Slider 1
Dövlət Miqrasiya Xidməti və Baş Prokurorluğun birgə məlumatı


Qanunsuz miqrasiyaya qarşı Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən yanvarın 29-dan fevralın 1-dək keçirilmiş tədbirlər nəticəsində mütəşəkkil dəstədə birləşmiş bir qrup şəxs tərəfindən 2017-ci ilin oktyabrından başlayaraq Hindistan Respublikasının 89 vətəndaşının külli miqdarda pul vəsaitlərinin ələ keçirilərək Azərbaycan Respublikasında işlə təmin edilməsi adı ilə Bakıya turist kimi gətirilmələri, yerləşdirilmələri, viza müddətləri bitməsinə baxmayaraq, Azərbaycan ərazisində qanunsuz qalmaları müəyyən edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 178.3.1-ci, 178.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdarda əmlakını dələduzluqla ələ keçirmə), 318-1.2.1-ci və 318-1.2.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz miqrasiyanın təkrarən təşkili) maddələri ilə cinayət işi başlanmış, prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılmışdır.

Cinayət işi üzrə miqrantların saxlanıldıqları ünvanlarda, qanunsuz miqrasiyanı təşkil edən şəxslərin yaşayış ünvanlarında baxış, axtarış aparılmış, dindirmə və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmiş, iş üçün əhəmiyyəti olan zəruri sənədlər götürülmüşdür.

Aparılmış ilkin istintaq hərəkətləri ilə müəyyən edilmişdir ki, Hindistan Respublikasının vətəndaşı Mohammad Sakir və digərləri Hindistan vətəndaşlarını işlə təmin etmək vədi ilə Azərbaycan Respublikasına gəlmələrini, onların hava limanında qarşılanmalarını, əvvəlcədən müəyyən edilmiş yaşayış sahələrində yerləşdirilmələrini təşkil edərək, ölkədə yaşamalarının qanuniləşdirilməsi üçün onların hər birindən 400-800 ABŞ dolları məbləğində pul almışlar.

Aparılmış istintaq zamanı, həmçinin qeyd olunan cinayət xarakterli əməllərdə Azərbaycan Respublikasının bir sıra vətəndaşlarının da iştirakının qeydə alınması, əcnəbilərin ali təhsil müəssisələrinə qəbul olunmalarını təşkil edəcəyini vəd etmələri, onların bir çoxunun Ramana və Balaxanı qəsəbələrində yerləşdirilməsi, eləcə də onlara Azərbaycan Respublikasında neft sahəsində fəaliyyət göstərən şirkətin adından guya işlə təmin olunmalarına dair saxta sənədlərin də təqdim olunduğu müəyyənləşmişdir.

Cinayət işi üzrə Pakistan İslam Respublikasının vətəndaşı Sajid Fraz, Hindistan Respublikasının vətəndaşları Mohammad Sakir, Alimuddin Şaix, SK Allaraxanın mütəşəkkil dəstə tərkibində qanunsuz miqrasiyanın təşkili və özgənin külli miqdarda əmlakını dələduzluqla ələ keçirmə əməllərini törətmələrinə əsaslı şübhələr olduğundan onlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Təqsirləndirilən şəxslərin cinayət əməllərinə məruz qalmış Hindistan Respublikasının vətəndaşları zərərçəkmiş şəxs qismində tanınmaqla, onların, eləcə də təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulan, hüquqi yardım almaq, tərcüməçinin xidmətindən istifadə etmək və sair hüquqları tam təmin edilmiş, zəruri ərzaq, geyim və tibbi təminatlarla əhatə olunmuşlar.

Mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq, zəruri istintaq hərəkətlərinin icrası yekunlaşdıqdan sonra cinayət əməllərindən zərər çəkmiş şəxslərin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərindən vətəndaşı olduqları ölkəyə göndərilmələri qısa müddət ərzində təmin ediləcəkdir.

Hazırda cinayətin iştirakçısı olan digər şəxslərin dairəsinin tam müəyyənləşdirilməklə əməllərinə hüquqi qiymət verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir.

Miqrasiya qanunvericiliyini pozmuş şəxslər barəsində Xarici İşlər Nazirliyi vasitəsilə Hindistanın ölkəmizdəki səfirliyi məlumatlandırılmışdır.

Digər xəbərlər
Info

Masallıda maarifləndirici tədbirdə elekt..

Info

Dövlət Miqrasiya Xidməti İsmayıllıd..

Info

Göygöldə miqrasiya sahəsində h..

Info

11 nəfər Pakistan İslam Respublikası, 6 ..