Slider 1
Zaqatalada “Vətəndaşlıq məsələlərinin həlli və bu istiqamətdə görülmüş işlər” mövzusunda seminar keçirilib


Əhalinin  miqrasiya   qanunvericiliyi  sahəsində  maarifləndirilməsi  məqsədi  ilə  Şəki regional  miqrasiya  idarəsinin  xidməti  ərazisinə  aid  olan Zaqatalada  “Vətəndaşlıq məsələlərinin həlli və bu istiqamətdə görülmüş işlər” mövzusunda seminar keçirilib. Rayonun inzibati ərazi dairə nümayəndələrinin, xidməti ərazidə yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin və ictimaiyyət nümayəndələrinin iştirakı  ilə keçirilmiş tədbirdə bildirilib ki, vətəndaşlıq hüququ mühüm insan hüquqlarından biri olmaqla şəxsin hüquqi statusunu müəyyən edir. Azərbaycan Respublikası vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı bir sıra beynəlxalq sənədlərə qoşulub və ölkəmizdə vətəndaşlığı olmayan şəxslərlə bağlı yaranan münasibətləri tənzimləyən çoxsaylı normativ sənədlər qəbul edilib. 30 sentyabr 1998-ci il tarixdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qəbul edilməsi isə vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində atılan əhəmiyyətli  addım olub.

Seminarda Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli  84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın müddəaları geniş şəkildə şərh olunub.

Məlumat verilib ki, ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırılması və qarşısının alınması, o cümlədən vətəndaşsızlıq vəziyyətində olan şəxslərin sənədləşdirilməsi istiqamətində DMX tərəfindən geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Sənədsiz yaşayan şəxslərin sənədləşdirilməsi istiqamətində müvafiq işlər sürətləndirilib.

Vətəndaşlıq hüququnda əsas məsələlərdən biri də ikili vətəndaşlığa malik şəxslərlə bağlıdır. Seminarda bu barədə də söhbət açılıb. Qeyd edilib ki, ötən dövr ərzində bu sahədə mövcud olan qanunvericilik aktlarına dəyişikliklər edilib. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna 2014-cü il 30 may tarixli dəyişikliklər əsasında yeni redaksiyada verilmiş Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, ölkəmizin beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bir ay müddətində bu barədə respublika ərazisində olduqda DMX-yə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycanın diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsilə XİN-ə yazılı məlumat verməlidir. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün ərizə-anket” forması Xidmətin internet səhifəsində (www.migration.gov.az) yerləşdirilib. Vurğulanıb ki, bu barədə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Həmin gün Zaqatalada səyyar xidmət də həyata  keçirilib. Səyyar xidmətin imkanlarından 26 şəxs  istifadə edib. Belə ki, 9 şəxsə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 11 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 6 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Digər xəbərlər
Info

Dövlət Miqrasiya Xidmətinin rəisi A..

Info

Dövlət Miqrasiya Xidməti və Dö..

Info

Dövlət Miqrasiya Xidməti Quba &ldqu..

Info

Azərbaycan Respublikası Dövlət..