AZ EN RU
logo Aliyev
Azərbaycanın dinamik inkişafı miqrasiya proseslərinin dövlət səviyyəsində tənzimlənməsini zəruri edir

 (Məqalə “Azərbaycan” qəzetinin 17 mart 2009-cu il tarixli sayında dərc edilmişdir)
Yeni dünya düzəninin diktə etdiyi obyektiv gerçəkliklər fonunda hər bir dövlətin milli təhlükəsizlik konsepsiyası onun coğrafi mövqeyindən, beynəlxalq münasibətlər sistemindəki yerindən, elmi-intellektual potensialından, təbii sərvətlərindən və əmək ehtiyatlarından asılı olaraq müxtəlif məqsədlər üzərində qurulmuşdur. Qarşısıalınmaz qloballaşma prosesi bütün mütərəqqi cəhətləri ilə yanaşı, dövlətlərin milli təhlükəsizliyi baxımından xarici və daxili miqrasiyanın da çevik mexanizmlər əsasında idarə olunmasını aktual məsələlərdən birinə çevirmişdir.
Müasir dünyada ölkələr arasında qarşılıqlı iqtisadi-siyasi münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsi, sosial-mədəni həyatın beynəlmiləlləşməsi, eyni zamanda, milli, irqi, regional münaqişələrin, fövqəladə vəziyyətlərin və təbii fəlakətlərin doğurduğu problemlər əhalinin kütləvi miqrasiyası ilə müşayiət olunur. Miqrasiya prosesləri ayrı-ayrı qitələrin, dövlətlərin və regionların iqtisadi inkişafı səviyyəsi ilə sıx surətdə bağlıdır. İqtisadi cəhətdən inkişaf etmiş hegemon dövlətlərlə geridə qalmış ölkələrin əhalisinin yaşayış səviyyəsində özünü göstərən kəskin fərq miqrasiya proseslərinin əsas səbəblərindən sayılır. Öz ölkələrində normal yaşayış səviyyələrini təmin edə bilməyən insanlar yüksək gəlirli iş əldə etmək üçün qanuni, yaxud da qanunsuz yollarla inkişaf etmiş dövlətlərdə məskunlaşmağa çalışırlar. Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə isə hər bir dövlətin əmək bazarının qorunması, işsizlik səviyyəsinin müəyyən həddə saxlanılması, eləcə də bu neqativ proseslərin doğurduğu beynəlxalq terrorizm, silah-sursat satışı, dini-siyasi ekstremizm, narkobiznes, insan alveri kimi transmilli cinayətlərin qarşısının alınmasında vacib rol oynayır.
Dinamik iqtisadi inkişaf yolunda olan, Şərqlə Qərbi birləşdirən geostrateji tranzit xətlərinin, qlobal enerji layihələrinin başlıca təminatçısına çevrilən, milli-etnik və dini dözümlülüyün yüksək səviyyəsinə görə fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya gətirən Azərbaycanda miqrasiya proseslərinin dövlət nəzarətində saxlanması isə, ilk növbədə, milli təhlükəsizliyin hərtərəfli təmini baxımından vacib aktuallıq kəsb edir. Bu aktuallıq bir tərəfdən respublikamızın zəngin təbii ehtiyatlara, inkişaf potensialına malik olması, əlverişli coğrafi mövqedə yerləşməsi, digər tərəfdən beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistanın təcavüzü ilə üzləşməsi, ağır müharibə şəraitində yaşaması ilə şərtlənir.
Xüsusi vurğulamaq lazımdır ki, 1993-cü ilin iyununda - mürəkkəb bir dövrdə xalqın təkidli istəyi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev miqrasiya proseslərinin diqqət mərkəzində saxlanılmasını vacib sayaraq, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Ulu öndərin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ictimai-siyasi, sosial-iqtisadi vəziyyətin gərginliyi üzündən respublikamızdan bir sıra inkişaf etmiş dövlətlərə emiqrasiya prosesi zəifləmiş, digər xalqları təmsil edən bir çox ailələr geri qayıtmışlar.
Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarının rəhbərləri ilə görüşündə söylədiyi fikirlər bu baxımdan xüsusi maraq doğurur: "Bilirsiniz, təxminən 1988, 1989-cu illərdən başlayaraq Sovetlər İttifaqından Qərb ölkələrinə, Amerikaya, İsrailə yəhudilərin axını güclü olmuşdur. Azərbaycandakı bu proses, eyni zamanda, Azərbaycanda gedən ictimai-siyasi proseslər Ermənistan-Azərbaycan müharibəsinə görə və daxildə vəziyyət çox gərgin olduğuna görə daha da çətin olmuşdur. Ancaq 1993-cü ildən biz Azərbaycanda daxili ictimai-siyasi sabitliyi təmin edə bildik və insanların miqrasiyası çox kəskin şəkildə dayandı. Hətta sizə deyə bilərəm ki, vaxtilə Azərbaycandan İsrailə köçmüş insanlar - yəhudilər indi artıq Azərbaycana dönürlər". Ulu öndərin siyasi prinsipiallığının nəticəsi kimi 1994-cü ildə dünyanın nüfuzlu neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasından sonra milli iqtisadiyyata xarici investisiya qoyuluşlarının həcmi artmış, müxtəlif sahələrdə infrastruktur və biznes layihələri həyata keçirilmiş, xüsusən də, əmək miqrantlarının ölkəyə axını prosesi sürətlənmişdir. Eyni zamanda, modernləşmə prosesində onların zəngin təcrübəsindən istifadə yeni dövrün obyektiv reallıqları ilə şərtlənmişdir. Respublikamızın bütün sahələrdə yeniləşdirilməsi, idarəetmədə müasir texnologiyaların tətbiqi zərurəti ilə bağlı yüksək ixtisaslı əcnəbi mütəxəssislərin əmək bazarındakı mövqeyinin möhkəmlənməsi bir sıra nazirliklərin tərkibində miqrasiya proseslərinin idarə olunması üzrə yeni strukturların formalaşdırılması ilə nəticələnmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi və Daxili İşlər nazirliklərinin, habelə Dövlət Sərhəd Xidmətinin tərkibində miqrasiya idarələrinin yaradılması, həmçinin Milli Təhlükəsizlik Nazirliyinin effektiv fəaliyyəti miqrasiya sahəsində dövlət siyasətinin lazımi səviyyədə həyata keçirilməsi baxımından əhəmiyyətli olmuşdur. Bu və digər qurumlar qanunsuz miqrantlara - hər hansı səbəbdən ölkəsini dəyişən zaman etibarsız və ya saxta sənədlərdən istifadə edən şəxslərə qarşı mübarizəni gücləndirmişdir. Respublikamız əmək bazarında real tələbatı nəzərə alaraq, hər il müəyyən sayda miqrant qəbul etmiş, qeyri-qanuni yollarla Azərbaycana işləməyə gələn əcnəbilərə qarşı ölkə qanunları çərçivəsində tədbirlər görülmüşdür.
Azərbaycan Respublikası keçid mərhələsini yaşadığından təkcə xarici deyil, həm də daxili miqrasiya prosesləri ilə üzləşmiş, bu problemin doğurduğu mənfi fəsadların aradan qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirmişdir. Daxili miqrasiya iki formada - "məcburi" və "sosial-iqtisadi miqrasiya" şəklində təzahür edərək dövlət qarşısında bir sıra aktual vəzifələr müəyyənləşdirmişdir. Məcburi miqrasıya ötən əsrin 80-ci illərinin sonlarından etibarən Ermənistanın deportasiya, soyqırımı və təcavüzkarlıq siyasəti ilə şərtlənmiş və Azərbaycan keçmiş SSRİ-də qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş ilk respublika olmuşdur. Ermənistanın etnik təmizləmə və təcavüzkarlıq siyasəti nəticəsində bir milyondan çox soydaşımız doğma ev-eşiyindən didərgin düşərək, respublikamızın müxtəlif bölgələrində sığınacaq tapmışdır. Ümummilli lider Heydər Əliyev müxtəlif səbəblərdən miqrasiya etmiş ölkə vətəndaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına, onların üzləşdiyi problemlərin həllinə çalışmışdır.
Bu sahədə dövlət siyasətini uğurla davam etdirərək, yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son beş ildə həm xarici, həm də daxili miqrasiyanın mənfi təzahürlərinin aradan qaldırılması istiqamətində səmərəli və məqsədyönlü tədbirlər görmüşdür. Dövlət başçısı, xüsusən də, regionlardan Bakıya və digər iri şəhərlərə yüksək axının - urbanizasiya prosesinin qarısının alınmasını ilk gündən iqtisadi siyasətdə mühüm prioritetlərdən biri kimi müəyyənləşdirmiş, sosial ədalət prinsipinin qorunması baxımından respublikanın hər bir bölgəsinin proporsional inkişafını vacib saymışdır. Problemin miqyasını və Azərbaycan üçün aktuallığını nəzərə alan cənab İlham Əliyev hələ hökumət üzvləri ilə 17 noyabr 2003-cü ildə keçirdiyi ilk iclasda regionların tarazlı və davamlı inkişafını iqtisadi siyasətdə vacib istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" isə ilk növbədə, regionların qeyri-proporsional inkişafının qarşısını almağa xidmət edən təkmil konsepsiya olmaqla, sosial-iqtisadi səbəblərlə bağlı daxili miqrasiyanın fəsadlarının aradan qaldırılmasına yönəlmişdir. Dövlət proqramının yekunları ilə bağlı bir müddət əvvəl keçirilmiş konfransın yekunları regionların tarazlı inkişafı, infrastrukturun yeniləşdirilməsi, yeni iş yerlərinin açılması, sosial problemlərin həlli nəticəsində respublikada sosial-iqtisadi səbəblərlə bağlı daxili miqrasiyanın səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını bir daha təsdiqləmişdir. Bir müddət kənd və qəsəbələrdən iş dalınca Bakıya üz tutan vətəndaşlar indi geri qayıdır, yaşadıqları yerlərdə işlə təmin olunurlar.
Dövlət başçısı cənab İlham Əliyev 2004-2008-ci illərdə respublikanın əksər rayonlarına səfərlər etmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə maraqlanmış, lazımi tapşırıq və tövsiyələrini vermişdir. Dövlət başçısı respublikanın regionlarında ölkənin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Bu səfərlərin nəticəsi kimi ölkə rəhbəri Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 17 sərəncam imzalamış, dövlət proqramında nəzərdə tutulmayan bəzi mühüm tədbirlər həyata keçirilmişdir.

Ötən müddətdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına yönələn investisiyaların həcmi 6,8 milyard manat təşkil etmiş, yalnız 2008-ci ildə bu məqsədlə 2 milyard manat vəsait xərclənmişdir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilmiş əməli tədbirlər nəticəsində qeyri-neft sektoruna qoyulan investisiyalar beş ildə 6,2 dəfə artmış, onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə yüksəlmişdir. Bölgələrin inkişafına xidmət edən bu və digər dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində əhalinin, xüsusən də, regionlarda yaşayan əhalinin məşğulluq səviyyəsi yüksəlmiş, 27 min 500 yeni müəssisə yaradılmış, 766 min 300 iş yeri açılmışdır. Bir sıra inkişaf etmiş dövlətlərdə qlobal maliyyə böhranı ilə bağlı işsizlərin sayının artmasına rəğmən, Azərbaycanda 2008-ci ildə 120 min yeni iş yerinin açılması ölkənin uğurlu iqtisadi siyasətinin nəticəsidir.

Qaçqın və məcburi köçkünlər də daxili miqrasiyanın başlıca subyektləri kimi Azərbaycan hökumətinin hərtərəfli diqqət və qayğısı ilə himayə edilmişlər. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində respublikada bütün məcburi köçkün düşərgələrinin ləğv olunacağını bəyan edən dövlət başçısı cənab İlham Əliyev qısa zamanda bu vədinə də tam əməl etmiş, məcburi köçkünlər müasir infrastrukturlu yeni evlərlə təmin olunmuşlar. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" isə məcburi miqrasiya subyektlərinin yeni qəsəbələrə köçürülməsini təmin etmişdir. Dövlət proqramı əsasında 2007-ci ilin dekabrında sonuncusu olmaqla, ümumilikdə 12 çadır şəhərciyi ləğv edilmişdir. Bu məqsədlə son beş ildə Dövlət Neft Fondundan 464 milyon manatdan çox vəsait xərclənmiş, 54 yeni qəsəbə salınmaqla 15 mindən çox ev tikilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında respublikanın bütün sahələrində əldə olunmuş yüksək nailiyyətlər - dövlət büdcəsinin və ümumi daxili məhsulun dinamik artımı, istehsal müəssisələrinin yaradılması yolu ilə yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı, infrastrukturun yeniləşdirilməsi, tikinti-quruculuq, abadlıq işlərinin geniş vüsət alması, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi əcnəbi vətəndaşların respublikamıza marağını gücləndirmiş, xarici miqrasiya proseslərini intensivləşdirmişdir.
Cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında vurğuladığı kimi, Azərbaycan əcnəbilər üçün cəlbedici dövlətə çevrilir, yaxşı iş yeri tapmaq üçün respublikamıza üz tutan əmək miqrantlarının sayı ildən-ilə artır: "Azərbaycanda əcnəbilər müxtəlif sahələrdə işləyirlər. Onlar yüksək maaş alan mütəxəssislərdir, enerji sektorunda, xidmət sektorunda çalışanlardır. Ancaq bununla bərabər, fəhlələr də kifayət qədər çoxdur və onların sayı getdikcə artır. Bir daha demək istəyirəm ki, bu, iqtisadi inkişafın çox vacib göstəricisidir. İkincisi, bu onu göstərir ki, Azərbaycan yaşamaq üçün çox gözəl ölkədir. Biz onsuz da bunu bilirik. İndi isə bütün dünya bunu bilir. Azərbaycanda təhlükəsizlik məsələləri çox yüksək səviyyədə həll olunur, ictimai-siyasi asayiş yüksək səviyyədə qorunur, sabitlik, inkişaf var, dözümlülük, tolerantlıq var. Bunlar olmasaydı, əminəm ki, iqtisadi cəhətdən nə qədər cəlbedici olsa da, xaricdən buraya adam gəlməzdi. Ancaq bununla bərabər, biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Mən bu barədə əvvəllər demişəm. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur".
Sürətli sosial-iqtisadi inkişafla yanaşı, energetika və nəqliyyat sahələrində beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması, habelə respublikanın əlverişli geosiyasi mövqeyi Azərbaycanda miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarmışdır. İqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində respublikamızda miqrasiya proseslərinin daha səmərəli üsul və vasitələrlə, vahid dövlət orqanı tərəfindən tənzimlənməsi, qeydiyyat üçün tələb olunan prosedurların sadələşdirilməsi obyektiv gerçəkliyin diktə etdiyi zərurətdir. Miqrasiya proseslərinin tənzimlənməsi üçün miqrantların dəqiq qeydiyyatının, statistikasının aparılması, onların ölkə qanunları çərçivəsində yaşayıb-işləmələrinin təmin edilməsi Azərbaycanın milli təhlükəsizliyi baxımından da vacib əhəmiyyət daşıyır. Cənab İlham Əliyev bu reallığı düzgün dəyərləndirərək, hələ 2006-cı ilin 25 iyul tarixində "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının (2006-2008-ci illər) təsdiq edilməsı haqqında" sərəncam imzalamışdır.
Dövlət proqramı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"na uyğun olaraq hazırlanmış, ölkədə mövcud miqrasiya proseslərinin təhlili əsasında bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməli olan zəruri tədbirləri özündə əks etdirmişdir. Proqramın əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında fərmanı isə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədinə xidmət etmişdir.
Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində yol verilən nöqsan və sui-istifadə hallarının, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təşkili Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindəndir. Bu vəzifələr sırasında həmçinin əmək ehtiyatlarından səmərəli istifadə olunması, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması önəmli yer tutur.
Dövlət Miqrasiya Xidməti ilk gündən fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və yüksək humanizm prinsipləri əsasında quraraq Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və digər aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərir, miqrasiya sahəsində bu orqanların fəaliyyətini əlaqələndirir. Xidmət öz vəzifələrini yerinə yetirərkən, hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Xarici vətəndaşların ölkədə olma müddətinin uzadılması, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq istəyən əcnəbilərə icazənin, sığınacaq axtaran əcnəbilərə qaçqın statusunun verilməsi məsələləri ilə məşğul olur, vətəndaşlıq məsələlərinin həllində iştirak edir. Dövlət Miqrasiya Xidmətinə müraciət edənlərin vəsatətlərinə ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul olunur.
Dövlət Miqrasiya Xidməti ölkə ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmələri üzərində miqrasiya sahəsinə nəzarəti həyata keçirir, mövcud qanunvericiliyin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisindən çıxarılması üçün müvafiq tədbirlər görür. Əcnəbi və vətəndaşlığı olmayan şəxsləri mövcud miqrasiya qanunvericiliyi ilə tanış etmək məqsədilə bir neçə dildə bukletlər hazırlanmış, Miqrasiya Məlumat Mərkəzi fəaliyyətə başlamış, xidmətin www.migration.gov.az rəsmi internet səhifəsi istifadəyə verilmişdır.
Regionlarda miqrasiya prosesinin lazımi qaydada tənzimlənməsi üçün Dövlət Miqrasiya Xidmətinin iki regional idarəsi - Şirvan və Yevlax regional idarələri fəaliyyətə başlamışdır.
Beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti Beynəlxalq Miqrasiya Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa İttifaqı, Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq qurumlarla, habelə Almaniya, Avstriya, İsveçrə, Rusiya və başqa dünya dövlətləri ilə sıx əməkdaşlıq edir. Azərbaycan miqrasiya sahəsində bir çox ikitərəfli və çoxtərəfli sazişlərə, həmçinin Avropa Şurasının konvensiya və hüquqi aktlarına qoşulmuşdur.
Miqrasiya proseslərinin tənzimlənməsi bu sahədə mövcud beynəlxalq təcrübənin öyrənilərək ölkə daxilində tətbiqini, milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsini, iki və çoxtərəfli əsasda beynəlxalq müqavilələrin bağlanmasını, digər ölkələrlə qarşılıqlı şəkildə miqrasiya siyasətinin uzlaşdırılmasını vacib məsələyə çevirir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər) çərçivəsində respublikamızın miqrasiya sahəsində beynəlxalq müqavilələrə qoşulmasının məqsədəuyğunluğu məsələsinin öyrənilməsi, bu sahədə xarici ölkələrlə müqavilələrin bağlanması prosesinin aktivləşdirilməsi, qeyri-qanuni miqrasiya ilə mübarizədə xarici ölkələrin müvafiq strukturları, xüsusilə, Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq, habelə beynəlxalq təcrübənin öyrənilməsi üçün müvafiq təlim kurslarının təşkili işi uğurla həyata keçirilir.
Son illər miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də institusional sahədə bir sıra əsaslı tədbirlər həyata keçirilmişdir. Miqrasiya sahəsində qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi bu sahədə boşluqların aradan qaldırılmasına kömək etməklə yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə immiqrant statusunun verilməsi ilə bağlı prosedurlara daha ciddi əməl olunmasına, miqrasiya sisteminin inkişafı ilə bağlı qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə xidmət edir.
24 iyun 2008-ci il tarixdə "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "İmmiqrasiya haqqında", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının qanunlarına müasir beynəlxalq qanunvericiliyin tələblərinə uyğun, insan hüquq və azadlıqlarına hörmət prinsipləri əsasında əlavə və dəyişikliklər edilmişdir. Hazırda qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində müvafiq işlər davam etdirilir. Dövlət başçısı cənab İlham Əliyevin "Miqrasiya idarəetmə sisteminin inkişafı və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-III QD nömrəli qanununun tətbiq edilməsi haqqında" 5 avqust 2008-ci il tarixli fərmanı ilə bu sahədə müəyyənləşdirilən kompleks tədbirlərin reallaşdırılması istiqamətində konkret tədbirlər görülür.
Prezident İlham Əliyev dövlət orqanları qarşısında miqrasiya proseslərinin idarə edilməsi sahəsində nəzarətin gücləndirilməsi vəzifəsini qoymuş, bu məqsədlə Dövlət Miqrasiya Xidmətinə miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqin təşkili, vaxtaşırı hesabatların və statistik məlumatların hazırlanması, həmçinin yeni texnologiyaların tətbiqi ilə vahid uçotun təmin edilməsi tapşırığı vermişdir. Bu sahəyə nəzarətin gücləndirilməsi, habelə vahid məlumat sisteminin yaradılması ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verəcək, eyni zamanda, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradacaqdır.
Qanunvericiliyin tələblərinə uyğun olmadan ölkəyə gələn, burada qalan və ya işləyən əcnəbilər - qeyri-qanuni miqrantlar da az deyildir. Ölkəmizin bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması nəticəsində respublikamızın ərazisindən tranzit qaydasında keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getməyə cəhd edən və ya qanuni əsaslar olmadan daimi yaşayan əcnəbilərin sayı getdikcə artır. Qeyri-qanuni miqrasiyanın qarşısının alınması isə respublikamızın milli təhlükəsizliyinin təmini baxımından vacib şərtlərdən biridir. Miqrasiya nəzarəti sistemi qeyri-qanuni miqrasiya ilə bağlı mövcud vəziyyətə adekvat olmalıdır. Miqrasiya prosesləri üzrə idarəetmə beynəlxalq öhdəliklərin yerinə yetirilməsini, insan hüquq və azadlıqlarının, dövlətin milli maraqlarının və təhlükəsizliyinin etibarlı qorunmasını tələb edir. Bu sahədə xarici ölkələrin müvafiq strukturları və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, həmsərhəd dövlətlərlə müqavilə prosesinin aktivləşdirilməsi, öhdəlikləri müəyyən edən və məsuliyyət nəzərdə tutan müvafiq sazişlərin bağlanması üzrə tədbirlər həyata keçirilir. Nəzarətin gücləndirilməsi üzrə normativ hüquqi aktların, o cümlədən ölkəmizin ərazisindən tranzit keçid qaydaları, daxili miqrasiyanın hüquqi tənzimlənməsi, qeyri-qanuni miqrantların ölkə ərazisindən çıxarılması, müxtəlif dövlət orqanlarının fəaliyyətlərinin səmərəli əlaqələndirilməsi və işin məqsədyönlü təşkili istiqamətində konkret addımlar atılır.
1 dekabr 2008-ci il tarixdən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Məlumat Mərkəzinin - "Qaynar xətt"in fəaliyyətə başlaması isə bu sahədə şəffaflığın, habelə vətəndaşların lazımi informasiyaları əldə etmək hüququnun təmini baxımından vacib əhəmiyyətə malikdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, habelə Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarın verilməsi, o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi və bu kimi məsələlərlə bağlı ətraflı informasiya almaq istəyən şəxslər Miqrasiya Məlumat Mərkəzinə müraciət edərək məlumat əldə edirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi tədbirlər miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, bu sahədə əngəllərin tamamilə aradan qaldırılmasına, sənədləşmənin sadələşdirilməsinə xidmət edir. Bu baxımdan dövlət başçısının "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 4 mart 2009-cu il tarixli fərmanı ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsi, bu sahədə operativliyin təmini və həllini gözləyən problemlərin aradan qaldırılması baxımından vacib əhəmiyyət daşıyır. Fərman ilk növbədə, respublikada miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir.
Fərmana əsasən, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiq edilməsi nəzərdə tutulur və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilir. Fərmanla miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə bir sıra vəzifələrin yerinə yetirilməsi tapşırığı da verilir.
Miqrasiya xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi məqsədi ilə sənədlərin qəbulunu; əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi məqsədilə sənədlərin qəbulu və öz rəyi ilə birgə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsini; əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsini; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmasını; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq vəsiqələrin verilməsini; Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılmasını; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılmasını və digər aktual məsələləri təmin etməlidir.
Fərmana əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 20 gün müddətində baxılmalıdır. Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan Respublikasına qayıda bilərlər.
Müstəqil Azərbaycan Respublikası dünya əhəmiyyətli nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşdiyi üçün ölkəmizin ərazisindən çoxsaylı tranzit miqrantların gediş-gəlişi qaçılmazdır. Əsas məsələ həmin miqrantların qanunsuz olaraq ölkə ərazisində məskunlaşmalarının və qanunsuz miqrantların ölkə ərazisindən tranzit keçidi kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən məqsədyönlü tədbirlər Dövlət Miqrasiya Xidmətinin bu sahədəki səmərəli və məqsədyönlü fəaliyyətini təmin edir, onun iş üsul və vasitələrini daha da təkmilləşdirir. Fəaliyyətinə göstərilən etimadı yüksək minnətdarlıq hissi ilə qarşılayan Dövlət Miqrasiya Xidməti üzərinə düşən vəzifələri düzgün və vaxtında icra edərək, qeyri-qanuni miqrasiyaya qarşı effektiv tədbirlər həyata keçirmək və respublikanın milli təhlükəsizliyinə töhfə vermək əzmindədir.
Arzu Rəhimov,
Dövlət Miqrasiya Xidmətinin rəisi

Regional miqrasiya idarələri