Slider 1
“ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin nəticələri açıqlanıb


Sentyabr 21-də Bakıda “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin nəticələrinə və tətbiq olunan yeniliklərə dair təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev tədbirdə çıxış edərək bildirib ki, dövlət xidmətlərinin “ASAN xidmət indeksi”ni təşkil edən meyarlar üzrə qiymətləndirilməsi yekunlaşıb. Bu qiymətləndirmə dövlət orqanlarının xidmətlərində hansı nöqsanların və çatışmazlıqların olduğunu göstərir. Gələcəkdə həmin xidmətlərin təkmilləşdirilməsində “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin nəticəsi əsas götürüləcək.

Qeyd olunub ki, pilot layihə çərçivəsində Daxili İşlər, Vergilər, Ədliyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Miqrasiya Xidməti, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Bakı rayonlarının icra hakimiyyəti orqanlarının ümumilikdə 412 xidməti üzrə nəticələr əldə olunub. Bu nəticələr barədə arayışlar Dövlət Xidmətlərinin Elektron Reyestri vasitəsilə dövlət orqanlarına təqdim ediləcək. Gələcəkdə dövlət orqanlarının bütün xidmətləri qiymətləndiriləcək.

Sonra Dövlət Agentliyinin hüquqi təminat şöbəsinin müdiri İlhamə Qədimova “ASAN xidmət indeksi”nin nəticələrinə dair təqdimatla çıxış edib. Bildirilib ki, qiymətləndirmənin nəticələrinə əsasən, Vergilər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Əmlak Məsələləri Dövlət Komitəsi, Binəqədi Rayon İcra Hakimiyyəti ilk sıralarda yer alır. 2017-2018-ci ildə qiymətləndirmə planı üzrə bir sıra yeniliklər tətbiq ediləcək. Belə ki, ölkə vətəndaşlarına dövlət orqanlarında göstərilən xidmətləri qiymətləndirməyə imkan verən dövlət xidmətinin monitorinqi informasiya-analitik sistemi - rəsmi sayt yaradılacaq.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışında diqqətə çatdırıb ki, ADA Universiteti dövlət xidmətlərinin qiymətləndirilməsi üzrə Agentlik ilə sıx əməkdaşlıq edir. Bu istiqamət üzrə mövcud əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli Fərmanına əsasən, dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi məqsədilə Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılıb və vətəndaşların istifadəsinə verilib.

Digər xəbərlər
Info

Dövlət Miqrasiya Xidmətinin rəisi A..

Info

Dövlət Miqrasiya Xidməti və Dö..

Info

Dövlət Miqrasiya Xidməti Quba &ldqu..

Info

Azərbaycan Respublikası Dövlət..