AZ EN RU
logo Aliyev
Ölkəmizdə miqrasiya problemlərinin idarə olunması və tənzimlənməsi sahəsində aparılan işlərin effektivliyi daha da artmışdır

Bu gün dövlətin və cəmiyyətin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından Azərbaycan tarixin mühüm dönəmini yaşayır. İqtisadiyyatın inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması uğurla davam etdirilir. Əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilir, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir, milli təhlükəsizlik və sabitlik təmin olunur.

Bütövlükdə Azərbaycan son dövrdə uğurla inkişaf edib, ölkəmiz bütün sahələrdə, həm iqtisadi, həm beynəlxalq siyasət sahəsində uğurlar əldə edib və möhtəşəm nailiyyətlərə imza atıb. Prezident cənab İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin işə salınması, TANAP qaz kəmərinin istifadəyə verilməsi, STAR Neft Emalı Zavodunun açılması və Azərbaycanın sayca üçüncü peyki “Azerspace-2”nin orbitə buraxılması ötən ili əlamətdar etmişdir.

Bildiyiniz kimi, cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlar təbəqəsi formalaşıb, qeyri-neft sektorunun, xüsusilə turizmin ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artıb. Hazırda həyata keçirilən tədbirlərin nəticəsidir ki, son illərdə ölkəmizə səfər edən şəxslərin sayının ildən ilə artması müşahidə olunur.

Digər dövlət orqanları kimi Dövlət Miqrasiya Xidmətinin də qarşısında mühum vəzifələr qoyulmuşdur. Belə ki, Xidmətin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın təmin edilməsi, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun normativ-hüquqi bazanın və inzibati icraatın təkmilləşdirilməsi hədəfləri müəyyən olunmuşdur. Artıq bununla bağlı bir sıra işlər başa çatdırılmışdır.

Qeyd olunanlarla yanaşı, bu gün Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsinə xüsusi önəm verilir. Ötən ilin may ayında Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış Anlaşma Memorandumu ilə “ASAN xidmət” mərkəzlərində Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlərin sayı artırılmış və əcnəbilərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmaları prosesi asanlaşdırılmışdır.

Ölkə başçısının tapşırıq və tövsiyələri rəhbər tutulmaqla, o cümlədən ASAN xidmət indeksinin tələblərinə uyğun olaraq vətəndaşlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsi və vətəndaşların rahatlığının təmin olunması məqsədilə cari ilin mart ayında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər regional miqrasiya idarəsinin vətəndaşların qəbulu şöbəsi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Hazırda Xidmətin bütün regional miqrasiya idarələrinin eyni tələblər çərçivəsində fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Həmçinin miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisinə rahat giriş-çıxış etmələrinin təmin olunması, onlara operativ və yerində xidmətlərin göstərilməsi, miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün əlçatan olmasının təmin edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılmasının və məmnunluğunun artırılması məqsədilə ötən il “Samur”, “Astara”, “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqələrində 24 saat xidmət göstərən miqrasiya bölmələri fəaliyyətə başlamışdır.

Düzgün kadr siyasəti uğurun əsas rəhnidir. Bu vacib amili nəzərə alaraq, ötən il ərzində Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla (kiçik və orta xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə, o cümlədən dövlət qulluğunun yardımçı vəzifələrinə) əlaqədar Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə və müsahibə keçirilməsi təşkil edilmişdir.

Yuxarıda göstərilən sahələr üzrə görülən işlərin bariz nümunəsidir ki, ötən dövr ərzində “ASAN xidmət indeksi” ilə 2017-2018-ci il üzrə qiymətləndirmənin nəticələrinə dair hesabata əsasən mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (68,98 %) göstərmişdir.

Dövlət Miqrasiya Xidməti beynəlxalq əməkdaşlıq və miqrasiya idarəetməsi üçün tərəfdaşları ilə konstruktiv dialoqun qurulmasında maraqlıdır.

Azərbaycanda insan hüquqlarının müdafiəsi prioritet məsələlərdən biridir. Sevindirici haldır ki, miqrantlara, qaçqınlara və məcburi köçkünlərə yaxşı münasibətdə Azərbaycan Respublikası dünyadakı bütün ölkələrə nümunə ola biləcək miqrasiya idarəçiliyi modeli yaratmışdır. Dövlətimiz beynəlxalq sənədlərdən irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Son dövrdə Xidmətin beynəlxalq əlaqələri, o cümlədən müqavilə hüquq bazası genişləndirilib, ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlərin inkişaf etdirilməsi üçün bir sıra əhəmiyyətli addımlar atılıb. Bu sahədə əldə edilən uğurlardan biri də miqrasiya sahəsində əməkdaşlığa dair hökumətlərarası müqavilə olan “Azərbaycan Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in ötən ilin noyabrında imzalanması olub. Hazırda isə xaricdə qanunsuz yaşayan vətəndaşlarımızın ölkəyə qayıtması prosesinin beynəlxalq hüquqi çərçivədə tənzimlənməsi ilə bağlı readmissiya sazişləri və bu sazişlərin həyata keçirilməsi üzrə protokollar, o cümlədən xarici dövlətlərin miqrasiya orqanları ilə əlaqələrin gücləndirilməsi məqsədilə miqrasiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli sazişlər daxil olmaqla, 30-a yaxın beynəlxalq müqavilə layihəsinin imzalanması istiqamətində Xidmət tərəfindən müvafiq işlər görülür.

Ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi kontekstində yeni layihələrə və təşəbbüslərə açıqdır. Bu gün Azərbaycan Respublikası miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi üçün mümkün beynəlxalq alətlərdən istifadə edir, miqrasiya sahəsində fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi kimi təşkilatlarla və xarici ölkələrin miqrasiya orqanları ilə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində beynəlxalq tərəfdaşlarla, o cümlədən xarici dövlətlərin ölkəmizdəki səfirləri ilə görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq və miqrasiya sahəsində maraq kəsb edən məsələlər barədə fikir mübadiləsi aparılır, müzakirələr keçirilir. Əməkdaşlıq çərçivəsində ötən ilin noyabr ayında İsveçrədə keçirilən Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 109-cu sessiyasında Dövlət Miqrasiya Xidməti rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Sessiya çərçivəsində keçirilən ümumi müzakirələrdə çıxış zamanı Xidmət rəhbərliyi tərəfindən dünya miqyasında məcburi köçürülən şəxslərin əksəriyyətinin öz ölkələri daxilində köçürülmüş şəxslər olduğu diqqətə çatdırılaraq, Ermənistanın işğalı nəticəsində 700 mindən çox həmvətənimizin məcburi köçkünə çevrildiyi qeyd edilmiş, Azərbaycanın münaqişənin həllində öz prinsipial mövqeyindən geri çəkilməyəcəyi, o cümlədən hazırkı status-kvonun regionda miqrant qaçaqçılığı və insan alveri risklərini artırdığı bildirilmiş, bunun da öz növbəsində qlobal miqrasiya proseslərində təhdid rolu oynadığı xüsusilə vurğulanmışdır. Səfər çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının yeni seçilmiş baş direktoru Antonio Vitorino, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşlər keçirilmişdir. Keçirilən yüksək səviyyəli görüşlər zamanı Azərbaycanla mövcud olan əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edilmiş, ikitərəfli əməkdaşlığın uğurla davam etdirildiyi bildirilmiş, ölkəmizdə səmərəli miqrasiya idarəçiliyinin gücləndirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş işlər və gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir.

Ötən il ərzində Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərin inteqrasiyası və sosial müdafiəsi məsələləri ilə bağlı fəaliyyət göstərən işçi qrupun, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə yaradılmış readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının reinteqrasiya üzrə işçi qrupunun növbəti-üçüncü iclası keçirilmişdir. Keçirilmiş hər iki işçi qrupun iclaslarında sözügedən kateqoriyadan olan şəxslərin üzləşdikləri çətinliklərin və problemlərin həlli, eləcə də cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məsələləri müzakirə olunmuş, operativ tədbirlərin həyata keçirilməsi üçün müvafiq qərarlar qəbul olunmuşdur. Xidmət tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa yeni yanaşmanın tətbiqi, insanların ünvanladığı müraciətlərin və digər təkliflərin həllinin sürətləndirilməsi məqsədilə 2015-ci ildə yaradılmış Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə mütəmadi görüşlər keçirilmiş, Şura üzvləri ilə müzakirələr və fikir mübadiləsi aparılmışdır.

Miqrasiya ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər əcnəbilərin və vətəndaşlığı olmayan şəxlərin hüquqi vəziyyətinin yaxşılaşmasına səbəb olmuşdur.

Bu gün əminliklə deyə bilərik ki, qanuni əsaslarla ölkəyə gələn və respublikada olmasını və yaşamasını leqallaşdıran əcnəbilərin, iş icazəsi əsasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, qanunsuz miqrasiya ilə bağlı lazımi tədbirlər Xidmət tərəfindən müvəffəqiyyətlə icra olunmaqdadır. Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq normativ-hüquqi aktlar qəbul edilir, bir sıra təşkilati tədbirlər həyata keçirilir. Xüsusilə 2018-ci il ərzində miqrasiya ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların hüquqi vəziyyətinin yaxşılaşdırılmasına, məmnunluqlarının artırılmasına, rahatlıqlarının təmin edilməsinə xidmət edir. Dəyişikliklərə görə, əcnəbilər Azərbaycan Respublikasında olması və yaşama qaydalarını pozduğuna görə onlar inzibati cəriməni ödəmədikdə, həmin şəxslərə Azərbaycan Respublikasına gəlmək qadağan edilir. Cəriməni ödədikdə isə bu şəxslərin əlavə müraciət etməsinə ehtiyac qalmır və onların Azərbaycan Respublikasına gəlməsi ilə bağlı qadağa avtomatlaşdırılmış qaydada götürülür. Eyni zamanda, turistlərin məmnunluğunun yüksək səviyyədə təmin olunması məqsədilə Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınma müddətləri 10 gündən 15 günədək artırılmışdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti yaxşılaşdırılaraq, son üç il ərzində iki və ya daha çox miqrasiya qanunvericiliyini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunma ilə bağlı ölkə ərazisinə gəlmə qadağası aradan qaldırılmışdır. Vətəndaşsızlıq hallarının qarşısının alınması istiqamətində ölkəmizin qoşulduğu beynəlxalq sənədlərin müddəaları nəzərə alınmaqla, keçmiş SSRİ vətəndaşının pasportu əsasında Azərbaycan Respublikasına gələrək, uzun müddət ölkədə sənədsiz yaşayan və heç bir dövlətin vətəndaşı olmayan şəxslərin bu faktları məhkəmə tərəfindən tanındıqda onlar sadələşdirilmiş qaydada Azərbaycan Respublikası vətəndaşlığını əldə edə bilirlər.

Dövlət Miqrasiya Xidməti özəl sektorla əlaqələrin inkişafına öz töhfəsini verir.

Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilmiş, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. İqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətliliyin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması əsas strateйi hədəflərdən biri kimi müəyyən edilmişdir.

Öz növbəsində Dövlət Miqrasiya Xidməti özəl sektorla əlaqələrin inkişafına öz töhfəsini verərək, ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla mütəmadi görüşlər keçirir, eləcə də iş adamlarına münbit şəraitin yaradılmasını daim diqqət mərkəzində saxlayır. Çoxsaylı görüşlərin nəticəsi olaraq, iş icazələrinin verilməsi prosesini təkmilləşdirmək, şəffaflığı artırmaq və sahibkarların müraciətlərinə operativ baxılmanı təmin etmək məqsədi ilə birbaşa Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə müraciət imkanı verən qaynar xətt yaradılmışdır. Yaradılmış qaynar xətt vasitəsilə daxil olmuş müraciətlər Xidmət tərəfindən operativ qaydada cavablandırılır. Bununla yanaşı, ötən il ərzində işəgötürənlərin rastlaşdıqları çətinliklərin təhlili, miqrasiya qanunvericiliyinin tələblərinin ölkədə biznes mühitinə təsirinin qiymətləndirilməsi və sahibkarlığın dəstəklənməsinə yönəlmiş təkliflərin hazırlanması məqsədilə Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurası yaradılmışdır. Tərkibinə Dövlət Miqrasiya Xidmətinin, qeyri-hökumət təşkilatlarının, habelə əcnəbi işçi qüvvəsini cəlb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nümayəndələri də daxil olan Şuranın mütəmadi olaraq iclasları keçirilmişdir. Bununla yanaşı, Caspian European Clubun, Amerika Ticarət Palatası (AMCHAM), AlmanAzərbaycan Xarici Ticarət Palatası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin üzvləri ilə də ayrı-ayrılıqda görüşlər keçirilmiş, görüşlər zamanı miqrasiya qanunvericiliyində həyata keçirilimiş dəyişikliklər, yeniliklərin tətbiqi, innovativ yanaşmalar, perspektivdə duran istiqamətlər barədə məlumat verilmiş və çoxsaylı suallar cavablandırılmışdır.

Biznes dairələrindən gələn təkliflər nəzərə alınmaqla, Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün ölkəmizə gələn şəxslərin rahatlığının təmin edilməsi üçün “ASAN viza” sistemi vasitəsilə verilən elektron viza növləri sırasına əmək məqsədli giriş vizaları daxil edilmişdir.

Müasir texnologiyaların və innovativ yeniliklərin tətbiqi genişləndirilir.

Qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə genişlənməsi, innovativ yeniliklərin yayılması, habelə onların müxtəlif sahələrdə tətbiqi yeni çağırışlar yaradır. Ölkəmizdə dövlət orqanlarında qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və rəqəmsal idarəçiliyin tətbiq edilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Bu çağırışlara uyğun olaraq, Dövlət Miqrasiya Xidmətində mövcud xidmətlərin tədricən yeni formada, müasir tərzdə göstərilməsi, təmassız, onlayn reйimdə tətbiqinin genişləndirilməsi məqsədilə bir sıra işlər görülüb.

Öz növbəsində Dövlət Miqrasiya Xidmətində elektron xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması məsələsi daim nəzarətdə saxlanılmış, o cümlədən əcnəbilərin elektron xidmətlərə çıxışının asanlaşdırılması, Xidmətə edilən müraciətlərə, həm də olduğu yer üzrə qeydiyyata sərf ediləcək vaxtın minimuma endirilməsi məqsədilə Xidmətin yeni mobil tətbiqi - MİGAZ geniş ictimaiyyətə təqdim olunmuşdur. Hazırda, mobil tətbiq üzərindən olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, əcnəbilərin ölkəyə gəlişinə və ya ölkədən çıxışına məhdudiyyətin və müraciət statusunun yoxlanması, olduğu yer üzrə son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə, onlayn növbə, “ASAN viza” və Xidmətin digər istiqamətləri üzrə xidmətlərə çıxış əldə etmək imkanı yaradılmışdır. Beləliklə də, tərəfimizdən əcnəbilərə göstərilən elektron xidmətlərin sayı artırılaraq 11-dən 14-ə çatdırılmışdır. Azərbaycan, ingilis və rus dillərində hazırlanmış mobil tətbiq üzərindən birbaşa əlaqə vasitəsi ilə zəng və sorğuların cavablandırılması da həyata keçirilir. Yüksək səviyyəli interaktivliyi ilə seçilən mobil tətbiq vasitəsilə istifadəçilərə istər qeydiyyat, istərsə də digər elektron xidmətlərlə bağlı mütəmadi yeniliklər, bildirişlər göndərilir. Mobil tətbiqdə istifadəçilər üçün Azərbaycanın tarixi, ölkəmizdə fəaliyyət göstərən turizm məkanları, istirahət mərkəzləri və digər görməli yerlər, milli musiqimiz, mətbəximiz barədə geniş məlumat bazası təqdim olunur. Gələcəkdə mobil tətbiqin imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.

Ötən dövr ərzində Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sisteminin (VMMS) proqram təminatı təkmilləşdirilərək, VMMS-in altsistemlərində istifadə olunan prosedur, funksiya və əməliyyatlar yenilənmiş, sistem üzrə məlumatların çevik və effektiv idarə edilməsi təmin olunmuş, o cümlədən sorğuların dövlət orqanlarına elektron qaydada verilməsi təşkil edilmişdir.

Vətəndaş müraciətlərinə qayğı və diqqətin artırılması, həmçinin bu sahədə işin səmərəli tənzimlənməsi məqsədilə vətəndaşların videoqəbulu və canlı yayım təşkil edilmişdir. Bu cür qəbullar miqrasiya orqanlarında son illərdə informasiya-kommunikasiya texnologiyalarından istifadənin getdikcə artmasının göstəricisi olmaqla yanaşı, ümumilikdə müraciətlərə daha operativ baxılmasını təmin edir. Statistikaya nəzər yetirsək, 2018-ci ildə Dövlət Miqrasiya Xidmətinə edilən müraciətlər əsasında Xidmət rəhbərliyi tərəfindən 700-ə yaxın şəxs qəbul edilmiş, dinlənilmiş və müvafiq qərarlar qəbul olunmuşdur. Qəbul zamanı hər bir müraciətin mahiyyəti diqqətlə öyrənilmiş, bəzi müraciətlər dərhal cavablandırılmış, digərləri isə baxılaraq, barələrində müvafiq qərarlar qəbul olunmuşdur.

Qeyd etmək lazımdır ki, dövlət siyasətinin prioritetlərinə uyğun olaraq artıq bir neçə ildir ki, Dövlət Miqrasiya Xidmətində kağız sənəd dövriyyəsi aradan qaldırılaraq, “Elektron sənəd dövriyyəsi sistemi” tətbiq edilir. Eyni zamanda, Xidmət tərəfindən bu sistemin İdarələrarası elektron sənəd dövriyyəsi sisteminə inteqrasiyası təmin edilmişdir.

Ölkəmizə gələn əcnəbilər ölkənin qanunları barədə ətraflı məlumatlandırılırlar.

Bu gün dünyadakı informasiya bolluğu hər kəsi daha çox yeniliklər etməyə və daha məlumatlı olmağa həvəsləndirir. Sevindirici haldır ki, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də miqrasiyanın mənfi təsirlərindən qorunmaq üçün gəldikləri ölkənin qanunları barədə məlumatlı olmağa səy göstərirlər.

Əsas vəzifələrindən biri miqrasiya məsələləri ilə bağlı əhalinin məlumatlandırılması olan Dövlət Miqrasiya Xidməti bununla bağlı mütəmadi olaraq iş aparır, paytaxtda və regionlarda maarifləndirmə tədbirləri və görüşlər təşkil edir. Təkcə ötən il ölkənin 10 ali təhsil ocağında, eləcə də Masallı və Quba “ASAN xidmət” mərkəzlərində, İsmayıllıda “Açıq qapı günü” - vətəndaş forumu, Gəncədə, Ağsuda, Göygöldə, Xaçmazda, Neftçalada, Beyləqanda, Ağdamda, Lənkəranda, Lerikdə, Yardımlıda, Astarada, Cəlilabadda, Biləsuvarda, Şirvanda, Şamaxıda, Lənkəranda, Şəkidə, Zaqatalada, Kürdəmirdə, İsmayıllıda, Qaxda və Yevlaxda ümumilikdə 47 maarifləndirmə-məlumatlandırma tədbiri, 20 səyyar xidmət, o cümlədən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində regional konfranslar təşkil edilmişdir.

Sosial şəbəkələrin imkanlarından istifadə etməklə Xidmətin fəaliyyəti barədə məlumatlandırma işini təşkil etmək, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin suallarını operativ, çevik cavablandırmaq və müraciətlərini qəbul etmək məqsədilə ötən ilin may ayından Dövlət Miqrasiya Xidmətinin facebook rəsmi səhifəsi istifadəyə verilmişdir.

Xidmətin fəaliyyəti barədə məlumatların geniş auditoriyaya çatdırılması məqsədilə ötən ilin oktyabr ayından “ASAN Radio”da yeni layihəyə - hər həftənin çərşənbə günü “Miqrasiya saatı” verlişinin yayımına start verilmişdir.

21 sentyabr - “Beynəlxalq Sülh Günü”, 20 noyabr “Ümumdünya uşaq hüquqları günü”, o cümlədən Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində Ramazan və Qurban bayramları ilə əlaqədar Azərbaycanda qaçqın statusu almış və qaçqın statusu almaq üçün müraciət etmiş ailələrdən olan uşaqların iştirakı ilə müvafiq tədbirlər, o cümlədən məlumatlandırma tədbirləri həyata keçirilmişdir.

Yeni il ərəfəsində ölkəmizə gələn əcnəbilərin sayında əhəmiyyətli artımın olması nəzərə alınaraq, əcnəbilər üçün dekabrın 15-dən yanvarın 15-dək bir aylıq təbliğat-təşviqat kampaniyası keçirilmişdir. Kampaniya çərçivəsində hava limanında, dəniz limanında, dəmir yolunda, dövlət sərhəd buraxılış məntəqələrində məlumatlandırıcı lövhələr asılmış, o cümlədən ölkəyə daxil olan əcnəbilərin daha çox olduğu məkanlarda, restoranlarda, istirahət mərkəzlərində və digər ictimai yerlərdə flayerlər paylanılmışdır.

Miqrasiya məsələləri ilə bağlı statistik göstəricilər əcnəbilərin məmnunluğunun artdığını göstərir.

Müasir dövrdə sosial-iqtisadi proseslərin idarə olunmasında, informasiya məkanının formalaşdırılmasında, ölkələrin inkişaf səviyyəsinin qiymətləndirilməsində rəsmi statistikanın əhəmiyyəti daha da artmışdır. Əlbəttə, Dövlət Miqrasiya Xidmətinə edilən müraciətlər də miqrasiya sahəsinə aid statistik məlumatları formalaşdırır və ümumilikdə miqrasiya artımını və ya azalmanı göstərir.

Miqrasiya sahəsinə aid statistik məlumatlara nəzər yetirsək görərik ki, 2018-ci il ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi ilə bağlı 815.616 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbinə uyğun olaraq, Xidmət tərəfindən baxılmış və vətəndaş məmnunluğu təmin edilməklə müsbət qaydada cavablandırılmış müraciətlərin sayı 95%-dən az olmamışdır.

2018-ci il ərzində əcnəbilərin əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması məsələləri ilə bağlı 6803 müraciət daxil olmuş, verilmiş və müddəti uzadılmış iş icazələrinin sayı isə 91 % təşkil etmişdir.

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitam ilə bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olmuş 965 müraciət müvafiq qaydada araşdırılmışdır. Araşdırılmış və müvafiq qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına təqdim edilmiş sənədlər əsasında ölkə Prezidentinin müvafiq Sərəncamları ilə 291 şəxs vətəndaşlığa qəbul olunmuş, 10 şəxsin vətəndaşlığı bərpa olunmuşdur.

Vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülür. Bununla bağlı regional miqrasiya idarələrinin xidməti ərazilərində görüşlər keçirilir. Keçirilmiş görüşlər nəticəsində təkcə 2016-2018- ci illər ərzində Azərbaycan Respublikasında sənədsiz yaşayan şəxslərin leqallaşdırılması məqsədilə ümumilikdə 389 nəfərin müraciəti araşdırılmış və həmin şəxslərdən 194 nəfər müvafiq sənədlərlə təmin olunmuşdur.

Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı fiziki şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş 30.896 sənəd (sorğu) araşdırılmış, onlardan 81 %-nin Azərbaycan Respublikasının vətəndaşlığa mənsubiyyəti tanınmış və müvafiq sənədlərlə təmin olunmuşdur.

“Qaçqın” statusu almaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş 376 əcnəbinin (ailə üzvləri ilə birlikdə 671 nəfərin) müraciəti qanunvericiliyə uyğun olaraq araşdırılmış və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul edilmişdir. Ötən ildə 3-cü ölkə vətəndaşlarından qaçqın statusu almış 47 şəxs (ailə üzvləri ilə birlikdə 78 nəfər) Dövlət Miqrasiya Xidmətində qeydiyyatda olmuşdur.

Respublikamızın milli təhlükəsizliyinin təmini baxımından vacib şərtlərdən olan qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparılması Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biridir. Xidmət tərəfindən ötən il ərzində miqrasiya qanunvericiliyinin tələblərini pozmuş” 16.340 nəfər əcnəbinin ölkə ərazisini tərk etmələri və ölkədən kənara çıxarılmaları təmin olunmuş, 2311 nəfər əcnəbinin isə ölkə ərazisində yaşamaları qanuniləşdirilmişdir.

On iki illiyini qeyd edən Dövlət Miqrasiya Xidmətinin kollektivi bu gün ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli inkişaf strategiyasının reallaşdırılmasına, əhalinin sosial rifahının yüksəldilməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına, təhlükəsizliyin, milli maraqların və sabitliyin təmin olunması istiqamətində tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinə öz töhfəsini vermək əzmindədir.

Vüsal Hüseynov

Dövlət Miqrasiya Xidmətinin rəisi,

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri

"Respublika" qəzeti

Regional miqrasiya idarələri