AZ EN RU
logo Aliyev
“Bir pəncərə” sistemi miqrasiya sahəsində yeni mərhələdir

(Müsahibə “Zaman” qəzetinin 25-27 iyul 2009-cu il tarixli sayında dərc edilmişdir.)

 

Hazırda Azərbaycanda əsas müzakirə olunan mövzulardan biri də miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” sisteminə keçilməsi, qanunvericiliyə, vizaların verilməsi qaydalarına dəyişikliklər edilməsidir. Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alıb, mövzu ilə bağlı suallarımızı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimova ünvanladıq.

 
- Arzu müəllim, iyulun 1-dən respublikamızda miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” sisteminə keçilib. Bununla əcnəbilərin yalnız Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etməklə viza problemlərini həll edəcəkləri bildirilir. Bu barədə məlumat verməyinizi xahiş edirik.

 
 - Azərbaycan ərazisinə daxil olan hər bir əcnəbi xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və diplomatik korpuslara müraciət edərək, müəyyən olunmuş qaydada viza almalıdır. Ölkəmizə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər burada qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin alınması, həmçinin yaşayış yeri üzrə qeydiyyata alınmaları məqsədi ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə edilib. Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi məqsədi ilə sənədləri qəbul edir və onların öz rəyi ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi işi ilə məşğul olur. Bundan əlavə, rəhbəri olduğum qurum əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi,  Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq vəsiqələrin verilməsini təşkil edir. DMX həmçinin, respublikamıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin burada müvəqqəti olma müddətinin uzadılmasını həyata keçirir. Həmçinin DMX-nin vahid miqrasiya məlumat sistemi ilə Azərbaycanda yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu aparılır. Qeyd edim ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə DMX tərəfindən 20 iş günü müddətində baxılır.

 
”Bir pəncərə” prinsipinin tətbiq edildiyi gündən Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasportlar və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və DMX tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında respublikadan gedə və qayıda bilirlər.

 
- Bəs miqrasiya haqqında qanunvericiliyə, vizaların verilməsi qaydalarına son vaxtlar hansı dəyişikliklər edilib?

 
- Azərbaycana viza əsasında gələn əcnəbilərin ölkədə olma müddəti vizadakı qalma müddəti ilə müəyyən edilir. Bu müddət bitənədək əcnəbilər ya bu müddətin uzadılması məsələlərini həll etməli, ya da ölkə ərazisini tərk etməlidirlər. 1 iyul 2009-cu ildən miqrasiya proseslərinin idarəolunmasında tətbiq edilən “bir pəncərə” prinsipinin tələblərinə əsasən, əcnəbilərin ölkədə viza müddəti deyil, buna əsas olduqda DMX tərəfindən ölkədə qalma müddətləri uzadılacaq.

 
- Qaydalar bütün əcnəbi vətəndaşlar üçün eynidirmi? Yoxsa fəaliyyət sahəsindən asılı olaraq onlara güzəştlər edilə bilər?

 
- Qaydalar bütün əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün eynidir. Lakin xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycana diplomatik missiya ilə və ya ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər istisna təşkil edir. Belə ki, sadalanan şəxslərin qeydiyyatı Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən aparılır.

 
- Gürcüstan azərbaycanlıları üçün qanunvericilikdə hansısa güzəştlər nəzərdə tutulurmu?

 
- Gürcüstan vətəndaşları (azərbaycanlılar) üçün qanunvericilikdə güzəşt nəzərdə tutulmayıb.

 
- Ölkəmizdə daimi yaşamaq istəyən və yaxud Azərbaycan vətəndaşlığına qəbul üzrə əlavə meyarlar müəyyənləşdirilib, həmçinin miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət artırılıb. Bu barədə məlumat verməyinizi xahiş edirik.

 
- Ölkə ərazisində daimi yaşama və ya Azərbaycan vətəndaşlığına qəbul Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 24 iyun 2008-ci il tarixdə bir çox qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilib ki, onlardan biri də “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Qanundur. Bu qanunun 5-ci maddəsinin yeddinci hissəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkə ərazisində qanuni əsaslarla azı 2 il müvəqqəti yaşadıqdan sonra “İmmiqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən ölkə ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla yaşadıqda, qanuni gəlir mənbəyi olduqda, habelə Azərbaycanın dövlət dilini bilməsi haqqında sənəd təqdim etdikdən sonra Azərbaycan vətəndaşlığına qəbulla əlaqədar vəsatət verə bilər.


Yeri gəlmişkən, bir məsələni də ictimaiyyətin nəzərinə çatdırmaq istəyirəm. “Əcnəbilərin hüquqi vəziyyəti haqqında” Qanunun və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər bir sıra hallarda qanunvericilikdə müəyyən edilmiş müddət nəzərə alınmadan Azərbaycan vətəndaşlığına qəbul edilə bilərlər. Birincisi, şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda. İkincisi, şəxs Azərbaycan üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə alınması ilə əlaqədar bu şəxslərə - iqtisadiyyat, sənaye, müdafiə, mədəniyyət, idman və digər sahələr üzrə yüksəksəviyyəli mütəxəssislərə, bir sözlə, Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən şəxslərə birillik müvəqqəti yaşama üçün icazə verilir. Miqrasiya qanunvericiliyini pozan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən ölkədə olma və ya ölkə ərazisindən tranzit keçid qaydalarının pozulmasına görə (bu şəxslərə qarşı ölkə hüdudlarından kənara çıxarılma da tətbiq edilə bilər), eləcə də miqrasiya qanunvericiliyini pozan vəzifəli şəxslər üçün cərimənin məbləği əhəmiyyətli dərəcədə artırılıb. Bununla belə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş və qanunvericiliklə müəyyən edilmiş qaydada onların vaxtında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görməyən şəxslərə qarşı da cərimələr bir neçə dəfə artırılıb.

 
- “Bir pəncərə” prinsipi ilə ölkəmizdə yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər üçün müvafiq icazələrin verilməsi prosedurlarının sadələşdirildiyi qeyd olunur. Sadələşdirmə dedikdə, nə nəzərdə tutulur?

 
- Ölkəmizə gələn əcnəbilər müvafiq icazələrin alınması və qeydiyyat prosedurlarının mürəkkəb olması səbəbindən indiyə qədər müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalırdılar. Prezident cənab İlham Əliyevin imzaladığı fərmanın icrasına başlanılandan respublikamıza gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurları tam sadələşdirilib. Yəni əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər qeyd edilən məsələlərlə əlaqədar artıq bir neçə dövlət orqanına deyil, yalnız bir ünvana – Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər.

 
- Sözügedən prosesləri keçmək istəyən əcnəbilər üçün dövlət rüsumu nə qədərdir?

 
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində 3 ayadək müvəqqəti yaşama icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə 30 (otuz) manat, altı ayadək 60 (altmış) manat, bir ilədək 120 (yüz iyirmi) manat, tələbələr isə illik 40 (qırx) manat məbləğində dövlət rüsumu, həmçinin ölkədə 1 ayadək müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə 30 (otuz) manat, 1 aydan 2 ayadək 60 (altmış) manat, 2 aydan 3 ayadək isə 90 (doxsan) manat məbləğində dövlət rüsumu ödəməlidirlər.  Daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 300 (üç yüz) manat,  vətəndaşlıq məsələləri (qəbul, bərpa və çıxma) ilə əlaqədar 110 (yüz on) manat, ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün isə 1000 (min) manat məbləğində dövlət rüsumu ödənilməlidir.

 
- Problemlərlə üzləşən əcnəbilər hara müraciət etməlidir?

 
- Dövlət Miqrasiya Xidmətinin ötən ilin noyabr ayından “www.migration.gov.az” rəsmi internet səhifəsi fəaliyyətə başlayıb. O ki qaldı problemlə üzləşən əcnəbilərə, onlar bizə xidmətin həm “e-mail” ünvanları (“info@migration.gov.az” və “statemigrationservice@bakinter.net”), həm də internet səhifəsində aktiv olan “Sual-Cavab” bölməsi vasitəsilə müraciət edə bilərlər. Bundan əlavə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidmətinin (012) 561 87 54 saylı “qaynar xətti”nə zəng vurmaqla onları maraqlandıran suallara cavab ala bilərlər.

 
- Dövlət Miqrasiya Xidmətinə lazım olan bütün prosedurlardan keçən əcnəbilərə ölkəmizdə yaşamaq, yaxud giriş və ya çıxış izni verən xüsusi kartlar təqdim edilir. Həmin kartların sərhəddə çalışanlar tərəfindən tanınması üçün hər hansı maarifləndirmə işləri aparılırmı?

 
- Bəli. Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipi tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport) və Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr (etibarlılıq müddəti başa çatanadək) əsasında ölkəmizdən gedə və ölkəmizə qayıda bilərlər.

Regional miqrasiya idarələri