AZ EN RU
logo Aliyev
Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir

(Məqalə “Respublika” qəzetinin 03 may 2013-ci il tarixli sayında dərc edilmişdir)

 

Tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Belə nadir şəxsiyyətlərdən biri də ötən əsrin və yeni minilliyin görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir.

 

Azərbaycan xalqının böyük oğlu respublikamızda hakimiyyətə 14 iyul 1969–cu ildə gəlmişdir. Həmin gün qüdrətli dövlətin, milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsası müəyyənləşmişdir. 1969–cu ildə keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunun iclasında ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Dahi lider ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir. Ulu öndər Heydər Əliyev plenumda dərin məzmunlu çıxış edərək qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləmişdir: “Mən bütün Büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır”.

 

Ümummilli lider Heydər Əliyevin ilk hakimiyyətdə olduğu 1969–1982–ci illər Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil etmişdir. Bu illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olmuşdur. Dövlət həyatının bütün sahələrində misli görünməmiş canlanma baş vermiş, qısa müddət ərzində ölkə əsrə bərabər inkişaf yolu keçmişdir. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır.

 

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi və böyük siyasətdə olduğu bir qərinədən artıq dövr xalqın taleyində tarixi rol oynamışdır. Azərbaycanın hər bir bölgəsində onun quruculuq fəaliyyətinin izləri vardır. Təkcə paytaxtda Heydər Əliyev quruculuğunun nümunəsi olan onlarca nəhəng tikili, sənaye müəssisəsi, mədəniyyət, təhsil və səhiyyə ocağı var.

 

Ümummilli liderin prinsipiallığı, cəsarəti, milli idealara bağlılığı nəticəsində 1978–ci il Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit edilməsi məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmış addım idi. Azərbaycanın gələcək müstəqilliyini düşünən uzaqgörən lider gənclərimizin SSRİ–nin nüfuzlu ali təhsil müəssisələrində oxumaları üçün şərait yaratmış və o dövrdə yüksək ixtisaslı kadr kimi yetişən gənclərimiz bu gün müstəqil Azərbaycanımızın qüdrətlənməsinə xidmət göstərirlər.

 

Hərbi təhsilin inkişafı da bu dövrdə xüsusi diqqət mərkəzində olmuşdur. Ulu öndərin təməlini qoyduğu Cəmşid Naxçıvanski adına Hərbi Məktəb Heydər Əliyevin milli təhsilimizin bütün sahələr üzrə inkişafına yüksək diqqət və qayğısının bariz təcəssümüdür. Sovet hakimiyyəti illərində azərbaycanlılar sırf milli zəmində hərbi kadr hazırlığına və SSRİ hərbi elitasına yaxın buraxılmırdılar. Belə bir zamanda Heydər Əliyevin Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Ali Məktəbin yaradılması təşəbbüsünün üzərində xüsusi israr etməsi, özünəməxsus qətiyyəti və iradəsi hesabına buna nail olması da, sözün əsl mənasında, qəhrəmanlıq nümunəsi idi.

 

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda zavodlar, fabriklər, istehsalat sahələri yaradılmışdır. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tuturdu. 1975–ci ildə Bakı Məişət Kondisionerləri Zavodunun işə düşməsi məhz dahi öndərimizin böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətin məntiqi nəticəsi idi. Dahi liderin səyləri nəticəsində respublikamız, eyni zamanda keçmiş İttifaq miqyasında mühüm kənd təsərrüfatı respublikası, qabaqcıl pambıqçılıq və üzümçülük diyarı kimi məşhurlaşmışdır. Sənaye obyektlərinin sayı artırılmış, məhsul istehsalının həcmi yüksəldilmiş, kənd təsərrüfatı sahəsində sürətli inkişaf əldə edilmişdir. Bir sözlə, bütün sahələr üzrə misli görünməmiş uğurlar qazanılmışdır. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynamışdır ki, bu, əsrlər boyu unudulmayacaqdır.

 

Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir 1991–ci il oktyabrın 18–də Müstəqillik Aktı qəbul olunmuşdur. Müstəqilliyin qorunub saxlanmasını onun əldə edilməsindən daha çətin olduğunu dəfələrlə bəyan etmiş ümummilli lider Heydər Əliyev bildirirdi: “Biz bütün bu çətinliklərdən keçdik, bütün maneələrin qarşısını aldıq, Azərbaycanın düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik. Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq!”. Ulu öndər üçün ən böyük sevinc Azərbaycanın müstəqilliyi, azadlığı, suverenliyi idi. Dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi dövlətçiliyimizin atributu olan himn, üçrəngli bayraq və gerbimizin bərpasını vətəndaşlıq borcu adlandıranda da böyük qətiyyət göstərərək Azərbaycan naminə canından belə keçməyə hər an hazır olduğunu bildirmişdir. Olduqca mürəkkəb bir dövrdə xalqına xidmət edən, müstəqilliyimizi qanı, canı bahasına qoruyan Heydər Əliyev ən bacarıqlı dövlət xadiminin edə bilmədiyini qətiyyəti sayəsində gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə tanınmış siyasi xadimlər sırasında əbədilik yerini tutmuşdur. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamında qeyd edildiyi kimi, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıçısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

 

Tarixə qısaca nəzər salanda Azərbaycanı müstəqilliyə aparan yolların heç də asan və hamar olmadığı aydın görünür. Məlum həqiqətdir ki, müstəqilliyin ilk illərində Azərbaycanın başına gələn ağır bəlaların, o cümlədən torpaqlarımızın Ermənistan tərəfindən işğalının əsas səbəbi, hətta dövlət müstəqilliyinin uçuruma çatdırılması məhz səriştəsiz “siyasətçilərin” ölkənin, xalqın taleyinə biganəliyinin nəticəsi idi. Xalq belə vəziyyətdən yeganə çıxış yolunu görkəmli siyasi xadim Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə görmüşdür. Heydər Əliyev xalqın tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq 1993–cü ilin iyun ayında Bakıya gəlmişdir. İyunun 15–də onun respublika rəhbəri seçilməsi ilə müstəqil dövlətçilik tarixinin ikinci dövrü başlanmışdır.

 

1993–cü il oktyabrın 10–da keçirilən andiçmə mərasimində nitqi zamanı söylədiyi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm” — ülvi məqsədini atdığı hər addımında sübut edən ümummilli lider Heydər Əliyev Azərbaycanı çox qısa zamanda böyük inkişaf, tərəqqi yoluna çıxardı.

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai–siyasi, sosial–iqtisadi, elmi–mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Ümummilli liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ölkənin ictimai–siyasi, sosial–iqtisadi, elmi–mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. 1994–cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, “Əsrin müqaviləsi”nin imzalanmasına, 1995–ci ildə Konstitusiyasının qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Dahi liderin düşünülmüş və müdrik siyasəti nəticəsində qısa zamanda Azərbaycan iqtisadiyyatı inkişaf etdi. Bununla da Azərbaycanın iqtisadi tərəqqisi başlanmış oldu. Azərbaycanın zəngin təbii resurslarının dünya bazarlarına çıxarılması, neft gəlirlərinin ölkəmizin hərtərəfli inkişafına, xalqımızın rifahının yüksəlməsinə sərf edilməsi ulu öndərin uzağa hesablanmış fəaliyyətində əsas yer tuturdu. Verilən hər bir vədin konkret əməli işdə təsdiqinin nəticəsi idi ki, xalqın gələcəyə ümidləri daha da artmış, 1998–ci ildə keçirilən növbəti prezident seçkilərində yenidən ulu öndərə etimad göstərilmişdir. Dahi öndər 1998–ci il oktyabrın 11–də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə yenidən Prezident seçilmişdir. “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik”. Ümummilli liderin andiçmə mərasimində söylədiyi bu tezis dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanmışdır.

 

Prezident kimi fəaliyyət göstərdiyi 1993–2003–cü illər ərzində Heydər Əliyev müdrik rəhbər olaraq hər bir fərdin azad, təhlükəsiz şəraitdə yaşaması naminə, ilk növbədə, respublikada qanunçuluğun və hüquq qaydalarının bərpasına nail olmuşdur. Paralel olaraq Azərbaycanda qanunçuluğun inkişafına baza yaradan addımların atılması isə yeni, müasir və möhkəm dövlətçilik modelinin təkmil hüquqi mexanizmlərinin formalaşdırılması məqsədindən irəli gəlirdi. Ulu öndərin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan beynəlxalq aləmdə qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini günbəgün möhkəmləndirməkdədir.

 

“Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” — ulu öndərin söylədiyi bu tarixi sözlər, onun müdrik siyasəti kimi, zamanın sınağından uğurla çıxmaqdadır. Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli intibah və inkişafının təməl sütunu olan ideyanın—azərbaycançılıq məfkurəsinin banisi olmuşdur. Siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət hissi, qurub–yaratmaq amalı ilə yaşamış ümummilli lider Azərbaycanın gələcəkdə daha qüdrətli dövlət olması üçün ölkəyə rəhbərliyə layiq ola biləcək namizədini də tövsiyə etmişdir. Vətənini canından artıq sevən ulu öndər 2003–cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirmişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatının gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 

Azərbaycan xalqı birmənalı şəkildə 2003–cü il prezident seçkilərində ümummilli lider Heydər Əliyevin ideyalarını dəstəkləmişdir. Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bildirmişdir ki, mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram: “Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli dövlətə çevriləcəkdir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm”.

 

Prezident cənab İlham Əliyevin son 10 ilə yaxın dövr ərzində gördüyü işlər, bunların nəticəsi olaraq ölkəmizin qazandığı uğurlar dünya siyasətçiləri, politoloqları tərəfindən də ətraflı şərh olunur, Azərbaycanın gələcəyinə inam faktlar əsasında diqqətə çatdırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ölkənin daha sürətlə inkişaf etməsinə, tərəqqisinə, müasirləşməsinə, ictimai həyatın yeniləşməsinə, demokratiyanın və vətəndaş cəmiyyətinin daha da möhkəmlənməsinə yönəlmişdir. Dövlət başçımızın qeyd etdiyi kimi, bizim artan nüfuzumuz, gücümüz imkan verir ki, Azərbaycan tam şəkildə müstəqil siyasət aparsın.

 

Müasir və müstəqil Azərbaycanda elə bir uğur, nailiyyət yoxdur ki, orda ulu öndər Heydər Əliyev imzası olmasın

 

Ümummilli lider dövlət müstəqilliyinin ilk illərində ölkənin bütün sahələrində, o cümlədən miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində də çox mühüm tədbirlər həyata keçirmişdir. Belə ki, 1994–cü il noyabrın 14–də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının iştirakıyla ölkəmizdə insan hüquqları və miqrasiya məsələlərinə dair beynəlxalq konfransın keçirilməsi mühüm əhəmiyyət kəsb etmişdir. Üç gün davam edən konfrans dünyanın ölkəmizdəki qaçqınların vəziyyəti barədə obyektiv məlumatlandırılması baxımından bir dönüş nöqtəsi olmuşdur. Ulu öndər konfrans istirakçılarının diqqətinə çatdırmışdır ki, müharibə şəraitində olan Azərbaycan üçün belə böyük qaçqınlar ordusunu saxlamasının dövlət və onun insanları üçün necə ağır vəziyyət yaratdığını təsəvvür etmək o qədər də çətin deyildir.

 

Ulu öndərin miqrasiya sahəsinə xüsusi diqqət göstərməsi ölkədə bu proseslərin respublikamızın tərəqqisi naminə istiqamətləndirilməsinə şərait yaratdı. Azərbaycan dövləti miqrasiya məsələlərinin tənzimlənməsi ilə məşğul olan bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə başladı. Həmin təşkilatlardan biri də dünyada miqrasiya sahəsində ən nüfuzlu təşkilat hesab olunan Beynəlxalq Miqrasiya Təşkilatıdır. Azərbaycanın Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığı 2000–ci ildən daha da genişlənmişdir. Həmin il Azərbaycan Prezidenti Heydər Əliyevin təşkilatın baş katibi Brunson Mak Kinlinini qəbul etməsi, qarşılıqlı fikir mübadiləsinin aparılması gələcək əməkdaşlığın perspektivlərini müəyyənləşdirmək baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Beynəlxalq Miqrasiya Təşkilatının baş katibi Brunson Mak Kinlinin səfərindən sonra, göstərilən bütün əməkdaşlıq fəaliyyətinin nəticəsi olaraq 2001–ci ildə Azərbaycan Beynəlxalq Miqrasiya Təşkilatına üzv qəbul edilmişdir.

 

Ötən dövr ərzində Beynəlxalq Miqrasiya Təşkilatının Baş katibi ölkəmizə növbəti dəfə səfər zamanı Azərbaycanda bu sahədə aparılan islahatları və görülən işləri xüsusi qeyd etmiş, son illər Azərbaycanda gedən iqtisadi inkişafı xüsusilə vurğulamışdır.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə miqrasiya prosesinin mahiyyətini açaraq bu prosesi yüksək qiymətləndirmişdir: “Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən pozitiv xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”. Ümummilli lider Heydər Əliyev ölkədə daxili–məcburi miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinin əsasını yaratmışdır. Ulu öndərin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində respublikamızdan bir sıra inkişaf etmiş dövlətlərə emiqrasiya prosesi zəifləmiş, digər xalqları təmsil edən bir çox ailələr geri qayıtmışlar.

 

Ulu öndərin qətiyyətinin və siyasi uzaqgörənliyinin nəticəsi kimi 1994–cü ildə dünyanın nüfuzlu neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra milli iqtisadiyyata xarici investisiya qoyuluşlarının həcminin artması, müxtəlif sahələrdə infrastruktur və biznes layihələrinin həyata keçirilməsi əməkçi miqrantların ölkəmizə axını prosesini sürətləndirmişdir. Respublikamızın bütün sahələrinin yeniləşdirilməsi, idarəetmədə müasir texnologiyaların tətbiqi zərurəti ilə bağlı yüksək ixtisaslı əcnəbi mütəxəssislərin əmək bazarındakı mövqeyinin möhkəmlənməsi bir sıra nazirliklərin tərkibində miqrasiya proseslərinin idarə olunması üzrə yeni strukturların formalaşdırılması ilə nəticələnmişdir.

 

Bu gün mahir dövlət xadimi Heydər Əliyevin siyasəti onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikadakı sabitlik, təhlükəsizlik, sosial–iqtisadi inkişaf, yeni–yeni iş yerlərinin açılması xarici ölkə vətəndaşlarının Azərbaycanda yaşamaq, təhsil almaq, işləmək marağını artırmışdır. Bütün bunlar miqrasiya proseslərinin vahid mərkəzdən tənzimlənməsini gündəmə gətirmişdir. Bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ–hüquqi aktlar qəbul edilmiş, bir sıra fərman və sərəncamlar imzalanmışdır.

 

Miqrasiya sahəsində atılan ən mühüm və strateji addımlardan biri 2007–ci ildə Prezident cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasıdır. Xidmət fəaliyyətə başladığı ilk gündən Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial–iqtisadi, demoqrafik inkişafının təşkilində və əmək ehtiyatlarından səmərəli istifadə olunmasında önəmli nailiyyətlər qazanılmışdır. Həmçinin, ölkə ərazisində miqrantların intellektual və əmək potensialından istifadə edilməsində, insan alveri də daxil olmaqla, qeyri–qanuni miqrasiyanın qarşısının alınmasında mühüm irəliləyişlər əldə edilmişdir.

 

Uğurla reallaşdırılan miqrasiya siyasəti dövlət müstəqilliyimizin möhkəmlənməsinə, milli maraqların təmin olunmasına və ölkəmizin iqtisadi–sosial tərəqqisinə xidmət edir. Həmçinin, xalqımızın sosial rifah halının yüksəldilməsində və respublikamızın beynəlxalq aləmə sürətli inteqrasiya edərək nüfuzunun daha da güclənməsində həyata keçirilən miqrasiya siyasətinin xüsusi rolu vardır. Ölkə rəhbərliyinin davamlı olaraq həyata keçirdiyi tədbirlər miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, bu sahədə əngəllərin tamamilə aradan qaldırılmasına, sənədləşmənin sadələşdirilməsinə xidmət edir.

 

Düzgün seçilən yol daim ölkəni inkişafa, tərəqqiyə aparır

 

Bu gün ölkəmiz özünün sosial–iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Ölkə həyatının bütün sahələrində yüksək tərəqqi, sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Ölkə başçısı cənab İlham Əliyevin son illər uğurla həyata keçirdiyi uğurlu islahatlar ölkəmizin iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın daha da möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, o cümlədən regionlarımızın inkişafında müstəsna rol oynamışdır. 2004–cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycanda infrastruktur müasirləşdirilir, qeyri–neft sektoru dinamik templə inkişaf etdirilir, yeni–yeni iş yerləri açılır, əhalinin sosial rifahı ildən–ilə yaxşılaşdırılır. Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident cənab İlham Əliyev bildirmişdir: “Regional inkişaf proqramı da uğurla icra edilib. Qeyd etdiyim kimi, 2004–cü ildə birinci proqram, 2009–cu ildə ikinci proqram qəbul edilmişdir. Artıq ikinci proqram başa çatmaq üzrədir. Qarşıya qoyulmuş bütün vəzifələr icra edilib”. Cənab Prezident bildirib ki, Dövlət Proqramının icrasına başlanılandan 1 milyon 200 min yeni iş yeri açılıb ki, bu da öz növbəsində, işsizliyin böyük dərəcədə azalmasına xidmət göstərib: “İşsizliyin səviyyəsi 2012–ci ildə bir qədər aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür—7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir”.

 

Müstəqil Azərbaycan son 10 ildə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ciddi nailiyyətlərə imza atmışdır. Həyata keçirilən hərtərəfli düşünülmüş siyasət sayəsində ölkə iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq müstəqil şəkildə inkişaf etmişdir. Azərbaycanın sosial–iqtisadi imkanlarının ildən–ilə artması, dünyanın inkişaf etmiş dövlətləri ilə eyni cərgədə dayanması böyük uzaqgörənliklə davam etdirilən iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir.

 

Son illərdə ölkəmizin həyatında dinamik inkişaf sosial sahədə ardıcıl islahatların aparılmasına böyük imkanlar açmışdır. Prezident cənab İlham Əliyevin 23 may 2011–ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanı, 5 sentyabr 2012–ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanına uyğun olaraq ötən ilin sonunda istifadəyə verilən “ASAN xidmət” mərkəzinin fəaliyyəti, “bir pəncərə” prinsipinin tətbiq edilməsi dövlət qulluqçusu–vətəndaş münasibətlərinin yeni müstəviyə keçməsinə təkan verməkdədir. Ölkə vətəndaşlarının maraqlarının həm siyasi, həm maddi mənada təminatı üçün atılan konkret addımlar bu gün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən tam dəstəklənməsinə gətirib çıxarmışdır. “Mən hər bir azərbaycanlının prezidenti olacağam”—deyən ölkə başçısı cənab İlham Əliyev, doğrudan da, hər bir azərbaycanlının prezidentinə çevrilmişdir. Bu inamın doğruluğunu həyat özü təsdiqləməkdədir.

 

Həyata keçirilən düzgün və düşünülmüş siyasət nəticəsində ölkəmizin beynəlxalq imici də getdikcə yüksəlmiş və möhkəmlənmişdir. Məhz Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının üzvü olan 155 ölkənin səsini toplayaraq 2012–2013–cü illər üzrə təşkilatın Təhlükəsizlik Şurasının qeyri–daimi üzvü seçilməsi ölkəmizin xarici siyasətdə əldə olunan mühüm qələbəsidir. Eyni zamanda, dünyanın enerji bazarında önəmli təşəbbüskar kimi nüfuz qazanması, sivilizasiyalararası dialoq məkanı kimi tanınması beynəlxalq aləmdə olan nüfuzunun göstəricisidir. Həmçinin Azərbaycanın beynəlxalq tədbirlərdə uğurlu iştirakı, eləcə də mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin dinamik inkişafının təcəssümüdür. Ölkəmizin “Eurovision” kimi mahnı müsabiqəsində qələbə əldə etməsi, üçrəngli dövlət bayrağımızın ən möhtəşəm musiqi, idman yarış və olimpiadalarında yüksək zirvədə dalğalanması da xalqımızın çoxillik dövlətçilik ənənəsinə sadiqliyinin, müasirliyə doğru inkişafının təsdiqidir.

 

Bundan başqa, ölkə rəhbəri Azərbaycanın qlobal enerji və nəqliyyat–kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsində, Avropanın enerji təhlükəsizliyinin təminatında rolunun artırılması istiqamətində uğurlu fəaliyyət nümayiş etdirmişdir. Demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi–siyasi mühitin formalaşdırılması, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə informasiya–kommunikasiya texnologiyalarının geniş tətbiqi və digər məsələlər də dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace–1″in orbitə buraxılması ölkəmizin qüdrətini dünyada nümayiş etdirən ən mühüm hadisələrdən biri olmuşdur. Bu tarixi fakt sübut etmişdir ki, dövlətimiz dünyanın inkişaf etmiş, kosmos sənayesinə malik ölkəsinə çevrilmək əzmindədir.

 

Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır. Bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı xalqımızın qəlbində daim yaşayacaqdır. Haqlı olaraq deyilir ki, nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

 

 

Firudin NƏBİYEV,

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi,

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri.

 

Regional miqrasiya idarələri