AZ EN RU
logo Aliyev
Əbədi və dönməz müstəqilliyimiz tarixi nailiyyətimizdir  

"Respublika" qəzeti (www.respublica-news.az)

 

Ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident cənab İlham Əliyevin qətiyyəti sayəsində 25 il ərzində Azərbaycan bölgədə və dünyada özünü etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanıtdıra bilibdir.

Tariximizin parlaq və şərəfli səhifəsini təşkil edən Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 ili tamam olur. Müstəqilliyimizi bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə, sevinclə qeyd edilir.

Azərbaycan xalqı hər zaman müstəqillik arzusu ilə yaşayıb, milli azadlıq uğrunda mübarizə aparıb. Çünki müstəqillik hədiyyə edilmir, onu qazanmaq gərəkdir. Xalqımız XX əsrdə iki dəfə öz müstəqil dövlətçiliyi üçün mübarizəyə qalxdı və əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətini elan etdi. Təəssüf ki, Demokratik Cümhuriyyət cəmi 23 ay yaşaya bildi. Nəhayət, bundan yetmiş il sonra xalqımız bir daha mübarizəyə qalxdı və itirdiyi müstəqilliyi 1991-ci ilin 18 oktyabrında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbulu ilə bərpa etdi. Lakin Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, iqtisadi böhran, səriştəsiz siyasətçilərin hakimiyyət davası müstəqilliyimizi sual altına qoyurdu. Yalnız xalqın təkidli tələbi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə hökm sürən xaos və anarxiya, iqtisadi, siyasi və mənəvi-psixoloji gərginlik aradan qaldırıldı. Dahi lider mürəkkəb geosiyasi məkanda Azərbaycan kimi müstəqil dövlət qurmağı bacardı. Uğurlu xarici siyasət nəticəsində 1994-cü il may ayının 12-də cəbhədə atəşkəsə nail olundu, ölkədə sabitlik bərpa edildi. 1994-cü ilin oktyabr, 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlərin qarşısı alındı, vətəndaş müharibəsi təhlükəsi sovuşdu. Ümummilli liderin yüksək dühası və siyasi uzaqgörənliyi sayəsində müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini başladı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 11 şirkəti ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. Bu neft sazişi  Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə tanınmasına, geosiyasi mövqeyinin möhkəmləndirilməsinə və dünya iqtisadi sisteminə qoşulmasına şərait yaratdı. Daha sonra, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil oldu. Respublikamızda neft və qeyri-neft sektorlarının, çoxşaxəli iqtisadiyyatın hərtərəfli inkişafı təmin olundu.

1995-ci il noyabrın 12-də müəllifi ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu ilə ölkəmizdə yeni dövlət quruculuğunun və onun fəaliyyətinin hüquqi əsası yaradıldı. Beləliklə də Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən məhsuldar dövrünün təməli qoyuldu. Tariximiz üçün mühüm hadisələrin bir-birinin ardınca baş verməsi yeni mərhələnin başlanğıcı kimi qəbul olunurdu.

Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli  rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev demişdir: “Biz xoşbəxtik ki, xalqımız azadlığa çıxıbdır. Biz xoşbəxtik ki, bizim özümüzün müstəqil dövlətimiz var. Biz xoşbəxtlik ki, Azərbaycan dünya birliyində, dünya dövlətləri içərisində, bütün beynəlxalq təşkilatlarda özünə yer tutub və Azərbaycan hər yerdə böyük gələcəyi olan nüfuzlu bir ölkə, Azərbaycan kimi tanınır. Müstəqil, azad Azərbaycanımıza gözəl gələcəklər arzu edirəm.”

Bu gün ümummilli lider Heydər Əliyev siyasəti onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev düşünülmüş və uzaqgörən fəaliyyəti ilə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi, onu sarsılmaz, dönməz etdi. Cənab Prezident bildirmişdir ki: “Azərbaycan tam müstəqil siyasət yeridir. Bunun əsasında iqtisadi müstəqillik və hakimiyyətlə xalqın birliyi durur’’. Elə bu fikirlər ölkənin daxili və xarici siyasətinin strateji məqamlarını yığcam şəkildə ifadə edir. Cənab İlham Əliyev 2003-cü ildə prezident seçkilərində xalqa hansı vədləri vermişdisə, onları artıqlaması ilə yerinə yetirdi. Transmilli layihələrin reallaşmasına, insanların rifah halının yüksəldilməsinə, çadır şəhərciklərinin tamamilə ləğv edilməsinə, şəhid ailələri, əlillər, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə nail olundu, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanıldı.

Məhz bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin 25-ci ildönümünü intibah və tərəqqi dövrü olaraq yaşayırıq.

Azərbaycan ötən 25 il ərzində böyük inkişaf yolu keçdi. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirildi. Bir sıra beynəlxalq təşkilatlara üzv seçilən Azərbaycanın 2001-ci ildə Avropa dövlətlərinin ailəsinə - Avropa Şurasına üzv qəbul edilməsi növbəti tarixi nailiyyətimiz oldu.

Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanıb. Dövlət başçısının təhsil, səhiyyə, ordu quruculuğu, milli-mədəni dəyərlərimizə göstərdiyi qayğı əsaslı yüksəlişlərə səbəb oldu.

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik islahatlar, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Qətiyyətli və məqsədyönlü fəaliyyəti ilə ölkə başçısı İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanıbdır.

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində ölkənin beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Bunun ən bariz nümunəsi isə müstəqilliyinin 20-ci ilində Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi idi. Bu, respublikamızın müstəqillik tarixində qazandığı ən böyük diplomatik nailiyyəti idi. Azərbaycanın siyasi tarixinə qızıl hərflərlə yazılan bu hadisə respublikamızı dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevirmişdi.

Müstəqilliyinin 25 illiyini qürur və iftixar hissi ilə qeyd etdiyimiz müstəqil  Azərbaycan bu gün iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindəndir. Ən əsası isə odur ki, sentyabrın 26-da keçirilmiş referendum da göstərdi ki, Prezident İlham Əliyev dövlət müstəqilliyinin qarantı kimi xalq tərəfindən yekdilliklə dəstəklənir.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. “Doing Business 2016” hesabatında Azərbaycan 189 dövlət arasında 17 pillə irəliləyərək 80-ci yerdən 63-cü yerə yüksəlib. Biznesə başlama, tikinti üçün icazələrin alınması və kiçik investorların maraqlarının qorunması üzrə son dövrlər aparılan islahatlar nəticəsində Azərbaycan beynəlxalq reytinqdə inkişaf etmiş ölkələri belə keçib. Hesabatda ölkəmiz biznesin qeydiyyatını sadələşdirməklə dünyanın ilk onluğuna daxil olub. Almaniya, İsveç, Estoniya, Slovakiya ilə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd olunub. Həmçinin vurğulanıb ki, Azərbaycan korporativ möhürlərin istifadəsi ilə bağlı tələbi ləğv etməklə biznesə başlamanı asanlaşdırıb. Nəticədə bu proses Norveçlə müqayisədə daha az - 5 gündən 3 günə endirilib. Azərbaycan 189 ölkə arasında “Biznesə başlama” göstəricisi üzrə 7-ci, “Əmlakın qeydiyyatı” göstəricisi üzrə 22-ci, “Vergilərin ödənişi” göstəricisi üzrə 34-cü, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 36-cı yerdədir. Bununla da, Azərbaycan “Doing Business 2016” hesabatında 3 və daha çox islahat aparan 24 ölkədən biri olub. Bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb. Keçən il Azərbaycan 40-cı yerdə idi, o da çox gözəl göstərici idi. Baxmayaraq ki, bu il dünyada böhran yaşanır və ölkəmizdən də yan keçməyib, amma Azərbaycan iqtisadiyyatı daha da yüksək qiymət alıb. Otuz yeddinci yerdə olmaq dünya miqyasında çox böyük və cənab Prezidentin dediyi kimi, tarixi göstəricidir. Azərbaycan bu göstəriciyə görə MDB məkanında birincidir və bu liderliyi saxlayır.

Son 20 il ərzində Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlrin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, ölkədə məcburi köçkünlərin sosial problemlərinin həllinə təxminən 6 milyard ABŞ dolları həcmində vəsait xərclənib. Müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub.

Bu gün Azərbaycan öz dövlət müstəqilliyinin ən parlaq səhifələrini yazır. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm də kosmik klubun üzvü olub. 2013-cü ilin fevral ayında ilk telekommunikasiya peyki olan “Azerspace-1”in  kosmik fəzaya buraxılması Azərbaycanın müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir.

Əksər beynəlxalq qurumların da qeyd etdiyi kimi, son illər respublikamız böyük bir inkişaf yolundadır. İndi Azərbaycan brendi olan “ASAN xidmət” modeli hamını heyrətləndirir. Ölkədə “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatıb. Bu amil də dünyanın diqqətini Azərbaycana cəlb edib.

Son illər müstəqil Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin, nüfuzlu idman və musiqi yarışlarının, konfranslar, zirvə toplantılarının keçirildiyi məkana çevrilib. 2012-ci ildə Azərbaycan “Eurovision-2012” möhtəşəm musiqi yarışmasını yüksək səviyyədə keçirməklə güclü və qüdrətli dövlətə, yüksək təşkilatçılığa, zəngin mədəniyyətə, tolerantlığa malik ölkə olduğunu bütün dünyaya sübut etdi. Bu tədbir Azərbaycan dövlətinin güclü potensialını, dünya səviyyəli tədbirləri təşkil etmək və keçirmək üçün geniş imkanlara malik olduğunu bir daha nümayiş etdirdi.  “Eurovision-2012” kimi möhtəşəm musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan başqa bir mötəbər tədbirə - “Bakı 2015” I Avropa Oyunlarına da ev sahibliyi etdi. Bakıda start götürən ilk Avropa Oyunlarında 50 ölkəni təmsil edən 6 mindən çox idmançının 20 idman növündə medallar uğrunda mübarizə apardığı yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazandı. Azərbaycanın belə bir əhəmiyyətli tədbirə ev sahibliyi etməsi xalqımızın zəngin mədəni irsinin təbliği, respublikamızın turizm imkanlarının təşviqi, həmçinin ölkəmizə marağın daha da artması baxımından böyük əhəmiyyət kəsb etdi.

2016-cı ildə də ölkəmizdə mötəbər idman yarışları - 500 milyon auditoriyası olan  “Formula-1” Avropa Qran-prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirildi. Bu yarışlar indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixdə qaldı. Pilotlar “Formula-1”  üzrə Dünya Çempionatının sayca 8-ci yarışı olan Avropa Qran-prisinin keçirildiyi Bakı şəhər halqasını yüksək qiymətləndirdi, dünya mediası yarışdan daha çox Azərbaycanın inkişafını heyranlıqla tərənnüm edirdilər. Təkcə Şahmat Olimpiadasında 176 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə apardı ki, bu da iştirakçı ölkələrin sayına görə rekord göstəricidir. Prezident İlham Əliyev Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan Azərbaycan yığma komandalarının üzvləri ilə görüşündə demişdir: “Bakıda artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsi bir ənənəyə çevrilibdir. Bildiyiniz kimi, Azərbaycanda Avropa, dünya çempionatları keçirilir və çox uğurla keçirilir. Azərbaycan artıq dünyada inkişaf etmiş ölkə kimi tanınır. Azərbaycana gələn qonaqların, demək olar ki, mütləq əksəriyyəti öz vətənlərinə ən xoş təəssüratlarla qayıdırlar.”

Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı - “Həmrəylik bizim gücümüzdür” - seçilib.

Hazırda nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini Azərbaycanda keçirmələri müstəqil dövlətimizin reytinqinin yüksək səviyyədə olmasının sübutudur. Bu il ölkəmiz “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumuna, BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında VII Qlobal Forumuna, Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MORŞ) 19-cu iclasına, Bakıda “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinə,  XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinə yüksək səviyyədə ev sahibliyi edibdir.

Reallıq göstərir ki, Prezident İlham Əliyev Azərbaycanın hərtərəfli və dinamik inkişafı, güclənməsi üçün bütün addımları atır. Dövlət başçısının həyata keçirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradır, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olur. Bütün bu amillər ölkəmizin dünya miqyasında artan nüfuzunun, müsbət imicinin göstəricisidir.

Azərbaycan inkişaf  etdikcə, əcnəbilər üçün  daha maraqlı və cəlbedici bir ölkəyə çevrilir. Möhtərəm Prezidentimizin söylədiyi kimi, miqrasiya inkişafın təzahürüdür. Bunun nəticəsidir ki, ölkəmizə miqrasiya edənlərin sayı  ildən-ilə artır. Beləliklə, sürətli sosial-iqtisadi tərəqqi, energetika və nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişləndirilməsi, eyni zamanda əlverişli geosiyasi mövqe Azərbaycan Respublikasında da miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarıb. 2007-ci ildən miqrasiya sahəsinə dövlət siyasətini Azərbaycan Respublikasının Dövlət Miqrsiya Xidməti həyata keçirir. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi” qəbul edilib 2013-cü il avqustun 1-dən qüvvəyə minib. Bu normalar məcmusu xarici ölkələr tərəfindən də maraqla qarşılanıb. Bu gün “bir pəncərə” prinsipi üzrə fəaliyyətini həyata keçirən Xidmətə edilən hər bir müraciət ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır və müvafiq qərarlar qəbul edilir. Prezident İlham Əliyev demişdir ki: “Miqrasiya Xidmətinin yaradılması çox düzgün və vaxtında atılmış addım idi. Biz bu qərara gələndə hələ o vaxt, deyə bilərəm ki, Azərbaycana gəlmək istəyən miqrantların sayı o qədər də çox deyildi. Ancaq biz bilirdik ki, Azərbaycanın uğurlu inkişafı və bütün proqramların icrası nəticəsində xaricdən işçi qüvvəsinin axını güclənəcəkdir. Bu gün biz bunu görürük, ona görə bütün addımları vaxtında atmışıq”.

Ölkədə nəinki miqrasiya, bütün sahələrdə həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasət Azərbaycanın bugünki inkişafının əsas təməlini təşkil edib və edəcəkdir. Görülən işlər isə tarixin yaddaşında əbədi həkk olunub. Tarix isə bizim keçmişimiz olmaqla həm də bugünümüz və gələcəyimizdir. Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimizin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilməsi və onun əbədiliyinin təmin edilməsi qürurverici hissdir. Ən önəmlisi ondan ibarətdir ki, ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin qətiyyəti sayəsində 25 il ərzində Azərbaycan bölgədə və dünyada özünü etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanıtdıra bilibdir. Ölkə Prezidentinin Dövlət Miqrasiya Xidməti haqqında dediyi fikirləri, şahidi olduğumuz tarixi hadisələr, qazanılan nailiyyətlər, uğurlar əslində, hər bir xidmət əməkdaşında fərəh doğurur. Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən məqsədyönlü siyasət əminliklə deməyə əsas verir ki, “Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir!”

Firudin NƏbiyev,

Dövlət Miqrasiya Xidmətinin rəisi,

II dərəcəli dövlət miqrasiya

xidməti müşaviri.

 

Regional miqrasiya idarələri