Slider 1
Dövlət Miqrasiya Xidmətində 2017-ci ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib


Xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə Dövlət Miqrasiya Xidmətində 2017-ci ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.

Müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.

Bildirib ki, 2017-ci ildə ölkəmiz bir sıra uğurlara imza atıb. İlin ən əlamətdar hadisəsindən biri Davos İqtisadi Forumunun son dəfə dərc etdiyi yeni hesabatda iqtisadiyyatın qlobal rəqabət qabiliyyəti indeksində Azərbaycanın 2 pillə irəliləyərək, 35-ci yerdə qərarlaşması olub. Respublikamız bu göstərici üzrə MDB ölkələri arasında birincidir.

Bundan əlavə, daha bir əlamətdar hadisə - aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə yeni meqaneft müqaviləsinin imzalanmasıdır. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın  həm də vacib regional nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində ciddi işlər aparılır. Tarixi, strateji əhəmiyyətli layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı isə xüsusilə əlamətdar oldu.

Bununla belə, ötən müddət ərzində respublikamız bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində Azərbaycan nəticə etibarı ilə genişmiqyaslı, möhtəşəm fəaliyyət ortaya qoyub.

Dünyada islamafobiya meyillərinin kəskinləşdiyi vaxtda Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması, bu ilin mayında IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi  Azərbaycanın dünyada necə nadir bir missiya daşımasının əyani ifadəsidir. Əlbəttə, Xidmət bu istiqamətdə də öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səylərini əsirgəməyib.

Hesabat ilində BMT Baş Assambleyasının 72-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev bu beynəlxalq qurumun ali tribunasından dünya ictimaiyyətinə mühüm mesajlar verdi.  Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycanda aparılan uğurlu islahatları dünya ölkələrinə çatdırdı, Ermənistanın kriminal rəhbərliyinin cinayətkar əməllərini növbəti dəfə ifşa etdi.

Sonra Xidmət rəisi müasir dünyada miqrasiya proseslərinə Azərbaycan reallığı kontekstində ətraflı nəzər salıb. Məlumat verib ki, miqrasiya məsələlərinin bu gün beynəlxalq aləmdə aktual olduğu vaxtda, ölkəmizdə miqrasiya prosesləri üzərində dövlət nəzarətini həyata keçirən Xidmətin beynəlxalq əlaqələri 2017-ci ildə də genişləndirilib, bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlər inkişaf etdirilib.

Bu il İsveçrə ilə readmissiya Sazişi qüvvəyə minib, Monteneqro ilə readmissiya Sazişi imzalanıb və təsdiq edilib. İmzalanmış readmissiya sazişlərinə uyğun olaraq, artıq  Azərbaycana readmissiyası həyata keçirilmiş vətəndaşların cəmiyyətə sosial-iqtisadi reinteqrasiyası ilə bağlı Xidmət tərəfindən aidiyyatı dövlət orqanları ilə birgə iş aparılır.

Xidmət rəisi qeyd edib ki, Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair 2016-cı ildə imzalanan əməkdaşlıq Sazişi təsdiq edilərək, hazırda icrasına başlanılıb.

F.Nəbiyev deyib ki, əldə olunan uğurlardan biri də odur ki, dövlət xidmətlərinin “ASAN xidmət indeksi”ni təşkil edən meyarlar üzrə qiymətləndirilməsinin nəticələrinə əsasən Dövlət Miqrasiya Xidməti ilk sıralarda yer alıb.

Bununla yanaşı, turizmin inkişafı ölkəmizdə prioritet sahə kimi müəyyənləşdirilib və artıq  Azərbaycanda “ASAN viza” sistemi vasitəsilə viza almaq istəyən şəxsə 3 saat ərzində elektron viza verilir. Xidmət rəisi bildirib ki, əlbəttə, miqrasiya orqanları əməkdaşları da çalışırlar ki, ölkəmizə təşrif buyuran əcnəbilərin miqrasiya ilə bağlı məsələləri operativ şəkildə həll edilsin.

Belə ki, hesabat dövründə 2 570 014 halda 1 432 700 nəfər əcnəbinin Azərbaycan Respublikasının ərazisinə girişi, 2 579 004 halda isə 1 439 023 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb. Ölkəyə girişi qeydə alınmış əcnəbilərdən  720 024  nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa,  xitam və  vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı  88 743 müraciət daxil olub.  Haqqı ödənilən  əmək  fəaliyyəti  ilə məşğul olmaq  üçün   7980 əcnəbiyə iş  icazəsi, 537  şəxsə  müvəqqəti olma müddətinin uzadılması qərarı, 39 940 şəxsə müvəqqəti yaşama icazəsi, 2983 şəxsə isə daimi yaşama icazəsi  verilib. Miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 18 540 əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində müvafiq qərarlar qəbul edilib. Xidmətin Çağrı mərkəzinə 102 629 zəng daxil olub. Xidmət rəisi qeyd edib ki, görülən tədbirlər ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətdə saxlanılmalıdır.

F.Nəbiyev xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Dövlət Miqrasiya Xidməti tərəfindən hesabat ilində bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilib, miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülüb. Bu il martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10 illiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, ölkə rəhbərliyinin qayğısının nümunəsi kimi hesabat ilində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Xidmətin əməkdaşlarını ali xüsusi rütbələrə layiq görüb, həmçinin orden və medallar ilə təltif edib, fəxri adlar verib. Dövlət başçısının ali diqqət və qayğısına cavab olaraq miqrasiya orqanın hər bir əməkdaşı göstərilən etimadı doğrultmağa çalışıb.

Xidmət rəisi F.Nəbiyev əminlik ifadə edib ki, ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, dövlətimizin təhlükəsizliyi və daxili əmək bazarının qorunması kimi vəzifə və tapşırıqları Dövlət Miqrasiya Xidməti 2018-ci ildə də  yüksək peşəkarlıqla icra etmək əzmindədir. 

Müşavirədə müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
Info

11 nəfər Pakistan İslam Respublikası, 6 ..

Info

Dövlət Miqrasiya Xidmətində Hindist..

Info

Dövlət Miqrasiya Xidmətinin rəisi A..

Info

Dövlət Miqrasiya Xidməti və Dö..