən birinin - daxili qeyri-məcburi miqrasiyanın qarşısını alır. Bunun nəticəsində də rayonlardan mərkəzə urbanizasiyanın qarşısı alınır. Təbii ki, bu yöndə aparılan dövlət siyasəti də xüsusi olaraq vurğulanmalıdır. Necə düşünürsünüz, bu miqrasiyanın qarşısının alınmasında qəbul olunan dövlət proqramları, qanunlar hansı rolu oynayır?

 

- Azərbaycan Prezidenti cənab İlham Əliyev regionlardan Bakıya və digər iri şəhərlərə yüksək axının - urbanizasiya prosesinin qarısının alınmasını ilk gündən iqtisadi siyasətdə mühüm prioritetlərdən biri kimi müəyyənləşdirmiş, sosial ədalət prinsipinin qorunması baxımından respublikanın hər bir bölgəsinin proporsional inkişafını vacib saymışdır. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" ilk növbədə, regionların qeyri-proporsional inkişafının qarşısını almağa xidmət edən təkmil konsepsiya olmaqla yanaşı, sosial-iqtisadi səbəblərlə bağlı daxili miqrasiyanın fəsadlarının aradan qaldırılmasına yönəlmişdir. Dövlət proqramının yekunları ilə bağlı bir müddət əvvəl keçirilmiş konfrans regionların tarazlı inkişafı, infrastrukturun yeniləşdirilməsi, yeni iş yerlərinin açılması, sosial problemlərin həlli nəticəsində respublikada sosial-iqtisadi səbəblərlə bağlı daxili miqrasiyanın səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını bir daha təsdiqləmişdir. Bir müddət kənd və qəsəbələrdən iş axtarmaq məqsədilə Bakıya üz tutan vətəndaşlar indi geri qayıdır, yaşadıqları yerlərdə işlə təmin olunurlar. Prezident cənab İlham Əliyev hər zaman respublikanın bölgələrinə səfərlər edir, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə maraqlanır, lazımi tapşırıq və tövsiyələrini verir. Dövlət başçısı respublikanın regionlarında ölkənin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dən çox müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.

 

- Arzu müəllim, xarici miqrasiya prosesindən danışmanızı istərdik. O baxımdan ki, daxili arenada qeyd etdiyiniz iqtisadi-siyasi uğurlar ölkəmizi əcnəbilər üçün də maraqlı dövlətə çevirib və bu gün Azərbaycan bütün dünya ölkələrinin vətəndaşları üçün böyük maraq kəsb edir. Bu mənada, xarici miqrasiya prosesinin tənzimlənməsi üçün hansı qanunlar qəbul olunub? Ümumiyyətlə, bu məsələ ilə bağlı qanunvericilik bazasını yetərli hesab etmək olarmı?

 

- Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan əcnəbilər üçün cəlbedici dövlətə çevrilir, yaxşı iş yeri tapmaq üçün respublikamıza üz tutan əmək miqrantlarının sayı ildən-ilə artır. Sürətli sosial-iqtisadi inkişafla yanaşı, energetika və nəqliyyat sahələrində beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması, habelə respublikanın əlverişli geosiyasi mövqeyi Azərbaycanda miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarmışdır. İqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində respublikamızda miqrasiya proseslərinin daha səmərəli üsul və vasitələrlə, vahid dövlət orqanı tərəfindən tənzimlənməsi, qeydiyyat üçün tələb olunan prosedurların sadələşdirilməsi obyektiv gerçəkliyin diktə etdiyi zərurətdir. Miqrasiya proseslərinin tənzimlənməsi üçün miqrantların dəqiq qeydiyyatının, statistikasının aparılması, onların ölkə qanunları çərçivəsində yaşayıb-işləmələrinin təmin edilməsi Azərbaycanın milli təhlükəsizliyi baxımından da vacib əhəmiyyət daşıyır. Cənab İlham Əliyev hələ 2006-cı ilin 25 iyul tarixində "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının (2006-2008-ci illər) təsdiq edilməsı haqqında" Sərəncam imzalamışdır. Dövlət proqramı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"na uyğun olaraq hazırlanmış, ölkədə mövcud miqrasiya proseslərinin təhlili əsasında bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməli olan zəruri tədbirləri özündə əks etdirmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi tədbirlər miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, bu sahədə əngəllərin tamamilə aradan qaldırılmasına, sənədləşmənin sadələşdirilməsinə xidmət edir. Bu baxımdan dövlət başçısı tərəfindən "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" imzalanmış 4 mart 2009-cu il tarixli 69 saylı Fərmanın icrası ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsi, bu sahədə operativliyin təmini və həllini gözləyən problemlərin aradan qaldırılmasına səbəb olmuşdur.

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması və digər aktual məsələlər təmin edilməkdədir.

 

Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 2009-cu il tarixli 88 saylı qərarı ilə təsdiq edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması Qaydaları” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyun 2009-cu il tarixli 102 saylı qərarı ilə təsdiq edilmiş “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi Qaydaları” əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müvəqqəti olma və yaşama müdddətləri ilə bağlı vacib normativ hüquqi aktları sırasındadadır.

 

- «Bir pəncərə» prinsipinin tətbiqi miqrasiya proseslərinin inkişafına hansı dərəcədə təsir göstərib?

 

- Məlum olduğu kimi, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə Prezident cənab İlham Əliyev 4 Mart 2009-cu il tarixdə miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar müvafiq Fərman imzalamışdır. Həmin Fərmana əsasən, iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqinə start verilmişdir. Belə ki, Fərmanın icrası ilə quruma daxil olan müraciətlərin sayı artmış, vahid prinsipin icrasında ciddi nəzarət mexanizmi yaradılmışdır. Bu məqsədlə Dövlət Miqrasiya Xidmətinə daxil olan sənədlər mərkəzləşdirilmiş qaydada qeydiyyata alınır və hər bir müraciətə fərdi yanaşma tətbiq edilir.

 

Nəzərinizə çatdırım ki, ölkəmizə gələn əcnəbilər müvafiq icazələrin alınması və qeydiyyat prosedurlarının mürəkkəb olması səbəbindən indiyə qədər müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalırdılar. Prezident cənab İlham Əliyevin imzaladığı Fərmanın icrasına başlanılandan respublikamıza gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurları tam sadələşdirilmişdir. Yəni, 1 iyul 2009-cu il tarixdən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər qeyd edilən məsələlərlə əlaqədar artıq bir neçə dövlət orqanına deyil, yalnız bir ünvana - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər.

 

Bundan başqa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə icazələrin verilməsi və onların yaşayış yeri üzrə qeydiyyata alınması prosesində şəffaflıq tam təmin edilmişdir. Məhz "bir pəncərə" prinsipinin tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında, yəni heç bir viza almadan Azərbaycan Respublikasından gedə və Azərbaycan Respublikasına qayıda bilirlər.

 

- Vahid Miqrasiya Məlumat Sisteminin yaradılmasının üstünlükləri nədən ibarətdir?

 

- Prezident cənab İlham Əliyev dövlət orqanları qarşısında miqrasiya proseslərinin idarə edilməsi sahəsində nəzarətin gücləndirilməsi vəzifəsini qoymuş, bu məqsədlə Dövlət Miqrasiya Xidmətinə miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqin təşkili, vaxtaşırı hesabatların və statistik məlumatların hazırlanması, həmçinin yeni texnologiyaların tətbiqi ilə vahid uçotun təmin edilməsi tapşırığını vermişdir. Miqrasiya sahəsinə nəzarətin gücləndirilməsi məqsədilə ölkə başçısı tərəfindən 6 fevral 2009-cu il tarixdə imzalanmış Sərəncama əsasən fəaliyyəti təmin edilmiş Vahid Miqrasiya Məlumat Sistemi ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmin olunması sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaratmışdır. Bu gün ölkə ərazisində miqrasiya proseslərinin idarəedilməsi funksiyasını yerinə yetirən Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olduqdan sonra harada olması və hansı işlə məşğul olması müşahidə olunur, ciddi nəzarətdə saxlanılır.

 

- Nəzərə alaq ki, bu gün qeyri-qanuni miqrasiya problemi başqa dövlətlərdə olduğu kimi Azərbaycanda da yox deyil. Bu problemin qarşısının alınması üçün hansı əsaslı addımlar atılır?

 

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edib ölkə ərazisində olma və yaşamalarını qanuniləşdirən əcnəbilər olduğu kimi, təəssüf ki, qanunvericiliyin tələblərinə riayət etməkdən boyun qaçıranlar da yox deyildir. Qeyri-qanuni miqrasiyanın qarşısının alınması respublikamızın milli təhlükəsizliyinin təmini baxımından vacib şərtlərdən biridir. Miqrasiya nəzarəti sistemi qeyri-qanuni miqrasiya ilə bağlı mövcud vəziyyətə adekvat olmalıdır. Miqrasiya prosesləri üzrə idarəetmə beynəlxalq öhdəliklərin yerinə yetirilməsini, insan hüquq və azadlıqlarının, dövlətin milli maraqlarının və təhlükəsizliyinin etibarlı qorunmasını tələb edir. Bu sahədə xarici ölkələrin müvafiq strukturları və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, həmsərhəd dövlətlərlə müqavilə prosesinin aktivləşdirilməsi, öhdəlikləri müəyyən edən və məsuliyyət nəzərdə tutan müvafiq sazişlərin bağlanması üzrə tədbirlər həyata keçirilir. Nəzarətin gücləndirilməsi üzrə normativ hüquqi aktların, o cümlədən ölkəmizin ərazisindən tranzit keçid qaydaları, daxili miqrasiyanın hüquqi tənzimlənməsi, qeyri-qanuni miqrantların ölkə ərazisindən çıxarılması, müxtəlif dövlət orqanlarının fəaliyyətlərinin səmərəli əlaqələndirilməsi və işin məqsədyönlü təşkili istiqamətində konkret addımlar atılır. Bir sözlə, Dövlət Miqrasiya Xidməti bütün gücünü səfərbər edərək ölkə ərazisində qanunsuz yaşayan, əmək fəaliyyətilə məşğul olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi istiqamətində müntəzəm tədbirlər həyata keçirir. Müəyyən edilmiş inzibati pozuntu halları qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır və müvafiq qərarlar qəbul olunur.

 

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 6.092 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş, onlardan 1.736 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 3.792 əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 564 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilmişdir.

 

Regional miqrasiya idarələri