AZ EN RU
logo Aliyev
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) tərəfindən həyata keçirilən layihə

“Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBILAZE)“ layihəsi

2013-cü il dekabrın 5-də Brüssel şəhərində “Azərbaycan Respublikası, Avropa İttifaqı (Aİ) və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə” imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 6 mart 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. 2015-ci ildə Aİ Azərbaycan Respublikasının razılığı ilə Birgə Bəyannamədən irəli gələn “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBİLAZE) layihəsinin icrasını Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzə (MSİBM) həvalə etmişdir.

Layihənin əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün hökumətin potensialının artırılmasına xüsusi diqqət yetirməklə, Avropa İttifaqı ilə Azərbaycan arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsini dəstəkləməkdən ibarətdir.

MOBİLAZE layihəsinin həyata keçirilməsi üçün 31 dekabr 2015-ci il tarixdə Aİ və MSİBM arasında saziş imzalanmışdır. 36 aylıq müddəti əhatə edən layihənin icrasına 15 yanvar 2016-cı il tarixdən başlanılmışdır. Layihəyə Aİ-nin 7 ölkəsindən (Bolqarıstan Respublikası, Çex Respublikası, Latviya Respublikası, Litva Respublikası, Niderland Krallığı, Polşa Respublikası, Slovakiya Respublikası) 9  qurum cəlb olunmuşdur. 2016-cı ilin mart ayından layihənin Bakı ofisi fəaliyyətə başlamışdır. 5 komponentdən ibarət olan layihənin ümumi büdcəsi 2.5 milyon avro təşkil edir.

            Layihənin komponentləri:

            Komponent 1 – Məlumatlı miqrasiya siyasətinin hazırlanması üçün analitik səriştənin qurulması;

            Komponent 2 – Azərbaycana və Azərbaycandan digər ölkələrə qanuni miqrasiya;

            Komponent 3 - Sənədlərin təhlükəsizliyi;

            Komponent 4 – Sığınacaqla bağlı qərarların qəbul edilməsi prosedurunun təkmilləşdirilməsi;

            Komponent 5 - Geri qayıdış və reinteqrasiya.

 

Müvafiq dövr ərzində layihə çərçivəsində müxtəlif mövzularda təlimlər, seminarlar, təcrübə səfərləri və görüşlər olmaqla, ümumilikdə 61 beynəlxalq tədbir təşkil olunmuşdur.

MOBİLAZE layihəsi çərçivəsində, həmçinin “Aralıq hesabatlar”, “Azərbaycan Respublikasında qanuni və əmək miqrasiyası mexanizmlərinin təhlilinə dair qiymətləndirmə hesabatı”, “Azərbaycanın əmək bazarında əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunmasına dair hesabat”, “Azərbaycanda readmissiya və reinteqrasiya məsələlərinin təhlilinə dair hesabat”, “Azərbaycanda qaçqınların inteqrasiya siyasəti üzrə Yol xəritəsinə dair tövsiyələr” adlı önəmli sənədlər hazırlanmışdır. Bununla yanaşı, “Yerdəyişmə üzrə Tərəfdaşlıq” adlı 4 informasiya bülleteni, “Aİ-də təhsil almaq üçün Azərbaycanı tərk etməzdən öncə nələri bilməyinizə ehtiyac var” adlı məlumat kitabçası, “Xaricdə yaşadıqdan və Azərbaycana qayıtdıqdan sonra nəyi bilməlisiniz” adlı məlumat broşürü nəşr olunaraq tərəfdaşlar arasında paylanmışdır.

Layihə çərçivəsində “Azərbaycanda miqrasiyanın vəziyyətinə dair tədqiqat hesabatı”nın, “Sənədlərin təhlükəsizliyi və həqiqiliyinin yoxlanılmasına dair təlim kurrikulumu və distant elektron vəsait”nin və “Sərhəd nəzarəti üçün cib lüğəti”nin Azərbaycan Hökumətinin benefisiar qurumları ilə əməkdaşlıq çərçivəsində tamamlanması nəzərdə tutulmuşdur.

Layihə çərçivəsində həyata keçirilmiş önəmli tədbirlər sırasında Bakı şəhərində keçirilən Yerdəyişmə üzrə Tərəfdaşlıq konfranslarını, Azərbaycanda və Gürcüstanda təşkil olunan “Miqrasiya araşdırması üzrə beynəlxalq yay məktəb”lərini, MSİBM-in baş direktoru cənab Maykl Şpindeleggerin dəvəti əsasında Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyətinin 2016-cı ilin noyabr ayında keçirilən Vyana Miqrasiya Konfrasında iştirakını, eləcə də 2017-ci ildə Avstriya və Almaniya Federativ Respublikasına rəsmi səfərlərini, sənədlərin təhlükəsizliyinə dair təlimçilərin təlimlərini qeyd etmək etmək olar.   

Həmçinin, müvafiq sazişlər çərçivəsində readmissiya olunmuş Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətə səmərəli reinteqrasiyalarının dəstəklənməsi və problemlərinin həlli məqsədilə aparılan işlərin effektivliyinin daha da artırılması üçün Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi altında müvafiq dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupunun yaradılmasında layihənin Bakı ofisinin də dəstəyi olmuşdur.

Regional miqrasiya idarələri