Slider 1
Miqrasiya ilə bağlı regionlarda keçirilən maarifləndirmə tədbirləri ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır


Miqrasiya qanunvericiliyinin təbliği məqsədilə Gəncə Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində və Azərbaycan Texnologiya Universitetində təhsil alan əcnəbi və yerli tələbələrlə Gəncə Dövlət Universitetində görüş keçirilib. Tədbirdə Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər - olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyət barədə ətraflı məlumat verilib.

Görüşdə Xidmətin məsul əməkdaşı bildirib ki, DMX-nin “Elektron hökumət” portalına inteqrasiya olunmuş 11 elektron xidməti vasitəsi ilə göstərilən xidmətlər müraciət edənlərin rahatlığını, habelə operativliyi və şəffaflığı təmin edir. Çünki, miqrasiya sahəsində tətbiq edilən yeniliklərin məqsədi xidmət göstərilən kontingentin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnunluq səviyyələrini artırmaqdır.

Qeyd edilib ki, bu gün Dövlət Miqrasiya Xidmətinin 8 regional miqrasiya idarəsi tam gücü ilə fəaliyyət göstərir. Vurğulanıb ki, ölkəyə gələn hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının ərazisində olmasını və yaxud yaşamasını mütləq leqallaşdırmalıdır.

Daha bir maarifləndirmə tədbiri Biləsuvar şəhər 4 saylı orta məktəbdə müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Vətəndaşlıq məsələlərinin həlli Dövlət Miqrasiya xidmətinin priotitet vəzifəsidir” mövzusunda keçirilib.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ölkənin miqrasiya qanunvericiliyinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər respublikamızda olarkən, qanunda və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Əcnəbilərin respublikamıza qanuni əsaslarla rahat gəlmələrini, qalmalarını, yaşamalarını, işləmələrini, təhsil almalarını təmin edən mütərəqqi qanunvericilik bazası yaradılıb.

Bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı Azərbaycan Prezidentinin 6 mart 2008-ci il tarixli Fərmanına əsasən təmin edilib. Həmin dövrdən etibarən Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş vəsatət, sorğu və müraciətlərin araşdırılması işini həyata keçirməkdədir. Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin bu istiqamətləri üzrə işlər Azərbaycan Respublikasının Konstitusiyasının, müvafiq qanunvericilik aktlarının, habelə tərəfdar çıxdığı beynəlxalq sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir.

Məlumat verilib ki, vətəndaşsızlıq hallarının aradan qaldırılması və qarşısının alınması istiqamətində atılan əsas addımlardan biri də Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli  84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın qəbulu olmuşdur. Həmin Qaydanın 4.3-cü bəndində nəzərdə tutulduğu kimi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olmuş və ölkənin ərazisini tərk etməyən şəxslərin respublikamızda yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olduqda, həmin şəxslərin Azərbaycan vətəndaşlığına mənsubiyyətləri tanınır. Bu da vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu halları yaradan səbəblərə qarşı mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü və humanitar siyasətin nəticəsidir.

Sözügedən qaydada, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxslərin və hərbi xidmətdə olan hərbi qulluqçuların şəxsiyyət vəsiqəsi ilə təmin olunması sahəsində üzləşdiyi problemlər də öz həllini tapıb.

Vətəndaşlıq mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı şəxslərin müraciətləri Dövlət Miqrasiya Xidmətində, Xidmətin regional miqrasiya idarələrində və ya ASAN Xidmət mərkəzlərində qəbul edilir və sənədlərin dövriyyəsi elektron qaydada həyata keçirilir.

Tədbirdə həmçinin, miqrasiya qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər, əcnəbilərin Azərbaycan Respublikasina gəlməsi, getməsi və ölkədə müvəqqəti olması, eləcə də olduğu yer üzrə qeydiyyat prosedurlarından  bəhs edilib.

Hər iki tədbir maraqla qarşılanıb, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
Info

Dövlət Miqrasiya Xidmətinin rəisi A..

Info

Dövlət Miqrasiya Xidməti və Dö..

Info

Dövlət Miqrasiya Xidməti Quba &ldqu..

Info

Azərbaycan Respublikası Dövlət..